Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlarına hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.
Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu madiyyat insanlara ulu əcdadlarından danışır,milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Əgər bir ölkədə abidələr və tarixi yerlər dağıdılırsa, bu xalqın, millətin varlığının məhvi deməkdir. Təəssüfi, hazırda dünyada minlərlə abidə müxtəlif səbəblərdə məhv olmaq təhlükəsi altındadır. Bu danılmaz fakta əsasən Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunmasının əhəmiyyəti böyükdür. Təbii ki, tarixi abidələrin məhv edilməsi faktları Azərbaycanda da mövcuddur. Topraqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri 27 ildir ki, milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmaqda davam edir. Bu mövzu ilə bağlı suallarımıza. AMEA İnsan Hüquqları İnstitunun əməkdaşı, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Abidələri Mühafizə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov cavab verəcək.- Faiq müəllim, əvvəlcə təşkilatınız haqqında oxucularımıza qısa məlumat verərdiniz..
- Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi 5 may 2005-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. QHT-nin yaradılmasında əsas məqsəd; İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni dəyərlərinin qorunması, müdafiə edilməsi və eləcədə məhvinə yönəlmiş antihumanist hərəkətləri ifşa etmək olub. Eyni zamanda həmin abidələrin həm cəmiyyətimizdə, həm ölədən ənarda tanıdılmasına və təbliğinə yardımçı olmaqdır.
- Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonlarda abidələrimizin taleyi hansı durumdadı?
- Ermənistan, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir. Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-qanuni iddiası, 1992-ci ildə işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qeyri-qanuni fəaliyyət həyata keçirir.
Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, tərəfimizdən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır.
Daha dəqiq desək, 1510 Mədəniyyət müəsisəsi, o cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evli, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.
- Bildiyimizə görə, islam dini ilə bağlı abidələr tamamilə dağıdılır…
- Elədir. Ermənilər Azərbaycan xalqına məxsus islam dini dəyərlərini -türbələri, məscidləri, pirləri, ziyəratgahları, qəbirüstü abidələri, qəbristanlıqları dağıdır, tamamilə məhv edib. Məsələn, 1868–1870-ci illərdə Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabağinin ucaltdığı Ağdamın cümə məscidi işğaldan sonra çox ciddi dağıntılara məruz qalıb.Üzərinə benzin tökdürülərək yandırılıb, minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları dağıdılıb və tamamilə yararsız hala salınıb,bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq avadanlıqları qarət edilərək Ermənistana daşınıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb. Ermənilər 10 ildən çox bir müddət ərzində Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxladılar, yəni məsciddən uzun illər tövlə kimi istifadə etdilər. Bu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən çox qəddar bir vəhşilik idi. Amma işğalcıların Qarabağdakı alban dövrü abidələrinə münasibəti fərqlidir. Yəni alban abidələrini- bazillikaların , monastırların, kilsə və sovmələrin formasını və ya divar yazılarını dəyişdirərək bu abidələrin özlərinə məxsus olduqlarını iddia edirlər. Ermənistan hökuməti bu yolla Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, torpaqlarımızı mənimsəməyə çalışır. Halbuki Sovet İmperiyası dövründə burda cəmi bir erməni kilsəsi mövcud idi və bütün ermənilərin ibadətlərini təmin edirdi. Dağlıq Qarabağda öz füsunkar gözəlliyi ilə seçilən belə monastrlardan biri də keçmiş Ağdərə rayonunun ərazisindəki Xudavəng monastırıdır. Monastr VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.Məlumatlar
göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunub.Binanın divarlarında yağlı boya ilə çəkilmiş şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər.
-Faiq müəllim,bayaq söylədiniz ki, sovet dönəmində ermənilərin bir ədəd kilsəsi olub. O kilsə harda və nə vaxt tikilib?
- Tarixi baxımdan nə Dağlıq Qarabağda və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyil. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti öz mənzil qərargahını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçılarıda öz əsərlərində təsdiq edirlər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( Zapiski karabaxskoqo soldata. Moskva 1995) kitabında qeyd edir.1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1970-1980-ci illərdə DQMV-nin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki bu hadisədən sonra bu kilsə “erməni kilsəsi” adlandırıldı.
- Amma işğal müddətində yeni kilsələrin tikildiyi ictimaiyyətimizə məlumdur...
- Bəli. işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa- Laçın yolunda, Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsi inşa ediblər. Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu
ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə, Ermənistan hökuməti son 26 ildə doğma yurdlarımızda erməni kilsələrinin sayını 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.Ermənilər Qarabağda etnik təmizləmə nəticəsində boş qalan kənd və şəhərlərin ərazilərindəki islam dini abidələrin (türbələr, məscidlər və s.) xarabalıqları üzərində erməni kilsələri inşa edirlər. Bu misli görünməmiş vəhşilik Qarabağın bütün görkəmini dəyişdirir.Məsələn, Xankəndi şəhərində 2007-ci ildə inşa edilən erməni kilsəsi, xalq arasında “günbəz” adlandırılan bir türbənin qalıqları üzərində inşa edilib. Məlumdur ki, Sovetlər dönəmində Xankəndi şəhərində inanclı ermənilər olmadığından heç kilsə tikməyə də ehtiyac da olmayıb. Hazırda Qarabağın baş şəhəri olan Xankəndidə üç erməni kilsəsinin tikilməsi narahatlıq yaratmaya bilməz. Bu erməni kilsələri və digər erməni simvolları bu şəhərin gənc erməni şüuruna tarixi erməni şəhəri kimi yeridilir və gənc erməni dünyagörüşündə “Böyük Ermənistan” ideyası formalaşdırılır.
- Bu faktlarla bağlı birliyiniz hansı işlər görüb?
- Azərbaycanın 12 dekabr 2000-ci il tarixdən qoşulduğu, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası Azərbaycanın işğal altındakı ərazilərində mədəni sərvətlərin qorunmasına geniş şərait yaradır.Azərbaycanın İşğal altındakı mədəni irsinin toxunulmamazlığını təmin edilməsi, beynəlxalq konvensiyalardan irəli gələn tövsiyyələr vasitəsi ilə Beynəlxalq Təşkilatlar tərəfindən həyata keçirilməlidir. Mədəni irs bir xalqın milli mədəni və tarixi sərvəti olsada, bu nümunələr ümumilikdə Bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalara görə yolverilməzdir.
Azərbaycanın mədəni dəyərlərinə qarşı törədilmiş cinayət əməllərinin, eləcədə bu abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına, 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası
çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun müxtəlif xarici ölkələrdə təbliğat işləri aparırıq.
-Müsahibəyə görə təşəkkür edirik, sağ olun.
Əntiqə Rəşid