Gürcüstanın Ninotsminda şəhərində hazırda yaşanan çarəsizlik 1980-ci illərin Qarabağını xatırladır.
Bu sözləri rus tarixçi və politoloq Oleq Kuznetsov ABŞ ermənilərinin Gürcüstandakı ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsinin inkişafı üçün təşkil etdiyi telemarafonu Axar.az-a şərh edərkən deyib.“Mən bilərəkdən bu ərazinin erməni dilindəki adını deyil, gürcü dilindəki adını çəkdim. Gürcüstan rəhbərliyi kədərli Qarabağ təcrübəsini nəzərə alaraq, milli azlıqların dövlət səviyyəsində assimilyasiya siyasətini səylə davam etdirir. 10-12 il əvvəl onlar gürcü dilinin ölkənin bütün sakinləri tərəfindən icbari tədris proqramına başladılar, digər dilləri isə yerli hakimiyyət orqanlarına və etnik icmalara həvalə etdilər”, – deyə ekspert bildirib.
Kuznetsov əmindir ki, Gürcüstandakı bu humanitar problemlərlə təkcə ermənilər deyil, həm də azərbaycanlılar üzləşib:
“Lakin azərbaycanlılar buna belə sərt reaksiya vermir və ya Azərbaycan mətbuatı bu mövzuda yazmamağı üstün tutur.
2007-ci ildə oradan çıxarılan Rusiya Müdafiə Nazirliyinin 82-ci hərbi bazası Axalkalaki şəhərində yerləşdiyi zaman bura de-fakto rəsmi Tiflisə tabe deyildi. Cavaxetiyadan olan erməni millətçiləri Qarabağ müharibəsinə kütləvi şəkildə qoşulublar. Bu ərazidə, demək olar ki, heç kim tərəfindən nəzarət olunmayan silah, narkotik və bütün dünyada qanuni satışı ciddi şəkildə məhdud olan digər malların dövriyəsi gedirdi.
O zamandan bəri vəziyyət çox az dəyişib – Nanotsmindada yaşayan ermənilər gürcü dilini bilməməsi və öyrənmək istəməməsi səbəbindən öz siyasi və vətəndaş hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdılar.
Bununla ölkədəki ermənilər dövlət qurumlarında və bələdiyyələrdə işləmək hüququndan özlərini məhrum etdilər, ümumilikdə dövlət sektorunda çalışmaq şansını itirdilər”.
Tarixçinin sözlərinə görə, son zamanlara qədər “suveren Cavaxetiya” xülyaları ilə yaşayan yerli erməni millətçilərinin sosial vəziyyəti onsuz da iqtisadi depresiya şəraitində yaşayan Gürcüstan əhalisinin vəziyyətindən də aşağıdır:
“Rəsmi Tiflis isə ermənilərə deyir: əgər Gürcüstan ərazisində erməni kimi yaşayaq istəyirsinizsə, ot-alaq yeyib yaşayın. Yox, əgər gürcü kimi yaşamaq istəyirsinizsə, erməni olduğunuzu unudun və gürcülər kimi yaşayın.
ABŞ ermənilərinin Cavaxetiya ermənilərinin emiqrasiyasının qarşısını almaq üçün maliyyə toplaması Gürcüstan hakimiyyətinin ictimai assimilyasiya siyasətinin erməni məsələsində öz praktiki nəticəsini verir”.
Kuznetsov hesab edir ki, Cavaxetiya tədricən Ninotsmindaya çevrilir:
“Bu da İrəvan və Kaliforniyadakı erməni millətçilərini qane etmir. Çünki onlar bu regionu “qədim Ermənistan” ərazisi hesab edirlər. Əgər hazırki tendensiya davam edərsə, 30-40 ildən sonra – yeni gələn nəsil artıq buranı ikidilli, bəlkə də ancaq gürcüdilli ərazi sayacaq. Lakin məhz bu perspektiv “Böyük Ermənistan” memarlarını çox qorxudur.
Ninotsmindadakı vəziyyətin bu inkişafı Cənubi Qafqaz xəritəsində dəyişikliyə gətirib çıxara bilərmi? Şübhəsiz ki yox. Çünki Qarabağ nümunəsində bütün dünya və ermənilərin özləri gördü ki, müstəqil, iqtisadi cəhətdən sağlam və rəqabətli dövlət qura bilmədilər.
Ermənilər xarici maliyyə dəstəyi olmadan hər hansı bir ərazidə yaşaya bilməzlər. ABŞ-da təşkil olunan telemarafon bunun bariz sübutudur.
Xatırlatmaq istəyirəm ki, Qarabağ ərazisində yaşayan erməniləri də dəstəkləmək üçün bu tipli telemarafonlar keçirilib.
Əvvəlcə onlar dünyanın müxtəlif yerlərindəki erməni diasporundan dəstək aldılar, İrəvan buna miyonlar xərclədi. Daha sonra isə sponsorların sayı günü-gündən azalmağa başladı. Bir neçə il sonra isə tamamilə dayandı.
Qarabağ ermənilərinə kömək diapor üçün aktuallığını itirib. Bu sabun köpüyünə pul verəcək səfehlər ermənilər arasında mamontlar kimi tükənib. Ona görə də belə şoulardan ciblərinə kifayət qədər pul qatlaya bilən təşkilatçılar gündəmi azacıq korrektə edib diqqət mərkəzinə Cavaxetiyanı gətirmək istəyirlər. Bilmək olmaz, bəlkə kimsə boşuna pul xərcləmək həvəsinə düşdü”.