Ermənistanı sülhə necə məcbur etməli - hərblə sülh arasında zaman bitir

Ermənistanı sülhə necə məcbur etməli - hərblə sülh arasında zaman bitir backend

İrəvandan konfliktin nizamlanmasını bloklayan sərsəm bəyanatlar davam edir; Bakıya saxlanılan tək yol: işğalçı dinc vasitələrlə ram edilməsə, bunu Azərbaycan Ordusu edəcək...

Rusiya paytaxtında Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında aprelin 15-də baş tutan görüşdə humanitar xarakterli bəzi pozitiv məqamlar qeydə alınsa da, görüş bütövlükdə sülh prosesinə mühüm dinamika gətirmədi. Siyasi təhlilçilərin əksəriyyəti bu qənaətdədir. Əslində belə bir dinamika gözlənilmirdi. Əsas da iki səbəbdən.

Ümidlər bəslənilən 2019-cu ilin birinci yarısı artıq başa çatmaqdadır. Əfsus ki, Dağlıq Qarabağa dair danışıqlarda hələ də hansısa pozitiv irəliləyiş qeydə alınmayıb. Ona görə ki, Ermənistanda siyasi rəhbərlik dəyişsə də, onun Azərbaycana münasibətdə işğalçı siyasəti dəyişməz qalır. Hətta yeni hakimiyyət sələfindən də radikal və absurd mövqe sərgəliməkdədir.

Bu da növbəti fakt. Ermənistanın baş naziri Nikol Paşinyan kövrək sülh prosesinin ruhuna daban-dabana zidd daha bir açıqlama verib. Əslində ona açıqlama yox, sayıqlama demək daha doğru olar.

“Dağlıq Qarabağın iştirakı olmadan konflikti həll etmək mümkün deyil”.

Bu sözləri jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. O, Ermənistanın mövqeyinin guya konstruktiv olduğunu və münaqişənin sülh yolu ilə həllinə çalışdığını söyləyib. “Beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var. İndi biz Dağlıq Qarabağı danışıqlar masası arxasına qaytarmaq və həllin 3 tərəfin iştirakı ilə davam etdirilməsi üzərində çalışırıq”, - deyə o iddia edib. Bununla da öz xalqına yenə yalan danışıb. Çünki heç bir beynəlxalq sənəddə Qarabağ konfliktinin 3 tərəfi olduğu göstərilməyib. Bu, Paşinyanın sırf daxilə ünvanlı növbəti uydurmasıdır.

*****

Beynəlxalq hüquqi sənədlərə görə, Dağlıq Qarabağ konfliktinin iki əsas (Azərbaycan və Ermənistan) və iki maraqlı tərəfi (Dağlıq Qarabağın azərbaycanlı və erməni icması) var. Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bölgəyə səfər edərkən əsasən Bakı və İrəvanda danışıqlar aparır, vaxtaşırı Dağlıq Qarabağın azərbaycanlı icması ilə də bir araya gəlirlər. Necə ki, son səfərləri zamanı da bunu etdilər.

“Həmsədrlərin azərbaycanlı icması ilə görüşü belə formatda keçirilmiş ilk görüş deyil”. Bu haqda Azərbaycan XİN-dən verilən məlumatda deyilir. Nazirlik bildirir ki, indiyədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər. “Burada təəccüblü heç bir şey yoxdur. Bu, vasitəçilərin mandatının bir hissəsini təşkil edir. Həmsədrlərin 1995-ci il tarixli mandatında qeyd edilir: ”Həmsədrlər öz fəaliyyətlərində ATƏT-in norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏM qərarları, o cümlədən 1992-ci il 24 mart Nazirlər Şurası qərarı və Budapeşt zirvə görüşü qərarları, eləcə də BMT TŞ-nin müvafiq qətnamələrini rəhbər tutacaqlar". Həmsədrlərin bu ilin 9 mart tarixində verdikləri bəyanatlarında onların vasitəçiliyi ilə İrəvan və Bakı arasında aparılan təmaslarla yanaşı, maraqlı tərəflərlə də müzakirələrin davam etdirildiyi qeyd edilib. Vurğulamaq istərdik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi və digər məcburi köçkünlərlə yanaşı onların öz torpaqlarına geri qayıtması məsələsi hər zaman danışıqların bir hissəsini təşkil edib.


Bu məsələ həmsədrlərin yuxarıda qeyd edilən bəyanatında da öz əksini tapıb və “bütün məcburi köçkünlərin və qaçqınların öz evlərinə geri qayıtması” danışıqların mühüm elementi qismində əks olunub. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması danışıqların mühüm hissəsini təşkil edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in müvafiq qərarlarına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında aparılır və bu yanaşma Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəklənir", - deyə açıqlamada qeyd olunur.

*****

Azərbaycan XİN-in açıqlamasından da göründüyü kimi, Paşinyanın “beynəlxalq sənədlərə əsasən konfliktin 3 tərəfi var” fikri ən zəif tənqidə belə dözümsüzdür və başdan-ayağa absurddur. Belə bəyanatların əsas hədəfi, heç şübhəsiz, vaxt udmaq, yəni atəşkəs rejimini uzatmaq və bir də Ermənistan üzərindən “işğalçı” yarlığını götürməyə cəhd eləməkdir. Guya Azərbaycan təkcə Ermənistanla deyil, həm də Dağlıq Qarabağla münaqişədə olub və Ermənistan, sadəcə olaraq, “öz müqəddəratını təyin eləmək istəyən” Dağlıq Qarabağ ermənilərinə dəstək olub. Yəni guya o, işğalçı deyil. Halbuki hamı bilir ki, bu münaqişə Ermənistanın Azərbaycana əsassız torpaq iddialarından yaranıb və hər iki tərəfdən on minlərlə alamın ölümünə səbəb olub.

Paşinyanın son Qarabağ açıqlaması bir daha göstərir ki, düşmənin dinc yolla torpaqlarımızı qaytarmaq niyyəti yoxdur. Bu, eyni zamanda, o anlama gəlir ki, Minsk Qrupunun həmsədr dövlətləri təcavüzkarı ağla gətirmək üçün gərəkən addımlar atmağa, işğalçını sülhə məcbur eləməyə, onu cəzalandırmağa hazırlaşmır. Odur ki, Azərbaycanın tək yolu qardaş Türkiyə və digər dost-tərəfdaş ölkələr hesabına özünün hərbi qüdrətini və döyüş təcrübəsini günbəgün artırmaqdır.

*****

Yeri gəlmişkən, iyunun 7-dən Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ”Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

İyunun 11-dək davam edəcək təlimin əsas məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Bu təlimlər, sözsüz ki, işğalçı Ermənistanla yanaşı, həmsədr ölkələrə də mesajdır. O anlamda ki, əgər işğalçını özləri, dinc üsullarla ram eləməsələr, bu işi Azərbaycan Ordusu görəcək. Artıq Ermənistanı sülhə məcbur etmə zamanı çatıb. Hərblə sülh arasında zaman bitir...

musavat.com
Diaspora