I Aramın Qarabağ çağırışı: Hədəf müharibədir – Şərh

I Aramın Qarabağ çağırışı: Hədəf müharibədir – Şərh backend

Ermənistan hökuməti Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhd etsə, o zaman Azərbaycana müharibədən başqa yol buraxmayacaq.

Bu sözləri Axar.az-a politoloq Elçin Mirzəbəyli Böyük Kilikiya Evinin katolikosu I Aramın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməklə bağlı çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, bu çıxışın əsas məqsədi Paşiniyanı Azərbaycanla qarşı-qarşıya qoyub onu müharibəyə sürükləməkdir:

“Böyük Kilikiya Evi hər zaman separatçılığın və terrorizmin ön sırasında gedən bir qurumdur. Onlar xristian tarixinin üz qarasıdır. O, təkcə Azərbaycana qarşı yürüdülən siyasətdə deyil, həmçinin vaxtı ilə Osmanlı dövlətinə qarşı törədilən cinayətlərin də təməlində dayanırdı. Kilikiya Evi uzun illər boyu erməniləri türklərə qarşı nifrətlə formalaşdırıb. Biz və bütün dünya Xocalıda bir daha bu nifrətin təzahürünü gördük. I Aramın bu çıxışı işğalçılıq siyasətinin daha bir etirafıdır. Şübhəsiz ki, Ermənistan tərəfindən bizə qarşı bu addım atılarsa, o zaman Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün xüsusi əməliyyat keçirəcək. Bunu Ermənistan hökuməti də yaxşı başa düşür”.

Politoloq I Aramın bu çıxışının Paşinyanı devirmək üçün qurulmuş tələ olduğunu deyib:

“Əslində, bu hadisə Ermənistan cəmiyyətində olan xaosun göstəricisidir. Həmçinin Böyük Kilikiya Evi ilə Paşinyan arasında ciddi problemlər var. Yaranmış ciddi problemlər indiki vəziyyətdə özünü büruzə verir. I Aramın bəyanatı Paşinyana qarşı təzyiq forması kimi də qəbul oluna bilər. Erməni katolik Paşinyanı təxribata çəkir və gözləyir ki, o, bu təxribata getsin və bunun nəticəsində onun hakimiyyətini iflasa uğratsın. Çünki o, yaxşı bilir ki, Azərbaycanın bu və ya digər təxribatlara qarşı atacağı istənilən hərbi addım Ermənistanda çox ciddi fəsadlara gətirib çıxaracaq və bu da siyasi hakimiyyətin sonu olacaq”.

Qeyd edək ki, erməni Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə və “vahid erməni dövləti” yaratmağa çağırış edib.
Diaspora