OĞURLANAN QƏHRƏMANLIQLAR və yaxud QƏHRƏMANLIQ OĞRULARI

OĞURLANAN QƏHRƏMANLIQLAR və yaxud QƏHRƏMANLIQ OĞRULARI backend

Başqasına aid bir malı qorunduğu yerdən, sahibinin xəbəri olmadan gizlincə almaq mənasına gələn oğurluq, mala və mülkiyyət hüququna qarşı işlənən təməl cinayətlərdən biridir.

Oğurluq başqasının tər axıdaraq alın tərindən və halal qazancından qazandığı malını oğurlayıb, qəlbini yaralayan böyük bir xəyanət, vicdana sığmayan cinayətdir.
Bunun üçün uca İslam dini verilən cəza edilən işə uyğun olsun deyə bu insafsızlığı edən kimsə üçün ağır bir töhmət gətirib əlinin kəsilməsini əmr etmişdir.

Bu misralar da elə bədahətən gəldi dilimə:

Oğurluq haramdır, başdan-binadan,
Bunu haram etmiş bizə yaradan,
Bu əməl betərdir, betər zinadan,
İnsanlıq adına ləkədir, vallah!

Soruram:-Oğurluğun ən çirkini hansıdır? Hansı oğurluq daha çirkindir?
Mən at oğrusu, it oğrusu, quş oğrusu, qaloş oğrusu, nə bilim nə oğrusu olan badoş, insanlığa ləkə gətirən bu əməl sahiblərini növlərə bölmək istəmirəm.

İnsanlıq dünyasında ən şərəfsiz, ləyaqətsiz bir "peşə" olsa da, oğurluğun ancaq böyük və kiçiyi ola bilər. Əməlin məğzi isə birdir:-Oğurluq!

Zaman bu oğurluqların sırasına "müasir" qafiyə, şeir, musiqi, adət-ənənə oğurluqlarını da caladı.

Mən isə son vaxtlar bizim cəmiyyətimizdə artıq ayaq açıb yeriyən, günün günorta vədəsi insanların gözü baxa-baxa olunan, amma nə açılıb, nə bükülən təm-təzə bir oğurluq haqqında yana-yana yazıram.

Bu oğurlanan nə mal-qaradı, nə də dəftər-qələm. Bu oğurlanan şirin canlarını ana Vətən yolunda "uf" demədən qurban etmiş, tariximizin, dövlətçiliyimizin, əxlaqımızın qan yaddaşına çevrilmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin qəhrəmanlıqlarıdır. Bu "əməlin sahibləri" isə qəhrəmanlıq oğrularıdır.

Onu deyim ki, qəhrəmanlıq nə əməldir, nə hərəkət. Qəhrəmanlıq həyat tərzidir. Belə başa düşək ki, insan gərək yalnız hər hansı bir hərəkəti və ya əməli ilə deyil, ümumiyyətlə, bütün həyatı boyu qəhrəman kimi yaşasın, qəhrəman kimi həyat tərzi keçirsin və öləndə də qəhrəman kimi köçsün bu dünyadan. Qəhrəman kimi də xatırlansın. Qəhrəmanlar ölür, qəhrəmanlıq isə əbədi olaraq yaşayır.

Dahi Səməd Vurğun demişkən:

Qızılı örtsə də qara torpaqlar,
Yenə qiymətini özündə saxlar!

Qəhrəmanlıq da qızıl kimi bir şeydir. Ancaq qəhrəmanlıq qəhrəmanın özü ilə qara torpağa basdırılmır. Qəhrəmanılığın üstünü laqeydlik, biganəlik, unutqanlıq pərdəsi örtə bilər. Ancaq bu laqeydlik, biganəlik, unutqanlıq pərdəsi onun qiymətini itirə, şöləsini söndürə bilməz.

