Qarabağda müharibənin labüdlüyü məsələsinə 2 fərqli baxış

Qarabağda müharibənin labüdlüyü məsələsinə 2 fərqli baxış backend

Paşinyana savaş lazımdırmı, danışıqların uzanması müharibənin “xeyrinə” işləyirmi? Rusiyalı analitiklər deyirlər ki...

Dağlıq Qarabağ konfliktinin uzanmasının bir səbəbi Ermənistan rəhbərliyinin davam edən destruktiv mövqeyidirsə, digər və daha mühüm səbəb sözsüz ki, Rusiyanın sülh anlaşmasında maraqlı olmamasıdır. Hərçənd Moskva özünü ədalətli arbitr kimi təqdim eləməyə çalışır, hamı bilir ki, Moskva işğalçı ölkənin, demək, həm də işğal rejiminin əsas qarantıdır. Bu fonda rusiyalı siyasilərin və rəsmilərin Azərbaycan haqda vaxtaşırı verdikləri xoşməramlı, növbətçi bəyanatları artıq prinsipial önəm daşımır.

O sırada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvadakı son ənənəvi brifinqində bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz. Onun iddiasına görə, ölkəsinin bu məsələdə mövqeyi həmişə tarazlı olub. Bu barədə o, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin az öncə İrəvanda daşnaklarla qalmaqallı görüşünü şərh edərkən deyib. “Bu görüş mətbuatda qələmə verildiyi kimi, hər hansı siyasi çalar daşımır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi dəyişməyib və dəyişə bilməz” - Zaxarova əlavə edib.

*****

Göründüyü kimi, Rusiya tərəfi qalmaqallı olaydan dolayı növbəti dəfə özünü təmizə çıxarmağa çalışıb. İkinci diqqət çəkən məqam odur ki, Zaxarova “mövqeyimiz dəyişməz qalıb” deyəndə heç olmasa, formalizm xətrinə olsa belə, “Moskvanın bu mövqeyi Azərbaycanın ərazi bütövlüyünün tanınması üzərində qurulub” söyləyərdi. Ümumiyyətlə, Rusiya rəsmilərinin dilindən bu ifadəni “qoparmaq” elə də asan deyil, o ki ola Moskva bəyan eləsin ki, “Ermənistan işğalçı dövlətdir”.

Bu da Rusiyanın Qarabağ məsələsində “tarazlı və dəyişməz” mövqeyi. İşğalçı Ermənistanı ruhlandıran, onu status-kvonu uzatmağa və təmas xəttində təxribatlar törətməyə cəsarətləndirən də ən əvvəl Moskvanın həmin o “tarazlı və dəyişməz” mövqeyidir.

Yeri gəlmişkən, bu arada erməni tərəfinin Qarabağ münaqişəsi zonasında yeni və daha böyük təxribata hazırlaşması haqda məlumatlar yayılır. İddialara görə, Nikol Paşinyan daxildə azalmaqda olan reytinqini qaldırmaq və ictimai diqqəti ağır sosial-iqtisadi problemlərdən yayındırmaq üçün buna gedə bilər.

“Nikol Paşinyanın baş nazir postunda olduğu müddətdə Ermənistanda sosial-iqtisadi durum nəinki onun vəd elədiyi kimi, yaxşılaşmayıb, əksinə, getdikcə daha da pisləşir. Bunda da təkcə Paşinyan özü və onun Qərbdə yetişdirilmiş hökumət üzvləri yox, yerdə qalanların hamısı günahkardır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış politoloq Vitali Arkov Paşinyanın müharibədə maraqlı olub-olmaması barədə fikirlərə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, daxildəki problemlərdən diqqəti yayındırmaq üçün “xarici düşmən” axtarışı heç də Nikol Paşinyanın öz tapıntısı deyil, bu praktika indiyədək dəfələrlə sınaqlardan çıxarılıb: “Xarici düşmən fikirləşib tapmağa isə ehtiyac yoxdur - Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edəndən sonra həmin düşmən öz-özlüyündə artıq var. Hərçənd bunu da qeyd eləməyə lüzum var ki, bu, ənənəvi anlamda düşmən deyil, talan edilmiş qəzəbli qonşudur - hansı ki, İrəvanı qanunsuz şəkildə ələ keçirdiyini qaytarmağa çağırır”.

