Kreml İrəvana ağır şərt qoydu - “Cücələr payızda sayılacaq...”

Kreml İrəvana ağır şərt qoydu - “Cücələr payızda sayılacaq...” backend

Moskva Ermənistana pressinqi artırır; Paşinyanın Ruhaniyə qəfil zəngini zəruri edən səbəblər; işğalçı ölkə böhran zolağında; amerikalı dünyaca məşhur iqtisadçı İrəvana gəlməkdən imtina etdi - motiv...

Ermənistanın baş nazir Nikol Paşiynanın 1 il 2 ay öncə öz xalqına vəd etdiyi sistemli islahatlar, xoş güzəran, kütləvi iş yerləri elə quruca vəd olaraq da qalır. Rusiyanın boyunduruğu və yarım-blokada şəraitində olan vassal ölkədə bunun mümkünsüzlüyünü artıq Avropada da, ABŞ-da da anlayıblar. Bircə Paşinyan öz xalqını hələ də quru vədlərlə “yedizdirməyə” çalışır. Ermənilərə isə indi vəd yox, çörək lazımdır.

Yeri gəlmişkən, dünyaca tanınmış erməni əsilli iqtisadçı-alim Taron Acemoğlu Ermənistan hökuməti ilə əməkdaşlıqdan və İrəvana gəlməkdən qəti şəkildə imtina edib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə politik.am portalı yazıb.

*****

Yada salaq ki, hələ təxminən bir il öncə N.Paşinyan amerikalı iqtisadçı ilə əlaqə saxlayaraq Ermənistana dəvət etmişdi. O vaxt Paşinyan telefon danışığının nəticəsi ilə bağlı özünün facebook səhifəsində belə yazmışdı: “O, mənə dedi ki, Ermənistanın bərpası və iqtisadiyyatının inkişafına kömək etməyə hazırdır. Cənab Acemoğlu Ermənistana baş çəkməklə bağlı mənim dəvətimi qəbul etdi. Səfərin vaxtı yaxın zamanlarda dəqiqləşdiriləcək”.

Baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Viraq Sisseryan isə keçən ilin iyulunda bildirmişdi ki, Taron Acemoğlu bir neçə günlüyə - 10-20 avqust (2018) arası Ermənistanda olacaq: “Biz səfərin variantları kimi avqust ayını müzakirə edirik. Bu, ehtimal ki, 10-20 avqust arası baş tutacaq. Səfər 4-5günlük olacaq. Biz cənab Acemoğludan qəti cavab gözləyirik”.

Göründüyü kimi, üstündən 1 il keçsə də Acemoğludan xəbər yoxdur. Deyəsən o, Ermənistan hökuməti ilə əlaqələrini yerli-dibli kəsib. Çünki bir ildə Ermənistanda nələrin baş verdiyini yəqin ki, amerikalı iqtisadçı alimin özü də fərq edib. Söhbət rəsmi İrəvanın Moskvaya yaxınlaşma kursu seçməsindən, dərin islahatlar üçün zəruri olan digər şərtlərin təmin olunmamasından, o sırada blokada rejiminin götürülməsi yönündə heç bir addımın atılmamasından gedir.

Başqa sözlə, artıq Acemoğlu da yəqinlik hasil edib ki, mövcud şərtlərlə, Paşinyanın boş ritorikası əsasında işğalçı ölkədə heç bir iqtisadi islahat, ölkəyə böyük xarici sərmayələrin cəlb olunması mümkün deyil.

“Görünür Acemoğlu Paşinyan hökumətinin iş stilini və atdığı addımları diqqətlə analiz edəndən sonra başa düşüb ki, onun gəlişi heç bir müsbət nəticə verməyəcək. Öz yaxın ətrafına isə o deyib ki, həqiqətən Ermənistana kömək eləmək niyyəti olub, ancaq adının uğursuzlarla hallanmasını istəmir. O, dünyaca tanınmış iqtisadçıdır və Ermənistan hökuməti ilə əməkdaşlıq onun nüfuzuna xələl gətirə bilər”. Bunu da yuxarıda adı çəkilən erməni saytı yazıb.

Məlumat üçün bildirək ki, Taron Acemoğlu dünyanın 10 ən tanınmış iqtisadçı-alimindən biridir. O, İstanbulda, Türkiyə ermənisinin ailəsində doğulub. Uşaqlığı Türkiyədə keçib. Ali iqtisadi təhsilini Böyük Britaniyada alıb. Özü də ona aqressiv erməni millətçiliyi və türkofobiya yaddır. Hər halda o, Türkiyə dövlətinə hörmətlə yanaşır.