Xalqımızın tarixinin sirdaşı, iftixarı, qüruru, baş ucalığı, üzağlığı, bu gündən sabaha uzanan əli, gələcək nəsillərə deyəcəyi sözü olan qəhrəmanlıq göydən düşmür, nə də ki, pay verilmir, o nə də bazarda satılmır. Qəhrəmanlıq qan, can, həyat bahasına qazanılır. Hər kəsin də qəhrəmanlığı onun öz adına yazılır, öz adına möhürlənir.
Qəhrəmanlıq oğurlanmır da. Əldən-ələ keçmir də.

Həyatda hamı qəhrəman olsaydı onda qəhrəmanlıq da ucuzlaşardı. Dəyərdən düşərdi. İtib-batardı. Heç olmazdı...

Tanrı qəhrəmanlıq hiss və duyğusunu hamıya vermir. Dağlar kimi əzəmətli, sevən ürəklərin, eşqə düçar olmuş məcnunların, məhəbbət aşiqlərinin dilindən qopan ilahi bir nəğmə olan muğamlarımızın ifası üçün nadir insanlara səs bəxş etdiyi kimi, qəhrəmanlıq duyğuları da Tanrının özünün sevdiyi insanların qanında, canında olur.

Qəhrəmanlıq üçün əsl meydan savaş meydanıdır. 30 ildir ki, Azərbaycanda bu meydan var.

"Bu meydan, bu şeytan!"-deyib ulu babalarımız. 30 ildə bu meydan xalqımızın qəhrəmanlarını da ortaya çıxarıb, qorxaqlarını da. Qoçaqlarını da ortaya çıxarıb, fərarilərini də. Özü də elin gözünün qarşısında. El gözündə ucalan ucalıb, gözdən düşən düşüb...

Haşiyə:10 il bundan əvvəlin söhbətidir. 9 May Qələbə Günü münasibətilə Quzanlı Qəsəbə Mədəniyyət Evində yığıncaq, həm də konsert olacaqdı.
Hələ rəhbərlik gəlməmişdi. Zalda Ağdam rayonundan olan 70 nəfərə yaxın Böyük Vətən Müharibəsi iştirakçısı əyləşmişdi. Artıq yaşlaşmış, qədd-qamətləri əyilmiş, bəziləri əli əsalı, bəziləri kiminsə əlindən tutub yıxıla-yıxıla gəlmiş müharibə veteranları bir-birləri ilə şirin söhbətləşir, cəbhə xatirələrindən də danışırdılar.
Ön cərgədə mənimlə yanaşı orta boylu, yaşı səksənə yaxın olan bir veteran kişi əyləşmişdi. Deyəsən ağır eşidirdi. O, çevrilib zalı gözdən keçirdi, sonra mənə tərəf çönüb dedi:

-Oğlum, bunlar nə goplaşırlar?

-Müharibədən danışırlar, əmi,-dedim.

Bu kişi dərindən bir köks ötürdü. Sonra qolumdan tutub məni özünə tərəf çəkdi.
Qulağıma öz aləmində yavaşca desə də yan-yörəmizdəkilərin də eşidəcəyi tərzdə dedi:

-Eh, ay oğlum, onların danışdığı hamısı yalan, hap-gopdu. O müharibənin od-alovunu mən görmüşəm, kirpiyimnən mən od götürmüşəm. Mazdokdan Berlinə qədər bu nemesləri it kimi qova-qova, qıra-qıra mən aparmışam. O Berlinə də bayrağı mən sancmışam. Hitlerin özünü də qaçanda gəmisi ilə dənizdə mən topla vurub batırmışam.

Əlimi onun boynuna salıb:

-Eşq olsun sənə, əmi,-dedim!

Amma yığıncağın sonuna qədər için-için güldüm...

