Azərbaycan Ordusunun mart ayından etibarən 3-cü dəfə hərbi təlimlər keçirməsi düşmən ölkədə rezonans doğurub.
Xüsusən mayın 20-dən 24-dək keçirilən təlimlərə diqqət çəkən erməni mətbuatı Ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirdiyini, bu təlimlərin növbəti Aprel savaşına hazırlıq olmasını müzakirə edir. Ermənistanın hərbi ekspertləri 10 minədək şəxsi heyət, tank və digər zirehli texnikalarla son iki ayda Azərbaycan Ordusunun 3-cü təliminin təsadüf olmadığını və “narahatlığa əsas” yaratdığını bildirib. Erməni ekspertlərin sözlərinə görə, rəsmi Bakı təlimlərin “müdafiə” xarakterli olduğunu bəyan etməklə əslində “aqresiyasını” gizlətməyə çalışır. Çünki təlimlər müdafiə xarakterli deyil, hücum məşqləridir.Məsələ ilə bağlı Axar.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mayın 20-də başlayan irimiqyaslı hərbi təlimlərin Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş planlı təlimlər olduğunu söyləyib:
“Sözügedən hərbi təlimlər Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi altında keçirilir. Azərbaycanın demək olar ki, heç bir təlimi müdafiə xarakteri daşımır. Beynəlxalq qurumlar bu münaqişəni sülh yolu ilə həll etməyi öhdəsinə götürmüşdülər. Bununla bağlı atəşkəs rejimi elan olunub.
Azərbaycan dövləti görür ki, beynəlxalq qurumların, ATƏT-in fəaliyyəti iflic vəziyyətdədir və işğal olunmuş Dağlıq Qarabağ probleminin həlli demək olar ki, sual işarəsi altındadır. İndiyə kimi beynəlxalq qurumlar götürdüyü öhdəlikləri yerinə yetirə bilmirlər.
Ermənistan qeyri-konstruktiv mövqe tutmağa davam edir və Azərbaycana müharibədən başqa çıxış yolu buraxmır. Azərbaycan da gec-tez torpaqlarımızın güc yolu ilə azad edilməsinə məcbur olacaq.
Azərbaycanın Silahlı Qüvvələrinin döyüş fəaliyyəti, döyüş hazırlığı potensialı, silahlanma, müasir texnikanın təmin olunmasının bir məqsədi var - işğal olunmuş ərazilərini azad edərək, ərazi bütövlüyünü bərpa etmək. Bu, bizim tarixi haqqımızdır. Heç bir beynəlxalq norma, sənəd Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qadağa qoymur. Əlbəttə, bu fonda Azərbaycan daha çox hücum əməliyyatlı silahlara və təlimlərə üstünlük verməlidir”.
Polkovnik təlimlərin “əks-hücum xarakterli” adlandırılmasını belə izah edib:
“Ona görə belə deyirik ki, hazırda atəşkəs rejimi olsa da, müharibə davam edir. Azərbaycan bundan sonra əks-hücuma keçərək, düşmənin işğalçı qüvvələrini darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə hazır olmalıdır. Azərbaycanda keçirilən bütün təlimlər “post svariyaya” bağlıdır. Bütün təlimlərdə olan “svariyalar” Dağlıq Qarabağda ola biləcək döyüş ssenarisinə uyğun oynanılır. Bütün bu təlimlərdə qazanılan təcrübə yaxın gələcəkdə torpaqlarımızı qaytaranda tətbiq olunacaq.
Azərbaycan tərəfi öz addımları haqqında məlumatları gizlətmir. Təlimlərin intensivliyi ərazimizin gec-tez azad olunmasına hesablanıb. Artıq cəmiyyət də bunu tələb edir. Ona görə Ermənistanın narahat olması təbiidir. Hər zaman Azərbaycanda irimiqyaslı təlimlər keçiriləndə Ermənistan cəmiyyətində mövcud olan qorxu və narahatlıq daha da çoxalır. Onlar artıq hər bir təlimin döyüşə çevrilə biləcəyini gözləyir və belə düşünməkdə haqlıdırlar. Ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycanın həm iqtisadi potensialı, həm Silahlı Qüvvələrinin hazırlığı, hərbçilərin peşəkarlığı yetərli səviyyəddir”.
Ekspert Paşinyanın Dağlıq Qarabağla bağlı son açıqlamalarına da diqqət çəkib:
“Artıq Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin gücünü anlayıb. O, son çıxışlarından birində söylədi ki, Qarabağ klanı döyüşləri bərpa edərək, bunu Paşinyanın boynuna atacaqlar ki, təqsirkar odur. Nəticədə Azərbaycan torpaqları azad edəcək. Ermənistan cəmiyyəti bu saat çaşbaş vəziyyətdədir. Daxildə olan problemlər onlara birləşməyə imkan vermir. Əlbəttə, Ermənistanın bu vəziyyəti artıq beynəlxalq qurumları da bezdirib. Rusiyanın özündə də artıq müəyyən qədər soyuqluq hiss olunur. Çünki ara-sıra Rusiya bazasının Ermənistandan çıxarılması ilə bağlı fikirlər səsləndirilir”.