M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin erməni diasporu tərəfindən “Şuşanın işğaldan azad olunması” adı altında keçirilməsi planlaşdırılan tədbirlə heç bir əlaqəsi yoxdur.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən ONA-nın Moskva müxbirinə verilən məlumatda bildirilib.Qeyd olunub ki, bir müddət öncə sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də “Qarabağ müharibəsi qurbanları” ilə görüş keçirəcəyi haqında məlumat yayılıb. Həmin məlumatlarda MDU-nun həmin tədbirin tərəfdaşı olması göstərilib.
Azərbaycanın Rusiyadakı səfirliyi məlum məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib. Eləcə də vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Həmçinin səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib. Səfirlik Rusiyadakı Azərbaycan icmasının bütün üzvlərinə vətəndaş mövqelərini ifadə etdiyi üçün təşəkkürünü bildirib.