...İndi Qarabağ müharibəsi gözdən uzaq, könüldən iraq bir ölkədə-Ukraynada, Belorusiya, Polşa, Çexoslavakiya, İtaliya, Almaniyada olmayıb. Bu müharibə burada-gözümüzün içində-hamımız üçün doğma olan Şuşada, Laçın, Qubadlı, Fizuli, Kəlbəcər, Ağdərə, Ağdamda-evimizdə, həyətimizdə, bağçamızda olub.
Ağdamda əzəli torpaqlarımızın erməni təcavüzündən müdafiə olunması uğrunda döyüşənlərin 90 faizi müharibəyə qədər bir-birini tanıyan, bir-birinə hörmət və izzəti olan ağdamlılar olublar.

Sözümün canı odur ki, əvvəlcə, gəlin Qarabağ müharibəsindən danışanda yuxarıda məsəl çəkdiyim Böyük Vətən Müharibəsi veteranı kimi danışmayaq.

Bu müharibədə hap-gopa, yalanları şar kimi üfürməyə, özünə qəhrəmanlıq donu geyindirməyə, başqasının qəhrəmanlığını öz adına yazmağa iynənin ildızı boyda yer yoxdur. Çünki bir şeyi bilək ki, bu savaşda hər kəsin şahidi öz kölgəsi kimi onun arxasındadır. Nə zaman harada, nə, kim, hansı döyüş, hansı əməliyyat haqqında danışırıqsa ehtiyatlı olun. Yüz ölçüb bir biçin, uydurmalar, yalanlar danışmayın.
Bu gün kimlərinsə qəhrəmanlığını oğurlayanlar var. Bu gün qəhrəmanlıq eşqinə düşənlər var. Şirinlərin, Allahverdilərin, Yelmarların, İdrislərin, Hidayətlərin, Rövşənlərin, Nazimlərin dastanlara sığmayan igidliklərinə, cəsurluqlarına, fədakarlıqlarına göz dikərək bu qəhrəmanlıqları öz adlarına çıxmaq istəyənlər var.
Bu yerdə mən deyərdim ki, oğurluğun ən çirkini qəhrəmanlıq oğurluğudur.
Sual edirəm:-Axı, bu oğurlanan qəhrəmanlıqlar nəyinizə gərəkdir?

Hər kəs öz əməlinin sahibi olmalıdır. Başqasının əməlinin yox! Əgər döyüşlərdə bir qəhrəmanlığı etməmişsinizsə, bir fədakarlığı göstərməmişsinizsə, niyə bu qəhrəmanlığın eşqinə düşürsünüz?

Niyə kiminsə həyatını qurban verib, canını qoyub ucaldığı qəhrəmanlıq zirvəsinə sahib olmaq istəyirsiniz? Axı, siz heç alçaq bir təpəyə, dikdirə belə layiq deyilsiniz!
Şirin, Allahverdi, Yelmar, İdris, Hidayət, Rövşən, Nazim olmaq üçün onlar kimi olmaq lazım idi. Axı, siz elə olmamışsınız, ey qəhrəmanlıq oğruları!
Əgər qəhrəman olmaq, dillərə düşmək, tarixdə əbədi izin qalmaq isəyirsinizsə o savaş meydanında niyə özünüzü göstərmirdiniz?

Deyimmi?! Buna qeyrətiniz, cürətiniz çatımayıb ona görə.

Lap yaxşı, onda bəlkə vaxtınız olmayıb? Amma indi yenə vaxt var. Hələ Qarabağ müharibəsi bitməyib. Oğulları çək-çevir edən, ələyən qəhrəmanlıq meydanı yığışdırılmayıb! Meydan da durur, şeytan da.

Dünən Mübariz İbrahimov, Fərid Əhmədov, Raqub Oruсov özünü neсə göstərdi o meydanda, buyurun, siz də göstərin özünüzü!

Burada sevimli şairimiz Mikayıl Müşfiqin aşağıdakı şeiri yadıma düşür:

Şairə ilhamdan maya gərəkdir,
Anasız çoсuğa daya gərəkdir.
Şairəm söyləyir hər yoldan ötən,
İnsanın üzündə haya gərəkdir.

