Qarabağ dilemması: Moskva ilə, yoxsa İrəvanla anlaşmaq?

Qarabağ dilemması: Moskva ilə, yoxsa İrəvanla anlaşmaq? backend

Konfliktin həllində Rusiya-Ermənistan münasibətlərinin xarakteri rol oynamır - iddia; gürcü politoloq: “Putin Paşinyana münasibətdə gözləmə mövqeyindədir...”

Dağlıq Qarabağ problemi ilə bağlı maraqlı gəlişmələrdən biri ABŞ dövlət katibi Mayk Pompeonun ötən həftə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsi təşəbbüsü ilə çıxış eləməsi oldu. Bu təşəbbüsün XİN başçılarının aprelin 15-də Moskvada baş tutan son görüşünün davamı olub-olmayacağı, daha dəqiqi, Qarabağa dair sülh danışıqlarına əlavə pozitiv dinamika verəcəyi isə hələlik bəlli deyil. Hərçənd növbəti görüşün konkret vaxtı və yeri haqda dəqiq bilgi yoxdur.

“Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”. Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberger bildirib. O, ABŞ-ın ATƏT-in həmsədr ölkələrindən biri olduğunu xatırladaraq deyib: “ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir”.

Diplomatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır.

*****

Qarabağ danışıqlarında pozitiv nəticənin olub-olmayacağı, sübhə yox ki, Rusiya lideri Vladimir Putinin Ermənistanın yeni rəhbəri Nikol Paşinyana münasibətindən və Kreml başçısının Paşinyanla bağlı verəcəyi qərardan da asılı olacaq. Odur ki, Azərbaycan bu məqamı xüsusi diqqətdə saxlamalıdır.

Hələ ki, Moskva-İrəvan münasibətləri Serj Sərkisyan dönəmindəki etimad səviyyəsinə qalxmayıb. Bu da ikitərəfli əlaqələrdə hər hansı “fors-major” halını istisna eləmir. Paşinynın özü də Putinin ona simpatiya bəsləmədiyini bilməmiş deyil. Hərgah, Ermənistanın Rusiya siyasi-hərbi orbitində qalacağını bəyan eləməkdən yorulmur.

“Paşinyan Rusiya ilə münasibətləri əvvəlki məcraya qaytarmaq üçün əlindən gələni edir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər getdikcə çox müəmmalı xarakter almağa başlayıb. Təbii ki, bundan narahat olan Paşinyan da Rusiya ilə münasibətləri əvvəlki məcraya qaytarmaq istəyir”, - deyə o qeyd edib.

Ekspert tərəflərin qarşıdakı Moskva görüşündə Qarabağ mövzusuna da toxunacağını deyib: “Qarabağ məsələsinin tənzimlənməsində Rusiyanın müəyyən maraqları var. Hətta Putin bu dəfə Paşinyanın mövqeyini daha dərindən öyrənməyə çalışacaq. Çünki ABŞ da Qarabağ məsələsinin həllində öz mövqeyini itirmək istəmir. İrəvanın Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən narahatlıq keçirməsi də bundan xəbər verir. Görünür, İrəvan ümumiyyətlə danışıqların gedişatından və ABŞ-ın prosesi nəzarəti ələ almasından narazıdır, buna görə də hər vəchlə probleminin həllinə qarşı çıxır. Bu isə o deməkdir ki, İrəvan məsələnin sülh yolu ilə həllinə meylli deyil. Bu, Paşinyanın davranışlarından və erməni mətbuatından da aydın şəkildə hiss olunur”.

*****

Gürcü politoloq Georgi Tsiklauri isə hesab edir ki, hazırda Nikol Paşinyanı Rusiya ilə faktiki, heç nə birləşdirmir və o, əslində Rusiyanın və Putinin 1 nömrəli düşmənidir. “Paşinyan hiyləgər və məkrli düşməndir. Üstəlik də o, Rusiyadan bundan sonra da müttəfiq qismində güzəştlər və ”ləzzətli şeylər" almaq istəyir", - deyə o vurğulayıb.

Ekspertin fikrincə, Putin deyəsən artıq başa düşür ki, İrəvan rejimini ucuz qaz və silahlarla təmin eləmək - özünün geosiyasi düşməninə dəstək verməkdən başqa bir şey deyil: “Putin nə qədər çox İrəvana güzəştlər eləsə, bir o qədər ABŞ Paşinyan rejiminə dəstək məsələsində ”qənaət" edəcək və başqa cəbhələrdə Rusiyaya “pisliklər” eləmək üçün daha çox resursa malik olacaq".

Təhlilçi yuxarıda sadalanan səbəblər üzündən Putinin Paşinyana münasibətdə gözləmə mövqeyində olduğunu düşünür. “O anlamda ki, ola bilsin, situasiya dəyişsin və o zaman da qərar vermək və Ermənistanda Rusiya təsirini qismən bərpa eləmək olar. Ancaq yaxın zamanlarda buna şanslar sadəcə, görünmür”.

*****

Bəs rəsmi Bakı Qarabağ məsələsində Moskva-İrəvan münasibətlərinin xarakterini nə dərəcədə nəzərə almalıdır?

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə görə, torpaqlarımızın işğaldan azad olunması üçün danışıqları hamımızın forpost adlandırdığı Ermənistanla deyil, məhz bağlı qapılar arxasında Rusiya ilə aparmalıyıq.

“Müstəqil qərar qəbul etmək gücündə olmayan ölkə ilə danışıqlar aparılmasının nə mənası var? Rusiya ilə yaxınlaşmamızın dövlət suverenliyimizi təhdid edəcəyindən, yaxud buna görə Qərbin artacaq təzyiqlərindən qorxmaq lazım deyil. Bəziləri deyir ki, bir az da gözləyək, Rusiya dağılacaq. Bu illüziyadır. Bütün dövlətlər kimi Rusiyanın da öz problemləri var. Amma Putin daxili siyasəti ilə imkan yaradıb ki, ölkəni narahat edən problemlər çoxfraksiyalı Dövlət Dumasında qızğın müzakirə olunsun. Problemlər barədə sadəcə, inqilab etmək istəyənlər danışıb xalqda belə təsəvvür yarada bilməsinlər ki, yalnız onlar düz söz danışır və xalqın problemləri yalnız onları narahat edir. Televiziyalarda siyasi hakimiyyət üçün ən ağrılı problemlərin belə müzakirəsini təmin etməklə xalqı hər cür təxribat xarekterli məlumatların yayıldığı sosial şəbəkələrdən ayırıb canlı efirə baxmağa qaytarıblar. Məhz bu səbəbdən inqilabçılar milyonlarla insanı küçəyə çıxara bilmir. Narazı elektoratın 85%-i parlamentdə təmsil olunan müxalifət partiyalarının ətrafında cəmləşib. O partiyalar xarici güclərə bağlı deyil və hər hansı böhran anında dövlətçiliyə xəyanət etməyəcəklər. Bu mənada bizim böyük dövlətçilik təcrübəsi olan Rusiyadan öyrənəcəyimiz çox şey var. Ona görə də Rusiyanın dağılmasını və hansısa möcüzə nəticəsində Qərbin mövqeyinin dəyişəcəyini gözləmədən çalışıb münaqişədə əsas söz sahibi olan Rusiya ilə anlaşmaqla, bu alınmasa, belə hər bir halda müharibə edib işğala son qoymalıyıq. İşğalın davam etməsi gələcəkdə vətəndaş qarşıdurmasına yol açmaqla hər birimizə və xalqımıza böyük faciələr yaşada bilər”, - deyə o qeyd edib.

"Yeni Müsavat"
Diaspora