“Ayaz Mütəllibovun məqsədi özünü qorumaq üçün qvardiya yaratmaq idi”
Şuşanın işğalından 27 il ötdü. Hər ilin bu günlərində strateji ərazimizin təcavüzə məruz qalması ilə bağlı müzakirələr açılır. Əsas ittihamlar o zaman iqtidarda olan Ayaz Mütəllibova və 1992-cü ilin bu günlərində müdafiə naziri olan Rəhim Qazıyevə yönəlikdir.Habelə 1992-ci ildə Şuşa və Laçının işğal olunduğu 8-17 may aralığında o zamankı Azərbaycan Xalq Cəbhəsinin A.Mütəllibov iqtidarını devirmək üçün hərəkətə keçməsini və 15 mayda buna nail olmasının hər iki bölgəmizin itirilməsinə səbəb olduğunu düşünənlər də var.
O zamanlar AXC Ali Məclisinin üzvü olan deputat Fərəc Quliyev bu işğalın konkret şəxslərin ayağına bağlanmasının əleyhinədir: “Şuşanın işğalı vaxtı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olmadığı üçün məsuliyyət onun üzərində deyil. Çünki məsuliyyəti hakimiyyət daşıyır. O dönəmdə Xalq Cəbhəsi legitimliyi qazanmasına, uğurlu bir təşkilat olmasına baxmayaraq, məsuliyyəti o daşımırdı. Digər tərəfdən, çox prinsipal mövqeyim var və bunu heç zaman dəyişməmişəm, bundan sonra da dəyişməyəcəyəm. Bəzən Azərbaycanda Xocalı faciəsi, ərazilərimizin işğalı ilə bağlı düşməni qapıda axtarırlar. Bu çox yanlış bir yanaşmadır. Hətta bəziləri Xocalı faciəsi ilə əlaqədar birilərini ittiham etməklə məşğuldurlar. Bizim ərazilərimizi Rusiyanın köməkliyi ilə Ermənistan işğal edib, Şuşanı da həmçinin. Daxildə günah axtarmağa dəyməz. O dönəmdə biz məğlub olmuşuq. Doğrudur, ərazilərimizin müdafiəsində səhlənkarlıqlar olub. Amma Ayaz Mütəllibov iqtidarını bilə-bilə bu əraziləri verməkdə ittiham etməyi doğru saymıram. Bəli, o iqtidarın səhvləri oldu, amma bunu bilərəkdən etmədilər. Heç kim heç yeri bilə-bilə verməz yaxud torpağı satmaz. Kimə satıb, neçəyə satıb? Bunlar çox yanlış məsələlərdir. Hakimiyyətdə olan şəxs vətənpərvər olmasa belə, kreslosunun laxlamaması üçün o addımı atmaz. Çağırış edirəm ki, belə məsələlərlə bağlı verilən bəyanatlarda, səslənən fikirlərdə diqqətli olmaq lazımdır. Azərbaycan imperiyadan qurtulurdu. İmperiya da bu məsələlərin qarşısını almaq üçün ərazilərimizi işğal etdi. 20 Yanvar hadisəsindən sonra SSRİ müdafiə naziri bura gəlib açıq bəyanat verib, Azərbaycanda gedən proseslərin ölkənin ayrılmasına doğru gedir, biz AXC-ni əzməyə gəlmişik ki, bu məsələlər baş verməsin. Onlar ölkəmizin müstəqillik qazanmaması üçün bunları edirdilər. Bu baxımdan Şuşanın işğalında ayrı-ayrı adamların hədəf götürülməsinin tərəfdarı deyiləm. Amma bu başqa məsələdir ki, o hakimiyyətin yanlışlıqları olub. O zaman AXC Məclisinin üzvü və döyüşən biri kimi azdan-çoxdan tanınırdım. Şuşa ilə bağlı deyə bilərəm ki, o zaman 17 snayper silahını ora aparıb rəhmətlik Ramiz Qəmbərova vermişdim. Milli ordunun yaradılması ilə bağlı parlamentdə çıxış edib ilk dəfə məsələ qaldırmışam. Ayaz Mütəllibov