Rusiyalı ekspert hesab edir ki, İrəvanın qənaətincə, ölkədə situasiyanın pisləşməsində Ermənistanın iqtisadiyyatına sərmayə yatırmayan Rusiya və blokadanı götürməyən Azərbaycan və Türkiyə də günahkardır: “Ancaq niyə də blokada götürülsün, əgər Ermənistan rəhbərliyi əvvəllər götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmirsə? Ermənistan heç olmasa, Dağlıq Qarabağ ətrafındakı rayonları Bakının nəzarətinə qaytarmaq əvəzinə, təmas xəttinə əlavə qüvvələr cəmləşdirir, orduya kütləvi çağırış həyata keçirir və Ermənistan vətəndaşlarının başını guya Azərbaycan tərəfindən hücum olacağı sayıqlaması ilə doldurur”.

Reallıqda isə Arkovun fikrincə, yeni hərbi toqquşmada məhz İrəvan maraqlıdır. “Birincisi, bu, ona Azərbaycan tərəfdən ”atəşkəsin pozulmasını" bəhanə edib işğal altındakı rayonların qaytarılmasını qeyri-müəyyən müddətə təxirə salmağa imkan verir. İkincisi, erməni cəmiyyətinin diqqətini daxili problemlərdən “düşmən təcavüzü”nə yönəltmək şansı yaradır. Üçüncüsü isə müharibədən kimlərinsə qazanması məsələsi var. Necə deyərlər, kiminə müharibə, kiminə vətən əzizdir", - deyə o əlavə edib.

*****

“Bu gün Bakıda bir çoxları İrəvanın hər hansı bir təxribatı ilə Qarabağda aktiv hərbi müharibənin başlamasını arzulayır, lakin bunun baş tutacağını düşünmürəm”.

Bu sözləri isə Axar.az-a rusiyalı tarixçi və ekspert Oleq Kuznetsov son zamanlar Qarabağda baş verən hadisələri və Ermənistan Baş Qərargah rəisi Davtyanla XİN rəhbəri Mnatsakanyanın Qarabağ səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İrəvan cəbhə xəttindəki sabitliyin qorunması, Azərbaycan Ordusunun genişmiqyaslı hücuma çevrilə biləcək addımının qarşısını almaq üçün hər şeyə hazırdır: “Kreml Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı səviyyədə olmasından və hərbi-texniki avadanlıqlarının zəifliyindən xəbərdardır. O, Qarabağda hərbi əməliyyatların Cənubi Qafqazdakı yeganə müttəfiqinin məğlubiyyətinə gətirib çıxaracağına əmindir. Buna görə də rəsmi Moskva Qarabağda hər hansı hərbi əməliyyatın start götürməsində maraqlı deyil. Çünki müharibə başlayarsa, cəzalanacaq tərəf Bakı deyil, İrəvan olacaq. Nəticədə Ermənistanın hərbi güclərini və suverenliyini qorumaq Rusiyanın öhdəsinə qalacaq”.

Ekspertin fikrincə, Rusiyaya Azərbaycanla birbaşa müharibə lazım deyil: “Çünki bu halda rəsmi Moskva Türkiyənin dəstəyini itirəcək. Bu isə Rusiya üçün Suriyanın itirilməsi demək olar. Kremli Qarabağda müharibə başlaması yeganə halda maraqlandıra bilər ki, o, Cənubi Osetiya və Abxaziya ssenarisini həyata keçirmək istəsin. Amma bugünkü geosiyasi vəziyyət bunun üçün uyğun deyil. Qarabağdakı ”dondurulmuş" münaqişə Kreml üçün əlbəttə faydalıdır, çünki Moskva bölgənin geosiyasətinə təsir gücünü qoruyub saxlamaqdadır. Buna görə Kremlin təşəbbüsü ilə Ermənistan tərəfindən Qarabağda müharibə başlamayacaq. Ancaq eyni zamanda unutmamalıyıq ki, belə bir müharibənin sifarişçiləri digər dünya mərkəzləri də ola bilər".

*****

Beləcə, Qarabağda yeni müharibənin mümkünlüyü ilə bağlı rusiyalı ekspertlərin iki fərqli mövqeyini təqdim etdik. Onların hansı birinin gerçəyə yaxın olduğunu isə yəqin ki, yaxın zaman göstərəcək...
musavat.com
Diaspora