Nəzakət Məmmədova: “Türk respublikaları öz aralarında belə həmrəy deyillər”
Qazaxıstanın yeni seçilən prezidenti Qasım-Jomart Tokayev keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanla dostluq münasibətlərindən danışıb.Tokayev bildirib ki, onun Ermənistana böyük simpatiyası var. Bu açıqlama ilə qazax prezident Ermənistanın işğalçı dövlət olduğunu və Azərbaycan ərazilərini 30 ilə yaxındır işğalda saxladığını sanki unudur...
Qazaxıstan türkdilli ölkələr ailəsinin bir üzvüdür. Qazaxıstanla Azərbaycanı bağlayan tellər çoxdur, burada tarixilik, dil, din, adət-ənənə faktorlarını qeyd etmək olar. Elə bu əlaqələr səbəbindəndir ki, qazaxlarla azərbaycanlılar arasında daim dostluq, qardaşlıq münasibətləri olub.
Qazaxıstanın yeni prezidentinin ermənilərin xeyrinə açıqlama verməsi türk cümhuriyyətlərinin Qarabağ məsələsində, Ermənistanla münasibətlərdə mövqelərinin necə olduğu sualını da aktuallaşdırır.
Türk cümhuriyyətlərinin Qarabağ məsələsində mövqeyi necədir və normal hesab etmək olarmı?
Qazaxıstanın yeni prezidentinin Rusiyaya bağlı adam olması o cür açıqlama verməsində səbəb ola bilərmi?
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, qazaxlar uzun illər ruslarla qaynayıb-qarışmış, əhalisinin əksər hissəsi dil baxımdan assimlyasiya olunmuş xalqdır. Üstəlik, ucsuz-bucaqsız Qazaxıstan çöllərində xeyli sayda almanlar da yaşayıblar. Təkcə “Köçərilər” filmi çəkməklə, Putinin “Qazaxların dövləti olmayıb” sözlərinə pafoslu cavab verməklə türkçülük olmaz: “Ermənistan prezidenti Armen Sərkisyanın Nursultan Nazarbayevin qızı, nüfuzlu Dariqa ilə çox yaxın əlaqələri mövcuddur. 2013-cü ildə Armen Sərkisyanın şəxsi dəvəti ilə Ermənistana gələn ingilis şahzadəsi Carlzın səfəri zamanı Dariqa da İrəvanda idi. Məhz Armen Sərkisyanın tövsiyəsinə əsasən Dariqa hazırda Qazaxıstanın bütün telekanallarını özündə birləşdirən media holdinq yaradıb. Ermənistanın yeni prezidenti həmin holdinqdə 5 faiz səhmlərə sahibdir.
Sərkisyan habelə Dariqanın 2002-ci ildən hər il Astanada keçirdiyi və təşkilat komitəsinə sədrlik etdiyi Avrasiya Media Forumunun əsasını qoyan şəxsdir. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovla da yaxşı münasibətləri olan Armen Sərkisyan hələ biznesmen olan vaxtı onunla Aşqabad dəniz limanının inşası, sement zavodlarının tikilməsi, mədənçıxarma və kommunikasiya tenderlərində iştirak barədə razılığa gəliblər.
Əgər Nazarbayevin qızı, Qazaxıstanda yüksək vəzifə sahibi Dariqa Nazarbayevanın Ermənistan prezidenti ilə yaxın biznes əlaqələri varsa, Qazaxıstan dövlət idarələrində rus dilində danışmaq qadağasına baxmayaraq, Nazarbayevin ailə üzvü olan Dariqa Nazarbayeva rəsmi tədbirlərdə rus dilində danışırsa, hansı türkçülükdən söhbət gedə bilər?
İndiyədək Nazarbayev türk dünyasındakı nüfuzunu itirməmək üçün yeri gələndə bir türkçü kimi mövqe nümayiş etdirirdi. Doğrudur, o, KTMT-nin son tədbirlərində Ermənistana qarşı mövqe tuturdu və sair. Lakin bu, onun türkçülüyündən daha çox rusiyapərəstliyindən irəli gəlirdi. Onun siyasi varisləri isə aşkar ermənipərəst tərəf tuturlar".
Politoloq qeyd etdi ki, Türkiyə istisna olmaqla, digər türk cümhuriyyətləri təəssüf ki, Qarabağ məsələsində lazımi qədər Azərbaycana dəstək verməyiblər. Çünki onlar sovet dövründə assimlyasiyaya məruz qoyulub, müstəqillik əldə etdikdən sonra onların başına türkçülükdən uzaq, köhnə kommunistlər gəlib və onlar Rusiya ilə yaxın münasibətlərə üstünlük veriblər: “Nə türkçülük, nə müsəlman həmrəyliyi bu ölkələrin rəhbərliyi və əhalisinin əksəriyyətinin şüurunda proseslərə təsir dərəcəsində özünə yer tutmayıb ki, onlar Azərbaycana Qarabağ münaqişəsində ciddi dəstək versinlər. Türk respublikaları öz aralarında belə həmrəy deyillər, nəinki Azərbaycana Qarabağ məsələsində kömək etsinlər. Qırğızıstanın Özbəkistanla ərazi mübahisəsi var, Türkmənistan uzun illər Xəzərin statusu məsələsində Azərbaycana qarşı mövqe tutdu və sair. Onların Rusiya ilə daha yaxın münasibətləri var, nəinki öz aralarında, eləcə də Azərbaycan və Türkiyə ilə”.
Qeyd edək ki, türkdilli dövlətlərin arasında ikitərəfli əlaqələrlə yanaşı onları ümumi təşkilatın çətiri altında birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da (Türk Şurası) fəaliyyət göstərir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb. 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlayıb. Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilib.
Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:
Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
Regionda və dünyada sülhün bərqərar edilməsi;
Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci ildə Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha bəyan ediblər.
“Yeni Müsavat”