da o iclasda iştirak edirdi. O, yerindən durub mənə cavab verdi ki, bizdə qvardiya yaratmaq kifayət edir. Özünümüdafiə qüvvələri kimi milli orduya gərəyin olmadığını söylədi. Məqsədi özünü qorumaq üçün qvardiya yaratmaq idi. Çox məsuliyyətsiz davranırdı. Moskvadan daha çox şey gözləyirdi. Fikirləşirdi ki, onlar hərbi qüvvələrini verəcəklər, yaxud danışıqlarla məsələni həll edəcək. Bax buna səhlənkarlıq deyirlər. Daha hakimiyyətini saxlamaq, yaxud başqa məqsədlər üçün ərazilərin qəsdən verildiyi yöndə səslənən fikirlər cəfəngiyyatdır. O dönəmdə Azərbaycan dövlətinin zəif olduğundan Rusiyanın maşası olan Ermənistana uduzduğunu düşünürəm. Şuşa çox strateji yer idi və təəssüf edirəm ki, onu itirdik. O zaman iş doğru qurulmadı. Xalq Cəbhəsi qüvvələri ciddi şəkildə savaşırdı. Bizi qeyri-qanuni silahlı qüvvələr adlandırırdılar. Savaşsaq da, görəvimiz yox idi. Təsəvvür edin ki, əlimizdən silahları yığırdılar. Bizə ”bandit" deyirdilər. Mən qanunsuz silahlı dəstələr yaratmaqda ittiham olunan şəxsəm. Məhkəmə zamanı dedim ki, əgər qanuni silahlı dəstələr fəaliyyət göstərməli idisə, o dönəmdə bu qüvvələr Rusiyanın 366-cı alayı idi və bu alay Xocalıda qırğın törətdi. Onların təbirincə desək, qanunsuz silahlı dəstələr yaratmışam, amma bunu düşünülmüş, şüurlu şəkildə etmişəm. Xalq Cəbhəsi şüurlu şəkildə qanunları pozsa da, işğalın qarşısını almaq üçün nələrsə edirdi. Amma o zamankı hakimiyyət bunu etmirdi, SSRİ-yə güvənirdi. Nəticə də belə oldu".
F.Quliyev dedi ki, AXC hakimiyyətə gələndə faktiki Xankəndinin 7 kilometrliyinə qədər getdi: “Ərazilərin böyük əksəriyyətini azad etdi. Bu şeyləri yaşamış şəxs olaraq deyirəm. Hücumlarımız da davam edirdi. Sadəcə, rusların əli ilə bizdə bəzi adamlar yanlışlıqlar etdilər. Ruslar AXC-nin hərbi sahədəki uğurlarını stopladılar. Rusiyanın müdafiə nazirinin müavini açıq şəkildə deyirdi ki, Kəlbəcərin işğalı ilə hakimiyyətdən getmədiniz, başqa bir şey quracağıq. Bunu da etdilər. AXC hakimiyyətinin əslində məğlub olması müharibədəki qələbələrinə görə idi. Əgər müharibədə qələbələr olmasaydı, bizim hökumət iqtidardan atılmayacaqdı. Şuşa və Laçının işğalı ilə əlaqədar ittiham olunmağımıza gəlincə, deyə bilərəm ki, bunlar tamamilə yalan söhbətlərdir. O zaman cəbhədə AXC-nin batalyonları döyüşürdü. Ramiz Qəmbərov AXC-ni quran kişilərdən biri idi. Şuşa batalyonunun komandiri və Şuşa Xalq Cəbhəsinin sədri idi. Orada şəhid oldu. Necə ola bilərdi ki, o özü ölsün, kimsə hakimiyyətdən getsin, bunun üçün də Şuşa verilsin. Çox məntiqsiz bir yanaşmadır. AXC-nin bir mövqeyi var idi ki, bəzi silahlı qüvvələr Qarabağdan istifadə edib, hakimiyyətə gəlmək istəyirlər, amma bizim məqsədimiz başqadır. Qarabağı azad etmək niyyətimizi tam şəkildə ortaya qoymuşduq. Bu baxımdan Xalq Cəbhəsinin ünvanına deyilən bütün ittihamları rədd edirəm”.
“Yeni Müsavat”