QAZİLER.AZ saytı Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi doğum günü münasibəti ilə təbrik edir. 27 may 1950 -ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Səkkizillik təhsilini doğma kəndlərində almış, sonra təhsilini fəhlə gənclər məktəbində davam etdirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işə başlayır. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur, oranı bitirdikdən sonra 1975-ci ildə təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilir.
Düşmənlərə qarşı mübarizə başlayanda M. Abdullayev də erməni quldurlarına qarşı mübarizəyə qoşulan ilk könüllülərdən olur. Ağcakənd kəndinin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərir. 1992-ci ildə Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilir. Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra Hakimiyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülüb.Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.