Həmsədrlər Qarabağa görə narahatdır, yoxsa Ermənistana?

Həmsədrlər Qarabağa görə narahatdır, yoxsa Ermənistana? backend

Vaşinqton görüşü ərəfəsində sürprizlər baş verə bilər; politoloq: “Vasitəçilər son baş verənlərə, Ermənistan rəhbərliyinin addımlarına konkret mövqe bildirməlidirlər”

Mayın sonlarında ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov, Stefan Viskonti və Endryu Şefer regona növbəti dəfə səfər edəcəklər. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da keçirdiyi brifinqdə məlumatı təsdiqləyib.

Hələlik nə Azərbaycan, nə Ermənistan tərəfi, nə də həmsədr dövlətlər vasitəçilərin budəfəki səfərinin məqsəd-məramı haqda konkret açıqlama verməyib. Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib ki, həmsədrlər İrəvan, Xankəndi və Bakıya səfər edəcəklər. “Atılacaq növbəti addımlar bu görüşdə müzakirə olunacaq”, - deyə A. Naqdalyan əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin bu ayın sonunda regiona səfərinin gözlənildiyini bildirmişdi. “Əvvəl də dediyim kimi, həmsədr ölkələrdən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir”, - nazir qeyd edib. Xatırladaq ki, XİN başçıları sonuncu dəfə Brüsseldə bir araya gəlmişdilər. “Şərq Tərəfdaşlığı”nın 10 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da qısamüddətli görüş olmuşdu. Lakin Ermənistan tərəfinin davranışları danışıqlarda irəliləyişin əldə olunduğu barədə fikir söyləməyə əsas yaratmır. Ermənistan hətta rəsmi Bakının təklif etdiyi kimi, əsir və girovların “hamını hamıya” prinsipi ilə dəyişdirilməsinə də “yox” cavabını verdi. Belə görünür ki, Ermənistan hətta Paris və Moskva, o cümlədən Vyana görüşlərində əldə olunmuş razılaşmalara da əməl etmək niyyətində deyil. Hansı ki, xalqların sülhə hazırlanması barədə anlaşmanın əldə olunduğu iddiası var idi.

Növbəti görüşün Vaşinqtonda, liderlər səviyyəsində keçiriləcəyi barədə xəbərlər olsa da, hələlik ABŞ-dan rəsmi açıqlama gəlməyib. Mümkündür ki, həmsədrlərin bölgəyə səfərinin ardınca bu gözləntilərlə bağlı konkretlik yaransın. Lakin Ermənistanda baş verənlər durumu dəyişə bilər.

Qeyd edək ki, hələ ötən yazılarımızda ABŞ-ın ev sahibliyi edəcəyi görüş ərəfəsində Ermənistanın hansısa təxribatlara əl ata biləcəyini təxmin etmişdik. 2016-cı ilin aprelində də ABŞ-da liderlər səviyyəsində görüş planlaşdırıldığı zaman aprel döyüşləri başlamışdı. Bu mənada üçüncü qüvvənin Qarabağ məsələsində təşəbbüsün Vaşinqtonun əlinə keçməməsi üçün hansısa planı işə sala biləcəyi də ehtimal olunur. Xatırladaq ki, əgər Vaşinqton görüşü baş tutsa, bu, 18 ildən sonra ABŞ-ın ev sahibliyi ilə baş tutacaq ilk Qarabağ görüşü olacaq.

Bu mənada Ermənistanda və işğal olunmuş ərazilərdə gərginliyin yaranması təsadüf sayıla bilməz. Qeyd edək ki, qəfildən Qarabağ klanının hərəkətə keçməsi, Paşinyanın iradəsinə zidd olaraq məhkəmənin Robert Köçəryanı həbsdən buraxması, “Daşnaksütyun” Partiyasının mitinq təyin etməsi İrəvanda gərgin atmosfer yaradıb. Belə olan təqdirdə təbii ki, Qarabağla bağlı dramatik situasiyanın yarana biləcəyi şübhə doğurmur. Bəzi müşahidəçilər zənn edir ki, həmsədrlər həm də gərginliklər səbəbindən narahatdırlar və bölgəyə səfər etməklə situasiya ilə yaxından tanış olmaq istəyirlər. Üstəlik, Azərbaycan ordusunun irimiqyaslı hərbi təlim keçirməsi Ermənistanı ciddi şəkildə narahat edir. Bu narahatlıq sözsüz ki, vasitəçilərdə də var.

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, həmsədrlərin regiona səfəri ciddi dəyişikliklərə səbəb olmayacaq: “Bu gün Ermənistanda vəziyyət kifayət qədər gərgindir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfəri əsasən bu gərginliklə əlaqədar ola bilər. Çünki Ermənistanda baş verən problemlər Dağlıq Qarabağ ətrafında gərginliyi tətikləyə bilər. Ona görə də həmsədrlərin səfərlərində məqsəd işğalçı ölkədə baş verənlərlə əlaqədar ola bilər”.

Azərbaycan ordusunun təlimlərinə gəldikdə, ekspert qeyd etdi ki, hərbi təlimlər plana uyğun olaraq keçirilir: “Hərbi yolla məsələnin həlli heç zaman gündəmdən çıxmayıb”.

A.Nağıyev həmsədrlərin düşmən təxribatlarına real qiymət verməsini zəruri sayır: “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyini gözləyirik. Həmsədrlər son vaxtlar baş verənlərə, Ermənistan rəhbərliyinin addımlarına deklorativ deyil, konkret mövqe bildirməlidirlər”.

