Ekspertlər iddia edir ki, Ermənistanın və həmsədrlərin hiyləgər planı müharibədən başqa çıxış yolu qoymur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla Vaşinqton görüşünün nəticələri barədə iyunun 24-də danışıb. O deyib ki, Vaşinqtonda yenə üç saatdan artıq müzakirələr aparılıb. Vaşinqton görüşünün yaxşı nəticəsi o olub ki, həmsədrlər rəsmi şəkildə sənədləri müzakirə olunması üçün yenidən təqdim etdilər:“Hansı sənədlər ki, biz müzakirə edirik. Görüşdən sonra mən jurnalistlərə dedim ki, biz artıq 15 ildir danışırıq. Jurnalistlər nəyi müzakirə etdiyimizi öyrənmək istəyirsə, ən yaxşısı, həmsdərlərin martın 9-da yaydığı bəyanatı oxusun və orada hər şey yazılıb. O bir məsələdir ki, biz bununla razıyıq, razı deyilik. Biz bunun əsasında müzakirə aparırıq. Bu sənədlər yenidən həmsədrlər tərəfindən bizə rəsmi şəkildə təqdim edildi. İkinci məqam, yenə də həmin bəyanatda çağırış var idi ki, təmas xəttində sakitlik olsun. Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, proses 2004-cü ildə Praqada başlayanda, sonra Madriddə davam etdiriləndə, daha sonra Kazanda davam etdiriləndə danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr, yəni substantiv danışıqlar aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz ciddi, substantiv danışıqlar aparmalıyıq. Biz artıq hazırda həmsədrlərin martın 9-dakı bəyanatının əsasında işləyirik. Yenə də deyirəm, həmin bəyanatın bəzi məqamları ilə razıyıq, bəzi məqamları ilə razı deyilik. Həmin bəyanatda yazılıb ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Qalan məsələlər bundan sonra əksini tapa bilər. Həmsədrlər Vaşinqton görüşündə rəsmi sənədləri təqdim edib, bir-iki ay üzərində işləməliyik. Düzünü deyim ki, sənədə baxmışam, amma ciddi təhlil etmək lazımdır. Amma yenə də həmin məsələlərdir. Biz belə razılığa gəldik ki, həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra biz yeni görüş keçirək”.
Məmmədyarov «Amerikanın Səsi»nin danışıqların nəticəsinin nədən ibarət olması ilə bağlı sualının cavabında deyib: “Biz bunu həmişə deyirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. O ki qaldı, başqa məsələlərə, onlar müzakirə oluna bilər. Amma ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunlar deyirlər ki, bu paket şəklində olsun, yoxsa mərhələli şəkildə olsun. Artıq bu bilinir ki, mərhələli şəkildə, addım-addım olmalıdır. Amma ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Mən Nostradamus deyiləm ki, vaxtını deyim. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. O da Vaşinqtonda müzakirə olunmuşdu. Belə düşünürəm ki, Ermənistan tərəfi hər dəfə məsələ qaldırır ki, ”bizə status, bir də təhlükəsizlik lazımdır". Statusla bağlı artıq bilinir. O ki qaldı təhlükəsizlik baxımından regiona beynəlxalq sülhməramlı qüvvələr gətirilə bilər. O baxımdan gərək həmsədrlər öz təkliflərini dəqiqləşdirib versinlər. Həmsədrlər qəbul edir ki, onun üzərində gərək işləsinlər".
Siyasi analitiklər hesab edir ki, Elmar Məmmədyarovun verdiyi açıqlamalardakı bəzi fikirlər ciddi suallar doğurur. Məsələn, nazirin “Artıq bu bilinir ki, münaqişənin həlli mərhələli şəkildə, addım-addım olmalıdır” açıqlaması məsələnin paket şəklində həll variantının arxa plana keçdiyi deməkdir. Mərhələli həll variantında isə Dağlıq Qarabağa hansısa status verilib-verilməyəcəyi, birinci mərhələdə neçə rayonun azad olunacağı kimi məsələlər qaranlıq qalır.
Nazirin “Təhlükəsizlik baxımından regiona beynəlxalq sülhməramlı qüvvələr gətirilə bilər” açıqlaması isə “Azərbaycan tərəfi bölgəyə sülhməramlıların gətirilməsinə razılıq veribmi” sualını meydana çıxarır.
