Ermənistan və Qarabağ erməniləri arasında didişmə

Ermənistan və Qarabağ erməniləri arasında didişmə backend

İrəvanda küçə mübarizəsinin növbəti mərhələsi başladı; Paşinyan yenə öz tərəfdarlarına səsləndi; ermənişünas alim: “Proseslərin ciddi qarşıdurmaya keçməsi ehtimalları böyükdür...”

Belə görünür ki, işğalçı Ermənistan növbəti inqilaba “hamilədir”. Bunu demək üçün Ermənistanda son günlər baş verən proseslərə nəzər salmaq kifayət edər. Qeyd edək ki, Köçəryanın azadlığa buraxılmasından sonra baş nazir Nikol Paşinyan inqilabın “ikinci mərhələsinin” başladığını elan edərək, 20 mayda tərəfdarlarını məhkəmələrin qarşısına çağırmışdı.

Həftənin ilk günü səhər saatlarından etibarən Ermənistan baş nazirinin çağırışı əsasında onun tərəfdarları məhkəmə binalarına giriş və çıxışları qapatmağa başlayıblar. Belə ki, Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsinin girişləri qapadılıb. Xüsusilə Robert Köçəryanı azadlığa buraxan məhkəmə qarşısına daha çox insan toplaşıb. Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb.

Az sonra Ermənistan baş naziri də İrəvandakı məhkəmələrinin qarşısına toplaşanların yanına yollanıb. “Mən bütün çağırışlarıma reaksiya verən həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, yağışın altında xəstələnməyəcəksiniz. Sizi sevdiyimi, sizinlə fəxr etdiyimi və qarşınızda baş əydiyimi demək istəyirəm” - Paşinyan öz müraciətində bildirib.

N.Paşinyanın xalqa müraciətinin çıxılmazlıqdan irəli gəldiyi bəllidir. Təbii ki, baş nazir özünün ən qorxulu rəqibini həbsdən buraxmaq istəməzdi. Burada sözsüz ki, Rusiya faktoru öz sözünü deyib. Amma hakimiyyət daxilində, xüsusilə də məhkəmə sistemində Rusiyaya, o cümlədən məhkəmə-hüquq sistemində Qarabağ klanına, Serj Sərkisyan və Robert Köçəryana bağlı şəxslərin olması şübhəsizdir. Bu mənada Paşinyan onları silib-süpürmək üçün hərəkətə keçib. Ancaq “daş qayaya rast gəlib”. Hər halda, paralel olaraq qarşı tərəfin hərəkətə keçməsi Paşinyana yaxşı perspektiv vəd etmir.

Hər halda, Köçəryanın azadlığa çıxması Paşinyana qarşı güc nümayişidir. Erməni baş nazir tərəfdarlarını küçələrə çağırdığı zaman Köçəryan tərəfdarları da məhkəmə binasında revanşa hazır görünürlər.

İşğalçi ölkədə gərginliyin, vətəndaş qarşıdurmasının artdığını təsdiqləyən digər məlumatlara da diqqət yetirək. Bazar günü İrəvanın Avan rayonunda polis Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyanın avtomobilini saxlayıb. Axar.az xəbər verir ki, Balasanyanın avtomobilini saxlayan şəxslər avtomatlarla silahlanıblar. Onun avtomobilinin qanunsuz silah daşıma bəhanəsi ilə saxlanıldığı bildirilib. Balasanyanın avtomobilinin bir müddət sonra buraxıldığı bildirilib. Qeyd edək ki, Balasanyan bundan öncə İrəvanla Qarabağın separatçı və qondarma qurumu arasında baş verən qarşıdurmada əsas aparıcı sima olub.

