18-19-20, olsun 25 yaşında çiçəyi burnunda balalar sənin, mənim, bizim , bu Vətənin uğrunda şəhid olurlar!
Özü də bir də gəlməyəcəkləri bu dünyadan heç bir ləzzət almamış, arzuları hələ çırtlamamış şəhid olurlar...Molla da tabutun başında bir «Fatihə» oxuyandan sonra yekə-yekə deyir:- Camaat , haqqınızı halal edin!
Camaat da yekə-yekə bir minnət qoyur:
- Halalı olsun!
Hansı haqqınızı halal edirsiz arzuları əvəzinə sinələrində düşmən güllələrindən qan çiçəkləmiş o 18-19 yaşındakı şəhidlərə?! Onların üzərində hansısa bir haqqınız varmı?! Bəlkə yolda- irizdə ata-analarını görəndə «əsgər valideynləridi» deyib xoş üzlə dindirmisiz?! Məclislərdə yuxarı başda oturdub əsgər balalarının, özlərinin sağlığına ayaq üstə badə qaldırmısız?! Hansısa bir qəbula gələndə növbəsiz qəbul edib dərdlərini dinləmisiz, qayğılarına qalmısız, əsgərlikdəki övladlarına salam göndərmisiz, pulsuz müalicə eləmisiz, apteklərdə dava-dərman alanda güzəşt eləmisiz «Əsgər valideynləridi!» deyə?! Sayım, bəsdi? Hansı haqqınızı və ya hansı haqqımızı halal edirik qız görməmiş sinəsindən yaralanıb səngərlərdə qalan, ömürləri çiçək kimi vaxtdan əvvəl solan, göz yaşları qurumayan anaları saçlarını yolan bu şəhid balalara?!
Haqqı olan onlardı! Özü də hamının üzərində! Səngərlərdə gözlərini qırpmadan, Lazımı gözləyə-gözləyə şəhid olurlar ki, biz toylarda «Mən bu cahana sığmazam»a tər dabanımızdan çıxana qədər oynayaq, restoranlarda yeyək-içək, gözəl-gözəl istirahət yerlərində kef partladaq! Londonda villalar alaq, bir nahara 328 min funt-sterlinq xərcləyək, balalarımıza 1 milyon dollarlıq oyuncaq alaq, Baham adalarında viski içək! Beynəlxalq Bankdan milyardları götürüb aradan çıxaq ! Ata-anaları yanımıza gələndə də qapı dalında qoyaq. Sayım, bəsdi?!
Haqqı olanlar onlardı! Onlar bizə haqlarını halal edirlərmi? İnanmıram! Siz inanırsınızmı?
Uzun illər bundan əvvəl belə bir yazı qələmə almışdım. Qısasını deyim, tapıb bir gün təkrar çap edərəm.
Deməli belə. Şuşanı azad etmişik, Cıdır düzündə bayrağımızı qaldırırıq, himnimiz çalınır .
Qələbədən sonra geri qayıdan bir qrup əsgər qəbiristanlıqlara gedib həm şəhid yoldaşlarının, həm də öz atalarının məzarlarını murdarlayırlar.
Həbs olunurlar, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər və məhkəməyə çıxarılırlar.
Hakim həmin gənclərdən soruşur ki, niyə belə bir əxlaqsız hərəkət etmisiz?
Əsgərlər:
- Yoldaş hakim, Xocalıda, Xankəndində, Şuşada şəhid olan qardaşlarımız qucaqlarımızda can verərkən xahiş etdilər ki, qayıdanda atalarının gorunu murdarlayaq ki, niyə özləri kef edib, şəhidliyi bizə saxladılar? Biz onların son arzularını yerinə yetirməyə bilməzdik.
Şəhidlər haqlarını bizə halal edirlərmi?!
Amma edə bilərlər! Bir şərtlə!
ŞUŞADA AZƏRBAYCAN BAYRAĞI DALĞALANANDA!
YA DA GORUMUZA…