Kremlin “hibrid müharibəsi”: İrəvanda panika, Qarabağda müharibə xofu

Kremlin “hibrid müharibəsi”: İrəvanda panika, Qarabağda müharibə xofu backend

Erməni nəşri: “Rusiya Ermənistana təcavüzə hazırlaşır”: Bakı isə “addım-addım” taktikasına üstünlük verəcək; neftin ucuzlaşması erməniləri də narahat etməyə başladı - səbəb...

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. Həm də qeyri-müəyyən müddətə. Hər halda bu barədə erməni KİV-ləri yazıb. Düşmən ölkənin yazılı və elektron mediası son günlər həm də Paşinyanın son Qazaxıstan səfəri barədə tənqidi materiallar verir. Ermənistan rəhbərinin Nur-Sultanda pərt edilməsi, onun Putinlə görüşünün ləğv olunması hələ də ekspert çevrələrində müzakirə mövzusudur. Tənqidlərin əsas mövzusu isə “məxməri inqilab”dan sonra korlanan İrəvan-Moskva münasibətləridir.

*****

“Bütün bu faktlar təsadüfi deyil və Ermənistanın yeni hakimiyyətinə Moskvanın münasibətini göstərir - hansı münasibətləri ki, isti və müttəfiq xarakterli adlandırmaq olmaz”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər “Past” erməni nəşrində dünən getmiş məqalədəndir.

“Əlbəttə, danılmaz həqiqətdir ki, ən yaxşı müdafiə hücumdur. Ancaq, fikrimizcə, bu halda hökumət erməni-rus münasibətlərində nə baş verdiyinə cavab verməlidir. O mənada ki, niyə bu münasibətlər normal deyil - hansı ki, Ermənistanın təhlükəsizliyi, habelə Dağlıq Qarabağ nizamlanması üçün ciddi problemlər yaradır. Hakimiyyət susmaqda davam edir. Ancaq aydındır ki, Putinə xoş gəlmək siyasəti artıq özünü doğrultmur, ona görə ki, baş nazirin publik ritorikası mahiyyət etibarilə real siyasətə heç bir dəxli yoxdur. Nəticədə Ermənistan-Rusiya əlaqələrində böhran yalnız dərinləşməkdədir”, - deyə qəzet qeyd edib.

Armenianreport.com portalı isə yazır: “Ötən həftə neftin qiyməti fevraldan üzübəri ilk dəfə 64 dollardan aşağı düşdü. Analitiklərin proqnozlarına görə, qiymət 30-40 dollara kimi enə bilər. Bu isə, ehtimal ki, ona gətirəcək ki, rusiyalılar 1 dollar üçün 70-72 rublluq kursun şahidi olacaqlar. Yəni onların real gəlirləri yenə dəyərsizləşəcək. Bu isə mümkün qiyama aparan birbaşa yoldur. Bunun siqnalları artıq Rusiyanın müxtəlif nöqtələrindən gəlməkdədir”.

Müəllifə görə, Rusiyada belə bir situasiya Ermənistan və “arsax” üçün çox qorxuludur: “Ona görə ki, bu, Qarabağda müharibə ehtimalını artırır. Düşmən (Azərbaycan nəzərdə tutulur - ”YM") Rusiya rəhbərliyinin başının ciddi şəkildə daxili problemlərə qarışmasından istifadə edib ön xətdə növbəti “təxribat”a (dırnaqlar bizimdir - “YM”) əl ata bilər. O da istisna deyil ki, bu “təxribat” Kremlin birbaşa dəstəyi ilə baş versin. Moskvaya çox lazımdır ki, növbəti qısamüddətli müharibədə Azərbaycanın qələbəsi vasitəsilə ölkəmizdə xalqın hakimiyyətini gözdən salsın. Paralel surətdə rusiyalıların diqqətini öz problemlərindən bizimkilərə yönəltsin. Kremlin planı belədir".

Öz növbəsində 1in.am portalında siyasi şərhçi Sərkis Arsrunu son vaxtlar Ermənistanda Soros Fonduna, digər Qərb təsisatlarına qarşı baş qaldıran etirazlara toxunaraq yazır: “Kim məni inandıra bilər ki, bu, Rusiyanın ssenarisi deyil. Moskva Soros Fondunu müdafiə edən Paşinyanı niyə sevmək və ona etibar eləmək olmaz üçün əsaslar yaradıb legitimləşdirmək istəyir. Soros mövzusu o ölkələrdə kəskinləşir ki, orada Rusiya ”hibrid müharibəsi" qaydaları ilə oynayır. Konkret halda Soros Rusiya təcavüzünü legitimləşdirmək üçün yaxşı hədəfdir. Moskvada Ermənistanı Ukrayna və Gürcüstanla eyniləşdirirlər ki, təcavüz üçün zəmin hazırlasınlar. Bütün problem ondadır ki, bu təcavüz hansı məzmunda və formada olacaq".

*****

Ancaq məsələ ondadır ki, Rusiya çoxdan Ermənistanın içindədir - özünün hərbi bazaları ilə. Üstəgəl, işğalçı ölkənin Türkiyə və İranla sərhədlərini rus əsgərləri qoruyur. İrəvandakı mərkəzi hava limanına giriş-çıxış da rusların nəzarətindədir. Təcavüz necə olur ki?

Bir şey var ki, bu, könüllü, yəni ermənilərin öz razılığı ilə olan təcavüzdür və müstəsna olaraq, ermənilərin Dağlıq Qarabağın işğalını Moskvanın köməyi ilə rəsmiləşdirmək amacından doğub. Amma nə işğal rəsmiləşib, nə də ermənilər ağ günə çıxıb. Əksinə, Dağlıq Qarabağdakı və Ermənistandakı ermənilər daim səksəkə içində, müharibə xofu ilə yaşayırlar. Düşmən tərəf, ən azından 2016-cı ildəki lokal hərbi əməliyyatlar kimi, Bakının “addım-addım” taktikası ilə torpaqları azad etmək istədiyinə əmindir.

“Azərbaycan genişmiqyaslı müharibəyə o zaman qərar verəcək ki, əgər az itki ilə yeni əraziləri tutmaqla bağlı qlobal güc mərkəzlərindən birinin ciddi zəmanətini alsın”. Bunu isə “Yeni Müsavat”ın məlumatına görə, Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “xarici işlər naziri” Arman Melikyan 1in.am-a deyib. “İstənilən halda Azərbaycan tərəfi bizə qarşı daxili çəkişmələrdən istifadə taktikasına üstünlük verəcək. Və bu məsələdə, yəqin ki, sanballı xarici dəstəyə malik olacaq”, - deyə separatçı bildirib.

Beləcə, İrəvanda Kremlin “hibrid müharibəsi”ndən dolayı panika, Qarabağda isə müharibə xofu güclənməkdədir...


“Yeni Müsavat”
Diaspora