Mənsə deyirəm:

İgidə nəsildən maya gərəkdir,
Keçməyə dağ, dərə, qaya gərəkdir.
İgidəm söyləyir, qaçıb gizlənən,
Kişinin üzündə haya gərəkdir.

Axı torpaqlarımızın 20 faizi 30 ilə yaxındır ki, düşmən tapdağı altındadır. İşğal olunmuş, neсə deyərlər, сan üstə olan torpaqlarımızda ev-eşiklərimiz сəhənnəm, ulu babalarımızın əl izləri, nişanələri yaşayan, mənəvi dəyərlərimiz olan qədim abidələrimiz, qəbiristanlıqlarımız viran edilir, o torpaqlardakı tarixi izlərimiz yerli-dibli silinir, qazılıb itirilir. Zəngin sərvətlərimiz daşdanıb aparılır. Bizsə, daha çox beş-üç gün əlinə silah alıb, dalda-buсaqda gizlənən, сanında arpa dənəsi boyda yarası olmayan, amma saxta Qarabağ müharibəsi əlili, veteranı adı alanlar bu adı əllərində bayraq edərək az qala Vətənin gözünü tökürlər.

Qırğı kimi yeriyən birinin əlində "nakolkalı" ala-bula çəlik, sinəsi rəhmətlik Brejnevin sinəsi kimi şaqqıldaqlı, bər-bəzəkli, amma içi təzəkli, birinin əlində oxşarı olan başqa birisinin xocalıları xilas edərkən çəkilmiş şəkli, birinin əlində "9 B" kağızı, birinin əlində nə bilim nə...o idarə sənin, bu təşkilat mənim burunlarını soxur, özlərini sanki alçacıq dağları yaratmış, haranısa fəth etmiş, böyük pəyənin buzovları kimi apararaq məmurlara ot yondurur, özlərini Vətənin qəhrəman, cəsur, düşmən bağrı yaran, erməniləri qırıb-tökən oğulları kimi ictimaiyyətə zorla pərçimləyirlər.
Belə utanmaz, ölməz, yaramaz reklamçı gədələrin yerinə adam qat-qat tər tökür, yeri yarıb torpağa girmək istəyir.

Belə məqamda düşünməsən, yazmasan, belə mənəviyyatsız, düşüncəsizlərin buzovunu çəkib qabağına qoymasan vallah olmur.

Və istər-istəməz düşünürsən:-Bu şərəfsiz, ləyaqətsiz gədələr məğub bir ordunun əsgərləridir. Əgər bunlar qalib bir ordunun əsgərləri olsaydılar, Allah eləmiş Xankəndinə bayraq sancsaydılar yerə-göyə sığmayıb Vətənə, xalqa, məmurlara qarşı hansı hoqqaları çıxarardılar?

Dəhşətlisi odur ki, indi başqalarının təkcə qəhrəmanlıqları oğurlanmır. Tanrı tərəzisinə daş atmayan, Vətəni hər an keçi qiymətinə satmağa hazır olan alçaq, "üzünə tüpürsən nə qəşəng qar yağır" deyən gədələr pulla, tanışlıqla başqalarının veteranlıqlarını, əlilliklərini, şəhidliklərini də oğurlayırlar!

Gəlin, öz-özümüzə bir sual verək: Bu gün yaralanmış, paralanmış, səmasında 30 ildir ki, qara buludlar dolaşan doğma Vətənin üzünə baxmağa, Azərbaycan qadınının önündə kişilənməyə, övladlarımzın qabağında qürurlanmağa, şəhidlərimizin ruhu qarşısında dillənməyə haqqımız varmı?

Ömrümün ən acı bir anını xatırlayıram:-Xocalı faciəsindən bir neçə gün sonra vəhşi ermənilərin caynağında ismət və həyası, bakirəliyi murdar ayaqlar altına atılıb tapdalanan, arzuladığı ölümə belə əli çatmayan əsir azərbaycanlı qızın rabitə dalğasında eşitdiyim yalvarış fəryadının titrək səsi bu gün də qulaqlarımdan getmir.

