Rusiyalı ekspert: “Danışıqlar Kazan prinsipləri əsasında aparılır”; azərbaycanlı politoloq: “Minsk Qrupunun vasitəçiliyinə olan ümidlərimiz illüziyadır”
Ermənistan işğalçı siyasəti ilə həm özünün, həm də ümumən bölgənin inkişafı üçün əsas əngəl olaraq qalır. Təbii ki, bunun altını ən çox onun özü çəkir. Çünki blokada vəziyyətində olan, əsas qonşuları ilə sərhədləri bağlı, iri regional iqtisadi, energetik və kommunikasiya layihələrindən kənarda qalıb “tullantı” dövlətə çevrilən məhz Ermənistandır.Əfsus ki, Ermənistan və onun rəhbərləri, bir-birini əvəz eləsə də, öz xalqının əzab-əziyyətini görsələr də, illüziya ilə yaşayır, nə vaxtsa Azərbaycan torpaqlarının işğalının rəsmiləşdiriləcəyinə ümid edirlər. Söz yox ki, onların bu ümidlə yaşamasında Qərbin və Rusiyanın Dağlıq Qarabağ məsələsinə “ikili standart” yanaşması mühüm rol oynayır. Əslində isə istər Rusiya, istərsə də Qərb ermənilərdən, onların öz qonşularına qarşı əsassız torpaq iddiasından ən əvvəl öz maraqları üçün və məharətlə istifadə edir. Ermənilər isə bunu hələ ki anlamaq istəmirlər.
*****
“Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələrinə uyğun şəkildə həll oluna bilər”. Bunu ötən həftəsonu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir haqlı olaraq qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunsa da, hələ də Azərbaycana qarşı “ikili standartlar” tətbiq olunur.
“30 ildən çoxdur ermənilər tərəfindən qızışdırılan Qarabağ konflikti davam edir. 25 ildən çoxdur Azərbaycan torpaqları erməni qüvvələrinin işğalı altındadır. Ancaq bu müddətdə nə Bakını erməni şərtləri əsasında sülhə məcbur etmək mümkün olub, nə də Dağlıq Qarabağ ermənilərinin beynəlxalq legitimliyinin tanınmasına nail olunub”. Bunu isə “Yeni Müsavat”ın məlumatına görə, politoloq Rasim Musabəyov konflikt ətrafında situasiyanı şərh edərkən deyib.
“Nəticə etibarilə Ermənistan regional əməkdaşlıqdan kənarda qalıb. Bütün iri regional layihələrdən təcrid edilib, sözdə millətçi şüarları dəstəkləyən erməni əhalisi isə reallıqda aparılan siyasətə ayaqları ilə səs verirlər, yəni kütləvi şəkildə sözdə sevdiklərini vətənlərini tərk edirlər. Erməni demoqrafların hesablamalarına görə, Ermənistan əhalisi artıq 5 milyona çatmalı idi, gerçəkdə isə bu rəqəmin heç yarısı qədər də deyil”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, ermənilərdə bir anlığa güzəştə getmək və Azərbaycan torpaqlarını azad eləmək zəruriliyi barədə qarışıq hisslər yaranan kimi növbəti bir Pozner, Monserat Kabalye və ya ABŞ-da və Avstraliyada hansısa ştat, Fransada və ya Argentinada balaca bir şəhər ermənilərə publik dəstək ifadə edir: “Nəticədə ermənilərin arzuları təzədən alovlanır, illüziyalar qalib gəlir və iflasa aparan dalan siyasəti davam edir. Şübhə eləmirəm ki, bu gün xarici havadarlarına qızğın minnətdarlıq izhar edən və valeh olan ermənilər günün birində onlara və özlərinin avantürist liderlərinə lənətlər yağdıracaqlar. Biz isə ardıcıl şəkildə Ermənistana iqtisadi, diplomatik, hərbi və informasiya təzyiqi xəttini davam etdirməliyik. Erməniləri ayrı yolla ağla gətirmək mümkün deyil”.
*****
“BMT TŞ, ATƏT, Avropa Parlamenti dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu haqda qətnamələr qəbul edib. İndiyədək heç bir ölkə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb”.
“Yeni Müsavat” xəbər verir ki, bu haqda Rusiyadakı Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Sergey Markov sülh danışıqlarının perspektivindən danışarkən deyib.
Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” saymağın əleyhinə olduğunu söyləyən politoloq 2016-cı ildə 4 günlük müharibəni xatırladıb və əlavə edib: “Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı 7 rayonu da işğal edib, orada etnik təmizləmə aparıb. Konfliktin nizamlanması üçün Minsk Qrupu yaradılıb, danışıqlar aparılması üçün müəyyən addımlar atılıb, Rusiyanın təşəbbüsü ilə Kazan prinsipləri qəbul edilib. Bu prinsiplər belə bir kompromisi nəzərdə tutur: Ermənistan Azərbaycana 7 rayonu qaytarır, Azərbaycan Ermənistan və Dağlıq Qarabağ ətrafında blokadanı götürür, daha sonra Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verir və oradan erməni qüvvələri çıxarılır. Hazırda danışıqlar bu prinsiplər əsasında davam edir”.
*****
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, bu minvalla Ermənistanla sülh anlaşması mümkün olmayacaq. Bu haqda o, Minval.az-a açıqlamasında deyib.
“Azərbaycan real nizamlamaya nail olmaq üçün addımlar atmaqda davam edir. Odur ki, bu gün bir şey aydındır: ermənilərlə - nə ”Qarabağ klanı" ilə, nə də İrəvan erməniləri ilə sülh anlaşması mümkün deyil. İşğal altındakı ərazilərdən erməni işğalçı qüvvələr çıxarılmayınca Qarabağ problemi həll edilməyəcək. Təmas xəttində bizim zabitin qətli sübut edir ki, Minsk Qrupu, həmsədrik institutu, “Madrid prinsipləri”, bütün digər şeylər ictimai şüurda bütünlüklə mənasızlaşır. Və proses davam edir. Bizim ATƏT-in Minsk Qrupu vasitəçiliyinə ümidlərimiz illüziyadan başqa bir şey deyil".
*****
Yaranmış durumda, sözsüz ki, güc faktoru, Azərbaycanın hərbi potensialı və ordusunun döyüş qabiliyyəti heç vaxt olmadığı qədər önəm kəsb edir, önə çıxır. Bakı sülh prosesinə sadiq qalmaqla yanaşı, güc variantını da daim əlinin altında saxlamaq zorundadır. Bu xüsusda Azərbaycanın NATO üzvü qardaş Türkiyə ilə intensivləşən ortaq hərbi təlimləri mühüm önəm daşıyır. Bu həftə Naxçıvanda iki ölkə silahlı qüvvələrinin növbəti, 5 günlük birgə hərbi manevrləri gözlənilir.
Paralel surətdə Azərbaycan öz silahlı qüvvələrini modern silah-sursat və ən müasir döyüş sistemləri ilə komplektləşdirməyə, yerli hərbi sənayesini inkişaf etdirməyə davam edir. Çünki sülh istəyən gərək müharibəyə hazır olsun. Azərbaycan Ordusu torpaqlarımızı azad eləməyə hazırdır. Qalır diplomatiyamızın bunun üçün əlverişli fürsəti hazırlaması...
musavat.com