Qarabağ separatçılarının güc nümayişinin növbəti bir təsdiqi isə oyuncaq seçkilərlə əlaqədardır. Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” sayılmış Araik Arutyunyan ad-soyadlı məxluq 2020-ci ildə keçirilməsi nəzərdə tutulan qanunsuz “ ”prezident" seçkiləri"nə hazırlıqla bağlı görüş keçirib (Moderator.az). “Prezident”liyə namizədliyini irəli sürmüş A.Arutyunyan Qubadlı rayonunun “İşxanadzor” adlandırılmış Xanlıq kəndində keçirdiyi görüşdə bir sıra vədlər verib. O cümlədən bildirib ki, rejimin “hazırkı iqtisadi inkişaf səviyyəsi hər bir ”vətəndaş"ın pulsuz və keyfiyyətli tibbi xidmət almasına şərait yaradır"...

Belə görünür ki, Şuşanın işğal günündə Qarabağ erməniləri ilə yallı getməsi N.Paşinyanın işinə yaramayıb. Kremldən təlimat alan separatçılar geri çəkilmək niyyətində deyillər və baş naziri yerində oturtmağa qərarlı görünürlər. Paşinyan hətta Şuşaya gələndə bəzi separatçılara sərt təpinmişdi. Ancaq müşahidələr göstərir ki, qarşı tərəf də geri çəkilmək istəmir, hətta İrəvanın mərkəzində Paşinyana meydan oxuyur.

“Ermənistan və Qarabağ xalqları arasında düşmənçilik, parçalanma və ziddiyyət yaratmaq istəyən korrupsiyalaşmış sistemin təmsilçisi olan qüvvələr var”, - deyə,Paşinyan narahatlıqla bildirib. Onun sözlərinə görə, Qarabağ erməniləri Ermənistandakı korrupsiyalaşmış sistemdən daha çox əziyyət çəkiblər. O deyib ki, Ermənistandakı keçmiş hakimiyyət nümayəndələri Qarabağdakı əlaqələrindən Ermənistan baş naziri və hakimiyyəti haqqında yanlış məlumatlar yaymaq üçün istifadə edir. Paşinyan bu qüvvələrin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını bildirib: “Mən bunu dövlətə xəyanət hesab edirəm. Mən bu cür niyyətlərin qarşısını almaq üçün sərt metodlar tətbiq edəcəyəm. Artıq 2016-cı il aprel müharibəsi ilə bağlı vəziyyəti öyrənmək üçün parlament qrupu yaratmağın vaxtı çatıb”. O, Qarabağ ermənilərini Ermənistan hökumətinə inanmağa çağırıb.

Göründüyü kimi, N.Paşinyan növbəti dəfə vəziyyətdən çıxmaq üçün “Qarabağ kartı”ndan istifadə etməyə çalışır. Əslində onun sələfləri də daim Qarabağ məsələsindən istifadə edərək hakimiyyətlərini davam etdiriblər.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Sabah”a açıqlamasında deyib ki, Ermənistanda baş verənlər əslində erməni xalqının təhqir edilməsidir: “Çünki Putinin 3 maddə ilə həbsə atılmış Robert Köçəryana təbrik məktubu göndərməsi, daha sonra həbsxanaya onun yanına getməsi Paşinyanı da, Ermənistanı da təhqir deməkdir. Bu o deməkdir ki, Rusiya Ermənistanın müstəqilliyinə, suverenliyinə barmaqarası baxır və onun səlahiyyətlərini öz quberniyalarının birinin səlahiyyətlərindən də az hesab edir. İndi etirazçılar Ali Məhkəməni mühasirəyə alıblar. Amma bunlar Paşinyanın elektorat bazasına daxil olan adamlardır. Onlar, sadəcə olaraq, Köçəryanın yenidən həbsə qaytarılmasını tələb edirlər. Hadisələrin hara doğru inkişaf edəcəyini söyləmək çətindir. Aydındır ki, əgər Köçəryan azadlığa buraxılıbsa, Sərkisyan da hadisələrə kənardan dəstək verirsə, bütün Qarabağ klanı ayaq üstədir və Ermənistanda ciddi qarşıdurma prosesi gedir. Bu proseslərə müqavimət göstərilməzsə, böyüyüb toqquşmalara gətirib çıxara bilər. Görünən odur ki, Ermənistanda antirus əhval-ruhiyyəsi sürətlə genişlənir. Putinin bu hərəkəti Ermənistanın heysiyyətinin tapdanması kimi qiymətləndirilir. Gələcək bundan daha koloritli hadisələrin meydana çıxacağına şəhadət verir”.

