ABŞ-ın Xarici siyasət şurasının baş elmi əməkdaşı Stiven Blank “Vaşinqton Tayms” qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın, habelə erməni lobbisinin mövqeyinin tənqid olunduğu analitik yazı qələmə alıb.
Musavat.com həmin məqaləni təqdim edir.“Dağlıq Qarabağ müharibəsi yalnız Cənubi Qafqazda baş vermir. O, həmçinin Birləşmiş Ştatlarda erməni diasporunun üzvləri və istənilən məsələdə onların nümayəndəsi kimi çıxış edən Amerika Erməni milli komitəsi (ANCA) kimi təşkilatlar tərəfindən oynanılır. Hər bir halda onların Dağlıq Qarabağ məsələsində mövqeyinin heç bir əsası yoxdur, çünki Ermənistan tərəfindən işğal olunan ərazilər dünyanın əksər dövlətləri tərəfindən də tanındığı kimi, Azərbaycana məxsusdur.
Problemlə bağlı olaraq ATƏT nəznində 3 ölkədən, ABŞ, Fransa və Rusiyadan ibarət “Minsk qrupu” adlanan qurum təsis edilib. Həmin qrup 2007-2009-cu illərdə münaqişənin həlli üçün “Madrid prinsipləri”ni formalaşdırıb.
Bu razılaşdırılımış prinsiplər Dağlıq Qarabağ xaric, Ermənistan tərəfindən işğal olunan əraizlərin dərhal Azərbaycana qaytarılmasını; Dağlıq Qarabağın özünə, onun təhlükəsizlik və özünüidarə hüququnu təmin edəcək müvəqqəti status verilməsini; Ermənistandan Dağlıq Qarabağa dəhliz verilməsini nəzərdə tutur. Bölgənin gələcəyi isə əhalinin əvvəlki yurdlara geri qayıtması, onların təhlükəsizliklərinin beynəlxalq səviyyədə, sülhməramlı missiya daxil olmaqla təmin edilməsi və əhalinin iradəsinin ifadəsi yolu ilə müəyyən olunacaq.
Böyük bir ehtimalla İrəvanla koordinasiya halında hərəkət edərək Amerika Erməni milli komitəsi (ANCA) Madrid prinsiplərini ağılsız və qeyri-demokratik adlandıraraq onu tənqid etməyə başlayıb. Lakin ANCA-nın əsl dərdi Madrid prinsiplərinin Dağlıq Qarabağı müstəqil ərazi olaraq qəbul etməməsidir. Əlbəttə ki, Madrid prinsipləri heç bir formada Dağlıq Qarabağı onların istədiyi kimi, yəni müstəqil olaraq tanıya bilməz.
Lakin bu yaxınlarda Erməni milli komitəsi özünün Madrid prinsipləri ilə razılaşmadığı barədə bəyanat verib. Fövqəlmillətçi yanaşma tərzindən hərəkət edərək bu bəyanat nəinki müstəqillik tələblərini, həmçinin bir çox yalan və iftira dolu ittihamları da özündə birləşdirib.
Əslində isə ANCA-nın istədiyi Dağlıq Qarabağın müstəqil dövlət elan edilməsi ilə ərazilərin işğalını legitimləşdirməkdir. Bu isə münaqişənin həllini əbədi olaraq qeyri-mümkün edəcək.
Amerika Erməni milli komitəsi keçən əsrin 90-cı illərindən, habelə keçən ilki siyasi inqilabdan bu yana, hər kəsə məlum olan faktı dünyadan gizlətməyə çalışır. Bu, Dağlıq Qarabağ münaqişəsi və ərazi iddialarının Ermənistan siyasətini tamamilə öz gündəminə alması, bunun isə ölkədə tükənməyən demoqrafik və iqtisadi böhranlara səbəb olması faktıdır.
Ermənistan ona qonşu dövlətlərin malik olduğu nailiyyətlərdən və tərəqqidən məhrum qalan, dünyada ən kasıb ölkələrdən biridir. Nə qədər dəstəklənirsə-dəstəklənsin, Ermənistan ABŞ-ın nə dostu, nə də müttəfiqi sayılır və onunla eyni dəyəlrəri paylaşmır. Müharibə nəticəsində Ermənistan Rusiyanın vassalına çevrilərək dünya arenasında Kremli dəstəkləyir və İranla sıx əlaqələr qurmaqdadır.
Bu böhranlar 2018-ci ildə iri iqtisadi və demokratik islahatlar vəd edən inqilabı doğurdu. Üstündən bir il keçməsinə rəğmən bu vədlər hələ də həyata keçirilməyib. Ermənistan və onun baş naziri Nikol Paşinyan islahatların, hətta Moskva və Tehranın cəngindən qurtulmağın ilkin şərti sayılan sülh üçün effektiv strategiya hazırlaya, habelə gərəkli demokratik islahatları həyata keçirməyə, iqtisadi böyüməni stimullaşdıra bilməyib.
Ermənistan hələ də Dağlıq Qarabağ nümayəndələrinin müstəqil dövlət və ya siyasi qurum kimi danışqlarda iştirakında israr etməkdədir. Bu tələb şübhəli şəkildə Erməni milli komitəsinin mövqeyinə olduqca yaxın görünməkdədir. Belə bir mövqe danışıqlarda nəticə əldə olunmasını əvvəlcədən heçə endirir. ANCA və Ermənistaın tələbləri masada yeganə oyun qaydası sayılan və həm Minsk, həm də Bakı və İrəvan tərəfindən dəstəklənə biləcək danışıqlar çərçivəsini müəyyən edən Madrid prinsiplərinə ziddir.
Hələ də həyata keçirilməməsinə rəğmən tərəflər danışıqları bu sənəd əsasında aparıblar. Bu prinsiplərdən imtina edərək Minsk qrupuna və ya ATƏT-ə Dağlıq Qarabağın müstəqilliyini tanıtdırdıqdan sonra “Böyük Ermənistan”ın qurulması üçün onun Ermənistanla birləşməsinə nail olunmasına çalışmaq sonsuz müharibə üçün əsasdır. Lakin bəzi hərbi spekulyant və radikal millətçilərdən başqa ermənilər bu savaşdan heç nə qazana blməz.
Ermənistan hökumətinin bu yeni sənədin tərtibində nə dərəcədə iştirakı hələ bəlli deyil. Lakin Paşinyan hökumətinin tələbləri və ANCA-nın mövqeyi arasında bənzərlik göz önündədir. Bindan əlavə, bu yaxınlarda Ermənistan müdafiə naziri David Tonoyanın “müharibə və yeni ərazilər ələ keçirmək” barədə çağırışları onsuz da kövrək sayılan sülh prosesinə daha çox zərər vurur.
Belə bəyanatlar müharibənin yenidən başlanmasına təkan verə bilər ki, buradan Ermənistanın qalib çıxacağı şübhə doğurur. Bütün bunlar Ermənistan üçün böyük bədbəxliklərə və iqtisadi fəlakətə gətirib çıxaracaq. Təbii ki, bundan sonra demokratiya, tərəqqi, əhalinin sayının azalmasının qarşısının alınmasından danışmaq mümkün olmayacaq.
Əgər Ermənisatn həqiqətən faydalı nəticələr əldə etmək istəyirsə, daxili tərəqqinin ilkin şərti sayılan, münaçişənin iki tərəf üçün məqbul hesab olunan həlli yoluna razı olmalı və Erməni milli komitəsi kimi alovlu millətçi lobbilərin fəaliyyətini ram etməlidir".
Məqalənin orijinalı ilə bu linkdə tanış ola bilərsiniz.