Politoloq işğalçı ölkədəki duruma diqqət çəkərək dedi ki, Ermənistanda yaranmış gərginliyin səbəbi məhkəmənin Köçaryanla bağlı çıxardığı qərardır: “Təbii ki, bu, nə qədər səbəb kimi göstərilsə də, vasitə idi. Əsas səbəb isə Rusiyanın təsiri altında olan qüvvələrdən istifadə etməklə Paşinyana və onun yürütdüyü siyasətə qarşı atılan addımlardır. Dağlıq Qarabağ və Ermənistan arasında yaradılan gərginlik ilk növbədə kimə sərf edir? Cavab o ola bilər ki, hər iki tərəfə və Rusiyaya. Paşinyan may ayının 9-da Şuşaya səfər edəndən sonra Bako Saakyan və Arkadi Qukasyanın xahişi ilə Köçəryan 2000 dollar girov müqabilində azadlığa çıxır”.

A.Nağıyev burada oyunun olduğuna da şübhə etmir: “Bu məgər Paşinyansız həll edilə bilərdi? Əlbəttə ki, yox. Təsir edən amil o qədər güclü oldu ki, o bunu etdi və sonradan görüntü yaratmaq üçün məhkəmə sistemində islahatların keçirilməsinin labüdlüyünü gündəmə gətirdi. Qarışıqlıq yaranan kimi Bako Saakyan Ermənistan parlamentində açıqlama verdi və Paşinyanla hər hansı qarşıdurmanın olmadığını bəyan etdi. Bunlar təbii ki, hamısı bir siyasi gedişdir və əsas məqsəd də vətəndaşları aldatmaqdır. Paşinyan da, digərləri də bilirlər ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müqabilində işğal olunan rayonları saxlamaq çox çətin olacaq və Azərbaycan da getdikcə hərtərəfli təzyiqləri artıracaq. Paşinyan cavabdehliyi tam şəkildə Saakyan və digərlərinin üzərinə qoyur. Saakyan və tərəfdarları isə Paşinyana qarşı kampaniya aparırlar. Bunun qarşılığında Paşinyan 2016-cı ilin aprel məğlubiyyətinin səbəblərini yenidən araşdıracaqları ilə bağlı bəyanat verir və bu da Saakyanı və bir sıra iri məmurları qorxuya salıb. Eyni zamanda 1mart hadisələri ilə bağlı istintaq da yekunlaşmayıb. Paşinyan öz çıxışlarında bildirdi ki, keçmiş hakimiyyətdən qalma konkret qüvvələr var ki, qarşıdurma yaratmaqla Dağlıq Qarabağla Ermənistanı qarşı-qarşıya qoyur və öz cinayətlərini ört-basdır etmək istəyir. Təbii ki, o, Saakyan, Köçəryan, Sərkisyan və digərlərini nəzərdə tutur. Onun dediklərinə görə bunlar belə yolla Qarabağın bir hissəsini Azərbaycana verib bütün məsuliyyəti Paşinyan və onun komandasının üzərinə qoymaq istəyirlər. Artıq ABŞ bu siyasi oyunları təhlil edərək Paşinyana islahatların keçirilməsi ilə bağlı tövsiyələr də ünvanlayıb. Yəni vəziyyət süni də olsa, artıq gərginləşib. Lakin hiss olunur ki, idarə edilir. Təəssüf ki, bütün bunlar heç də münaqişənin həlli demək deyil. Gərginliyin yaranması göstərir ki, bu gün Ermənistan istər iqtisadi, istər siyasi və ya hərbi cəhətdən tam şəkildə tənəzzülə uğrayır. Bu vəziyyət isə Azərbaycana bütün istiqamətlərdə müsbət addımlar atmaq şansı verir”.

Politoloq Məhəmməd Əsədullazadə isə vəziyyətin gərgin müstəviyə keçə biləcəyini istisna etmir: “Ermənistanda baş verən siyasi böhran və Qarabağ klanının Moskvanın təlimatı ilə hərəkətə keçməsi baş nazir Nikol Paşinyanın siyasi dayaqlarını zəiflətməklə yanaşı, cəbhədə mümkün təxribatlara yol aça bilər. Bu, Azərbaycan üçün şansdır və yeni ərazilərin azad olunması istiqamətində uğurlu hərbi əməliyyat ola bilər. Qarabağ klanı çalışır ki, cəbhə bölgəsində vəziyyət gərginləşsin, bu da Ermənistan ordusunun məğlubiyyətinə gətirəcək və Paşinyana daxili etirazlar baş qaldıracaq. Azərbaycan Ermənistanda baş verən prosesləri yaxından izləməli və mütləq şəkildə yeni əraziləri azad etməlidir. Ermənistanda baş verən siyasi proseslərlə bağlı danışıqlar da səmərəsiz olacaq. Moskva onsuz da Azərbaycana qarşı təzyiqə getməyəcək”.

Mayın sonunda Minsk Qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Ermənistanın öz təcavüzkar mövqeyindən bir addım da olsun imtina etmədiyi, işğal edilmiş ərazilərdə yallı oynadıqları, hərbi təlimlər keçirdikləri bir zamanda həmsədrlərin bölgəyə səfəri nəyisə dəyişə bilərmi? Bu səfərlərin hər hansı məna və əhəmiyyəti mövcuddurmu?

Politoloq Qabil Hüseynli Moderator.az-a məlum səfərlərin görüntü xarakteri daşıdığını qeyd edib: “Təbii ki, bu səfərlər, sadəcə, görüntü xarakteri daşıyır. Həmsədrlər bununla göstərmək istəyirlər ki, guya Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirirlər. Bu səfərlərdə məqsəd məhz problemin həlli ilə bağlı səylərin davam etdiyi görüntüsünü yaratmaqdır”.

"Yeni Müsavat"
Diaspora