“Ermənistanda baş verənlər Qarabağ danışıqlarına təsir edə bilərmi” sualını Q.Hüseynli belə cavablandırıb: “Onsuz da Dağlıq Qarabağ danışıqları formal xarakter daşıyırdı. Ermənistanda baş verənlər Qarabağ danışıqlarının pozulmasına da gətirib çıxara bilər. Amma baş verən hadisələr hələ Paşinyanın hərəkətlərini tam iflic vəziyyətə salmasına şərait yaratmır. Buna görə də Nyu-Yorkda nəzərdə tutulan görüşün baş tutacağını gözləmək mümkündür”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda baş verənləri müntəzəm şəkildə izləyir: “Səhər saatlarında Paşinyanın çağırışı ilə məhkəməyə gedən bütün yollar kəsilib. Hakimlərdən biri pəncərədən içəri girmək istəyib. Xalqın qarşısına çıxan Paşinyan deyib ki, biz Köçəryanın azad edilməsinə imkan verməyəcəyik! Vəziyyət getdikcə gərginləşə bilər. Amma vəziyyətin nəzarətdən çıxması hələ ki mümkün deyil və ermənilər keçən il olduğu kimi Paşinyanı müdafiə etmək üçün meydanlara tökülürlər. Birbaşa yayında ”Azatutyun" radiosu məsələnin araşdırılması ilə bağlı reportajlar verir. Gözləyək, görək nə olar. Bura toplaşanlar indi yeni konstitusiya dəyişiklikləri tələb edirlər. Onlar hüquq-mühafizə sisteminin də baş nazirə tabe olmasını istəyirlər".

Bəzi müşahidəçilər hesab edir ki, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında yaranmış bu gərginlik Azərbaycan üçün torpaqlarını azad etmək şansı yaradır. Xatırladaq ki, 90-cı illərin əvvəllərində Azərbaycan daxilində qarşıdurmaların güclənməsi, siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizə aparması torpaqlarımızın müdafiəsiz qalması ilə nəticələndi və Ermənistanın əlinə fürsət düşdü. Elə bu yaxınlarda Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Ötən gün o, Şuşanın işğalı münasibətilə keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın ictimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb. Sərkisyan da təsdiq edib ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi. S.Sərkisyan deyib ki, Azərbaycanda o vaxt sadəcə olaraq daxili siyasi didişmələr, tam xaos hökm sürürdü. “Bu da bizə çox kömək etdi” - o deyib.

Q.Çaxmaqlı deyib ki, Azərbaycan belə durumları diqqətlə izləməli, hansı situasiyada hansı siyasəti yürütməyi bilməlidir: “Paşinyan indi ona qarşı olan bir sıra qüvvələrin üstünə gedəcək və təbii ki, qarşı tərəfdən dirəniş olacaq. Proseslərin ciddi qarşıdurmaya keçməsi ehtimalları böyükdür. Məncə, indi Azərbaycan müharibə ritorikasını artırmalı və hətta bir neçə yerdə məhəlli döyüşlərin baş verməsinə çalışmalıdır. Bu, istər-istəməz Ermənistanda reaksiyaya səbəb olacaq". Ancaq ekspertimiz bildirdi ki, məqam yetişərsə, Ermənistana zərbə vurulması da mümkündür.

Hələ ki Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirir. Ancaq diqqəti daxildəki proseslərdən yayındırmaq üçün düşmənin təxribatlara əl atması da gözləniləndir. Bu isə Azərbaycan ordusu üçün şans yarada bilər...

"Yeni Müsavat"
Diaspora