Qarabağ döyüşçüləri birləşir - Azərbaycan naminə!-FOTOLAR

Qarabağ döyüşçüləri birləşir - Azərbaycan naminə!-FOTOLAR backend

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) baş ofisində bir neçə müharibə yönümlü təşkilatın və müharibə veteranının iştirakı ilə görüş keçirilib. AVMVB sədri Füzuli Rzaquliyevin rəhbərlik etdiyi tədbirdə “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudun Məmmədov, AVMVB sədr müavini Kamil Şirinov, hərbi jurnalist Üzeyir Cəfərov, tanınmış müharibə veteranları Vaqif Əlisoy, Camal Əhmədov, Habil Şirinov, Tərlan Eyvazov, Qalib Rəhimov, Arif Paşa, Bünyamin Qəmbərli, Rafiq Kərimov və qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu iştirak edib.

QAZİLER.AZ saytının verdiyi məlumata görə, çox geniş və gərgin müzakirələrlə keçən toplantıda bir sıra vacib qərarlar alınıb. Toplantı iştirakçıları əsasən Qarabağın uzun illərdir işğal altında qalmasının, Şəhid Ailələrinin, Qarabağ əlillərinin, müharibə veteranlarının mövcud problemlərinin həlli yollarını, o cümlədən gələn ay ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarında erməni idmançılarının iştirakını da müzakirə ediblər.

Qərar alınıb ki, Qarabağ döyüşlərində iştirak edən Azərbaycan döyüşçülərinin marağını təmin edə biləcək, müharibə yönümlü təşkilatların və fəalların iştirakı ilə vahid koordinasiya şurası, ya da ittifaq yaradılsın. Bunun üçün Vaqif Əlisoyun rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Yaxın günlərdə işçi qrupunun adından Birinci Avropa Oyunlarında erməni idmançılarının iştirakı ilə bağlı müraciət hazırlanaraq yayılması da razılaşdırılıb. İşçi qrupu müraciətin mətnini hazırlayıb iştirakçılarla razılaşdırandan sonra mətbuatda yayılacaq.

Qeyd edək ki, Azərbaycan naminə birləşməyin vacib olduğunu deyən əksər çıxışçılar tezliklə Qarabağın işğaldan azad olunması naminə hərbi əməliyyatlara başlamaq üçün Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevə müraciət edilməsinin zəruriliyini vurğulayıblar.

Digər müharibə iştirakçıları Nazim Bayramov, Azay Kərimov, Nurəddin Xoca isə üzrlü səbəbdən tədbirə qatıla bilməyib.

Zəruri qeyd: İşçi qrupuna daxil olmaq sərbəstdir.






Qarabağ döyüşçülərinin koordinasiya
şurasının işçi qrupu

Diaspora