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirib ki, ortada həmsədrlərlə ermənilərin oyunu var: “İrəvan Qarabağla bağlı həmsədrlərlə əlbir oyuna qatılıb ki, münaqişə bölgəsinə sülhməramlıları gətizdirsin. Status-kvonu möhkəmlətmə yolunda bu, Ermənistana lazımdı deyə, İrəvan hətta Amerika ilə sövdələşməyə hazırdır ki, özü üçün ”xilasetmə kəmər" əldə etsin. Həmsədrlər Amerikada bu haqda açıq deməsələr də, bu məsələnin üstünə gəliblər. Amma Bakıya bu qətiyyən gərək deyil. 90-larda Azərbaycan sülhməramlılar planından birmənalı imtina etdi ki, buna bir daha qayıdış olmasın. İndi də Bakı bunu rədd edəcək. Lakin həmsədrlər bilməlidirlər ki, artıq danışıqlar mənasını itirib və müharibə qaçılmaz məsələyə çevrilib".
T.Abbasov hesab edir ki, ən yaxın zamanda əgər danışıqlarda yenə mənasız gündəlik olacaqsa və həmsədrlər tutarlı ideya və təklifləri ortaya qoymayacaqlarsa, deməli, hərbi kampaniya baş verəcək.
Politoloq Qabil Hüseynli isə bildirdi ki, ermənilər uzun illərdir bölgəyə sülhməramlı adı altında əslində Rusiya hərbi qüvvələrinin yerləşdirilməsinə nail olmağa çalışırlar. Ermənilərin bu planına Azərbaycanın razı olması mümkün deyil. Beləliklə, məsələ yenə də gəlib müharibə variantının qaçılmaz olduğu nöqtəyə dirənir. Nazirlərin son Vaşinqton görüşünün də heç bir müsbət nəticə vermədiyini azərbaycanlı nazirin özü dolayısı ilə etiraf edib: “Əvvəldən də proqnozlaşdırılırdı ki, danışıqlar bərpa olunsa belə, real müsbət nəticəsi olmayacaq. Nə Rusiya, nə də Ermənistan məsələnin həllində maraqlı deyil. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqedən uzaq olduqlarını ortaya qoyublar. Paşinyan və Mnatsakanyan Vaşinqton görüşündən az öncə İrəvanın ”bir qarış torpaq da verməyəcəyik" ritorikasını təkrarladılar. Nikol Paşinyan faktiki olaraq Serj Sərkisyandan daha radikal mövqe nümayiş etdirir. Azərbaycan üçün bir yol qalıb - hərbi əməliyyatlara başlamaq. Artıq əminliklə söyləmək mümkündür ki, müharibə qaçılmazdır. Sülh danışıqları aparmağın mənası qalmayıb. Bölgəyə sülhməramlı adı altında istər Rusiyanın, istərsə də başqa bir dövlətin qoşunlarının yerləşdirilməsi Azərbaycanın suverenliyinə zidd olar ki, buna da Azərbaycan tərəfi razı olmaz. Ona görə də hansı tərəfdən baxsaq, müharibədən başqa yol qalmadığı görünür. Hər keçən gün müharibəni yaxınlaşdırır".
Deputat Elman Nəsirov isə bildirib ki, elə bir situasiya yaranıb müharibə riski artır. Azərbycanın keçirdiyi müharibə ildırımsürətli olmalıdır: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin dalana dirənməsində əsas günahkar Ermənistandır. Vəziyyətin bu həddə gəlib çatmasında məsuliyyət həm də ATƏT-in Minsk Qrupu həmsədlərinin üzərinə düşür. Onlar heç bir halda işğalçının əməllərini kəskin tənqid edən, eyni zamanda onun üzərinə məsuliyyət qoyan davranış göstərmirlər. Qafqazda böyük bir müharibənin qarşısını almaqda acizlik göstərirlər. Ona görə də müharibə riski hər zaman var və daha da artmaqdadır. ATƏT-in Minsk Qrupu vaxtilə deyirdi ki, əgər onların fəaliyyəti olmasaydı, Dağlıq Qarabağda çoxdan müharibə başlamışdı və məhz onların fəaliyyəti nəticəsində müharibə başlamyıb. Amma aprel döyüşləri onların bütün bu ”öyünmələrinin" üstündən xətt çəkdi. Bəli, bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlanmasını real edə bilər".
“Yeni Müsavat”