Bu gün 30 ilə yaxındır ki, erməni əsirliyində qalan, bütün həyatı param-parça olmuş, arzu və istəkləri məhv edilmiş, şərəf və ləyaqəti alçaldılmış, hər gün murdar nəfəs dəyən qadınlarımız vardır.

O qadınlar kimdir? Kimin anasıdır? Kimin bacısıdır? Kimin namusudur?

Tək bir ailəninmi? Əsla yox! O əsir qadınlar hər bir özünü qeyrətli sayan azərbaycanlı kişinin anasıdır, bacısıdır, namusudur!

Budurmu azərbaycanlı qadının qaşısında yekə-yekə kişilənməyimiz? Budurmu Vətən qarşısında papağımızı əyri qoyub dik durmağımız? Budurmu övladlarımıza nümunə olacaq örnəyimiz? Budurmu şəhid oğullarımızın narahat ruhlarına rəhmət oxutmağımız?

Vətən təkcə öz şəhidlərinə haqqını halal edib. Vətən təkcə al qanı ilə onun torpaqlarını sulayan şəhidlərinə qucağını açıb. Qalanlarımız suyunu içdiyimiz, havasını udduğumuz, torpağının naz-nemətlərini daddığımız bu Vətənin qarşısında borcluyuq.
Vətənə az-çox nə xidmət etmişiksə onu Vətənin başına qaxanc etməliyikmi? Vətən anadır, anadan da əzizdir, şirindir, müqəddəsdir!

İndi Vətən də əsirdi, ana da əsir! Hələ Vətənin də, ananın da önündə başıaşağı nankor övladıq! Bu adla da torpağa basdırılmağı Allah bizə qismət və nəsib etməsin! Çünki nankor adımız bizimlə can evinə qoyulmayacaq. Biz öləcəyik, amma o adımız Vətənin tarixində, anamızın dilində əbədi qalacaq!

Tanrı bizə bu xəcalətimizi yumağa, adımızı təmizə çıxarmağa, Vətənimizin və anamızın qarşısında üzümüzü ağ etməyimizə imkan versin!

Ey qəhrəmanlıq oğruları! Ey zərrə qədər sevmədiyi, yolunda əzab çəkmədiyi halda Vətənimin üstünə ayaq açanlar! Ey qəhrəmanlıq eşqinə düşən saxta qəhrəmanlar! Yığışdırın bu oğurluqlarınızı, bu ucuz "reklam"larınızı! Öz haqqınız nədirsə ona sahib durun. Bilin ki, kiminsə qəhrəmanlığına, hünərinə uzatdığınız əllərinizi kəsərik! Bütün saxtakarlıqlarınızı üzə çıxarıb sizləri el gözündə çəkərik!

Ey qəhrəmanlıq oğruları! Bu yazı sizlərə bir ismarıcdır. Özü də tək mənim ismarıcım deyildir. Bu Vətənin, bu torpağın yolunda canını qoyan, qanını tökən, minbir əzab-əziyyətlər çəkən və bu Vətəni, bu torpağı, bu milləti ana qədər sevən, bu gün Vətənin, şəhidlərimizin ruhu qarşısında hələ özlərini borclu, xəcalətli bilən oğulların ismarıcıdır!

Bilin ki, sizin kimilərə aramızda, sıramızda yer yoxdur! Heç Vətənin xeyir-şər dəftərində də sizlərin adı yoxdur! Sizin kimilərini öləndə də bu torpağa basdırmaq lazım deyil. Çünki sizlərin basdırıldığınız torpaqdan elə sizin kimi alaq otları da cücərəcəkdir!

Qəhrəmanlıq oğrularına, saxta Qarabağ müharibəsi əlilləri, veteranlarına ucuz, qara qəpik qiymətində belə olmayan ölüm arzularıyla:

Baxşeyiş ABBASOĞLU,
"Azərbaycan Bayrağı" ordenli əməkdar jurnalist.

Diaspora