Rusiyalı məşhur televiziya aparıcısı, rus şovinist siyasətinin ən aqressiv təbliğat vintciyi funksiyasını qeyri-peşəkar səviyyədə icra edən Vladimir Solovyov yenidən Azərbaycana qarşı provokasiyaya əl atıb.
Axar.az xəbər verir ki, “Vladimir Solovyovla axşam” verilişində çıxış edən Solovyov Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına qoyub. Belə ki, Donbas böhranının müzakirə olunduğu verilişdə qondarma Luqansk “respublikası” nümayəndəsinin çıxışını kəsən Solovyov gözlənilmədən və heç bir aidiyyəti olmadan Ukraynanın Avropa Hərəkatı təşkilatının sədri Vadim Trüxan müraciət edərək, “Qarabağ kimindir?” sualını verib.Trüxan Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etməsinin ardından Solovyov əxlaqsız və aparıcıya yaraşmayan kinayə ilə yenidən ekspertdən “Bəs Ermənistan buna necə reaksiya verir?” sualına cavab istəyib. Bundan sonra Trüxanovun cavabına imkan verməyən Solovyov yenidən ona kinayəli şəkildə Paşinyanın Ukraynanın Qarabağla bağlı indiki mövqeyi ilə razı olub-olmamasını soruşub. Daha sonra özünü daha böyük erməni kimi hiss edən Solovyov “Sən Qarabağ uğrunda döyüşsəydin bilərdin ki, orada nə qədər insan qanı axıb və bu, erməni xalqını necə qəhrəmanlıq nümunəsidir. Artsax (Qarabağı nəzərdə tutur – red.) harda olmalıydısa, orda olma haqqını da əldə etdi (Solovyov Qarabağı ermənilərin “qəhrəmanlıqla döyüşüb almasına” haqq qazandırdığını ifadə edir – red.)
Zəruri olaraq xatırladaq ki, Dağlıq Qarabağ və onun ətrafında olan əraziləri Rusiya ordusu işğal edərək, ermənilərə verib. Aprel savaşında isə Azərbaycan ordusunun sürətlə irəliləməsinin qarşısını almaq üçün Rusiya 4 aprel tarixində Dağıstanda, Gürcüstanda (Abxaziya) və Ermənistandakı ordusunu eyni gündə, əvvəlcədən elan olunmadan, həyəcan siqnalı ilə ayağa qaldıraraq döyüş təliminə başladı. Yalnız bundan sonra Rusiya liderinin israrlı müraciəti ilə Azərbaycan ordusu öz mövqeyinə geri çəkildi.