*****

Əfsus ki, özünü demokrat adlandıran Nilkol Paşinyanın dönəmində də Ermənistanda Türkiyə və Azərbaycana nifrət, türkofobiya azalmayıb. Halbuki dəfələrlə qeyd elədiyimiz kimi, Ermənistanın nicatı və inkişafı ilk növbədə bu iki qonşu ilə anlaşıb blokadanı götürməkdən və dinc-yanaşı yaşamaqdan keçir. Əks halda, erməni xalqının müsibətləri bitməyəcək, ölkədən kütləvi köç dayanmayacaq.

Bu da növbəti fakt: bu günlərdə Ermənistanın enerji sistemində indiyədək görünməmiş qəza baş verib, ölkə, o cümlədən paytaxt İrəvan zülmətə qərq olub, fövqəladə vəziyyət elan olunub. Onsuz da dolanışıq dərdi çəkən əhali üstəlik, təlaş keçirib. Qəzanın səbəbləri bilinmir.

Bütövlükdə işğalçı ölkənin energetik sferası da başqa sferalar kimi fəlakətli durumdadır. Rusiyanın satdığı qazın bahalaşacağından ehtiyatlanan Paşinyan hökumətinin son günlər alternativ qismində İran qazı axtarışına çıxması və Tehran rəsmilərillə intensiv təmaslara keçməsi də diqqət çəkməyə bilməz. Bu məqsədlə baş nazirin köməkçisi Mqer Qriqoryan ötən həftə Tehranda olub, prezident Həsən Ruhani ilə görüşüb.

İyulun 10-a isə N.Paşinyanla H.Ruhani arasında birincinin təşəbbüsü ilə telefon danışığı olub. Maraqlıdır ki, telefon zəngi Ermənistanın enerji sistemindəki qəzadan bir neçə saat sonra baş tutub. Bununla bağlı 1 in.am portalı iki məqama xüsusi diqqət ayırıb.

“Yeni Müsavat”ın məlumatına görə, şərhdə deyilir: “Əvvəla, Qriqoryan səfərdən sonra bəyan edib ki, İrəvan İrandan qaz almaq və bunun qarşılığını əmtəə ilə ödəməklə bağlı müzakirələrə başlayıb. Bunun ardınca Paşinyanın Ruhani ilə telefon söhbəti diqqət çəkir. İkinci məqam isə odur ki, telefon danışığı Ermənistanın enerji sistemindəki qəzadan bir neçə saat sonraya təsadüf edib”.

Yəni məqalə müəllifi bununla qəzada Rusiyanın “barmağı” ola biləcəyinə işarə edir. Ehtimal ki, Moskva Rusiya qazına alternativ axtaran İrəvana bu yolla xəbərdarlıq edib. Erməni portalı da vurğulayır ki, böyük hesabla enerji sistemindəki qəza Rusiyanın Ermənistana, hətta təkcə Ermənistana yox, İran-Ermənistan əməkdaşlığına təhdid kimi qiymətləndirmək lazımdır.

*****

Bu arada Moskvadan İrəvana daha bir təhdid gəlib. Belə ki, “İrates” qəzeti bir neçə gün öncə Slovakiyada Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov və Zohrab Mnatsakanyanın ATƏT XİN rəhbərlərinin toplantısı çərçivəsində ikitərəfli görüşün heç də rahat keçmədiyini yazıb: “Lavrov erməni nümayəndə heyətinin AŞPA-da Rusiyanın təşkilata qayıtması barədə sənədə səs verməməsindən, ondan qabaq isə BMT Baş Məclisində Gürcüstanla bağlı Rusiya əleyhinə olan qətnamənin səsverməsinə Ermənistan təmsilçisinin qatılmamasından məyusluq ifadə edib. Lavrov həmçinin Vladimir Putinin Ermənistana oktyabrın 2-ə nəzərdə tutulan səfəri ilə bağlı Ermənistana işarə vurub ki, səfər baş tutana kimi Köçəryan həbsdə qalmamalıdır”.

Bu da Moskvanın Nikola növbəti şərti. Həm də ağır şərti. Çünki Köçəryanın zindanda qalması Paşinyan üçün prinsip məsələsi, hətta olum-ölüm məsələsidir və yəqin ki, ən azı, Dağlıq Qarabağda növbəti (2020) qondarma “prezident seçkisi”nədək onu zindanda saxlamağı hədələyib ki, separatçı rejimin başına öz adamını gətirsin. Oktyabr isə artıq havaların soyumağa başladığı, təbii qaza, işığa ehtiyacın artdığı payız ayıdır. Belə görünür, Kreml də “cücələri” elə payızda sayacaq...

“Yeni Müsavat”
Diaspora