Qarabağ üçün dəyişən hərb və sülh şərtləri

Qarabağ üçün dəyişən hərb və sülh şərtləri backend

Münaqişə ətrafında vəziyyət istənilən an “partlaya” bilər; rusiyalı ekspert: “Azərbaycan Ordusu bir həftəyə İrəvana çatar, əgər...”; amerikalı təhlilçi: “İşğalçı Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir”

Keçən həftə Azərbaycanla qardaş Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçirildi. Təlimlərdə iki ölkənin şəxsi heyətini təmsil edən minə yaxın hərbçi, çoxlu sayda ağır hərbi texnika və döyüş vertolyotları iştirak elədi. Əsas hədəf düşməni hücum taktikası ilə məhv eləmək və onun ərazisində dağlıq və düzənlik əraziləri ələ keçirmək olub. Yəni söhbət Dağlıq Qarabağ da daxil, işğal altındakı torpaqlarımızı azad eləmək olub.

Budəfəki Azərbaycan-Türkiyə təlimləri də xarici hərbi ekspertlərin diqqətini məxsusən çəkib. Məsələn, rusiyalı hərbi analitik Aleksey Xlopotov hesab edir ki, artıq Qarabağın, digər ərazilərin işğaldan güc ssenarisi ilə azad edilməsi yeganə çıxış yolu kimi qabarmağa başlayıb. “Dağlıq Qarabağ problemini yoluna qoymaq üçün bircə şey lazımdır: bu gün və ya sabah Azərbaycan Ordusuna hücum əmri vermək. Əminəm, bir həftədən də az müddətdə o, İrəvanda olacaq. Orada isə artıq qoy siyasətçilər durumu həll eləsinlər. Bircə prosesə qarışmasınlar və onu dayandırmasınlar”, - deyə o qeyd edib.

Məsələ də əslində hər şeydən öncə bundadır: Azərbaycan Ordusunun müzəffər yürüşünə xaricdən hansısa əngəlin yaradılması. Söhbət əlbəttə ki, ilk növbədə Rusiyadan - Ermənistanın faktiki, işğal ortağından gedir. O Rusiya ki, 2016-cı ilin aprelində öz maraqlarını əsas götürərək, silahlı qüvvələrimizin irəliləməsini əngəllədi. Rusiya amilini ciddiyə almamaq isə hələ ki qeyri-mümkündür.

Digər yandan, Moskva əlində unikal imkanlar ola-ola, əfsuslar olsun ki, Dağlıq Qarabağ probleminin dinc həllinə də ciddi maraq göstərmir. Moskva rəsmiləri ilk növbədə münaqişə tərəflərinin özlərinin anlaşmalı olduğunu bəyan edirlər. Bu isə mümkünsüzdür. Çünki Ermənistan regionda Kremlin yeganə legitim forpostu, hərbi qalasıdır və Kremlin izni olmadan Azərbaycanla anlaşmaya gəlməkdən ehtiyatlanır. Bundan ötrü Ermənistanın ən azından Azərbaycan qədər müstəqil və söz sahibi olması gərəkdir. Hərçənd, o da gerçəkdir ki, Ermənistanın siyasi rəhbərliyi və cəmiyyəti də ədalətli sülh anlaşmasından xeyli uzaqdır. Heç şübhəsiz, ermənilər həm də Rusiyaya arxayın olaraq, belə maksimalist, radikal mövqe tuturlar. Moskvada da bunu yaxşı bilir və münaqişənin uzanması üçün istifadə edirlər.

*****

“Ermənistan Rusiyanın Cənubi Qafqazdakı nökəridir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert bu xüsusda tatar əsilli ukraynalı deputat Mustafa Nayemin ötən həftə Ermənistana buraxılmamasına diqqət çəkib.

“Ermənistanın Rusiyanın qulu olduğuna dair növbəti hadisə baş verib. İrəvanda keçirilən beynəlxalq konfransda ukraynalı deputat Mustafa Nayem iştirak etməli imiş, o bu məqsədlə İrəvana gedib, ancaq sərhəddə ona deyiblər ki, ölkəyə buraxmayacaqlar. Saatlarla gözlədiblər, Ukrayna səfirliyi işə qarışdıqdan sonra Nayemi çox çək-çevirdən sonra ölkəyə buraxıblar. Soruşa bilərsiniz ki, Rusiyanın bu məsələyə nə dəxli var? Məsələ burasındadır ki, Rusiya sərhədçiləri Ermənistanın yalnız Türkiyə və İranla quru sərhəddində keşik çəkmirlər, İrəvan hava limanı da onların nəzarətindədir, çünki hava limanı sərhəd qapısıdır. Maraqlı durumdur, rusiyalı sərhədçilər ukraynalı deputatı Ermənistana buraxmırlar. Nahaq yerə Rusiya Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov çaşıb sözün düzünü bu şəkildə deməmişdi: ”Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur". Əslində “nökəridir” desəydi, daha doğru olardı".

Politoloqa görə, bütün əmrləri Moskvadan alan İrəvan elə buna görə Azərbaycan torpaqlarının işğalına son qoymur. “Çünki Moskva bu məsələdə israr etmir, məsələ bu qədər sadədir”, - deyə o əlavə edib.

*****

“Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini Azərbaycan ərazisində saxladıqca ATƏT-in Minsk Qrupu çərçivəsində bütün sülh səyləri iflasa məhkumdur”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri isə amerikalı ekspert Piter Teys azernews-a deyib.

“Paşinyan hökumətinin Dağlıq Qarabağla bağlı konkret addımları görünmür. Ermənistan suveren Azərbaycanın 20% ərazisini işğal eləməkdə və regionda işğalçı mövqeyə sadiq qalmaqda davam edir. Bütün beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyün tanıyır, BMT TŞ-nin 4 qətnaməsi erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir”, - deyə o xatırladıb.

Onun sözlərinə görə, erməni baş nazir beynəlxalq birliyin tələbi əsasında erməni silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından çıxarılması üçün təcili addımlar atmalıdır ki, bölgədə daimi sülh, regional təhlükəsizlik və iqtisadi tərəqqi təmin olunsun.

“Azərbaycan səbirlə bunu gözləyir - baxmayaraq ki, onun əlində öz ərazilərini zor gücü ilə azad eləmək üçün yetərli güc var. İrəvana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Qafqazda işğalçı hərəkətlərinin siyasi ittihamı Paşinyana təzyiq üçün, erməni silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılması üçün çox vacibdir. Yalnız işğalçı qoşunlar çıxarıldıqdan sonra Dağlıq Qarabağ konfliktinin nizamlanmasında uzunmüddətli nəticələrdən danışmaq mümkün olacaq”, - deyə amerikalı təhlilçi əlavə edib.

Ancaq məsələ də ondadır ki, təcavüzkar Ermənistanın arxasında onun işğal ortağı Rusiya durub. Rusiya istəsə, beynəlxalq sanksiyalar olmadan da Ermənistanı ram edə bilər. Demək, beynəlxalq birlik həm də bu amili ciddiyə almalı, Rusiyanın Ermənistanı yola gətirməsi üçün Kremlə təzyiq eləməlidir. Hərçənd ABŞ və Avropa Birliyinin də İrəvana təsirli rıçaqları mövcuddur və bu rıçaqlar getdikcə artır. Bu rıçaqları tezliklə işə salmaq gərəkdir. Çünki münaqişə ətrafında vəziyyət istənilən an “partlaya” bilər...
musavat.com
Diaspora