ATƏT sədrinin Qarabağdakı “canişini” Xankəndinə niyə getdi - ekspertdən şok açıqlama

ATƏT sədrinin Qarabağdakı “canişini” Xankəndinə niyə getdi - ekspertdən şok açıqlama backend

Anjey Kasprşik işğal zonasındakı separatçılarla görüşlər keçirdi; Ermənistanda və Qarabağda Azərbaycanın hücuma keçəcəyi ilə bağlı ciddi narahatlıq var

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedib. Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, o, Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Görüş zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyətlə bağlı bir sıra məsələlərin müzakirə olunduğu bildirilir.

Digər məlumata görə, Kasprşik Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “xarici işlər naziri” hesab edilən Masis Mailyanla da görüş keçirib. Görüş zamanı həmsədrlərin, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakın münaqişə zonasına son səfərinin nəticələri, təmas xəttində son vəziyyət, son monitorinqin nəticələri, stabilliyin qorunması kimi məsələlərin müzakirə olunduğu deyilir. Qeyd edək ki, bir müddət öncə də A.Kasprşik erməni separatçıları ilə bir araya gəlmişdi. Lakin ATƏT sədrinin bölgədəki “ömürlük canişini”nin bu görüşlərinin konkret məqsədi bəlli deyil. Güman olunur ki, Kasprşik son zamanlar Azərbaycan rəhbərliyinin Ermənistana müharibə xəbərdarlıqları ilə əlaqədar olaraq özünü Qarabağa yetirib və separatçılarla masa arxasında müzakirələr aparıb. Şübhə yoxdur ki, A.Kasprşik həmişəki kimi, Ermənistan yolu ilə işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. Çünki həmsədrlər kimi, ATƏT nümayəndəsi də təhlükəsizlik məsələsini bəhanə edib təmas xəttindən Xankəndinə getmir. Bu isə Ermənistanın işğalçılıq maraqlarına hesablanmış gedişdir. Düşmən ölkədəki son narahatlıqlar barədə yazmışıq. Azərbaycan prezidentinin “müharibə bitməyib” xəbərdarlığından sonra müdafiə naziri Zakir Həsənov erməni həmkarı David Tonoyana “İrəvanda görüşə bilərik” məzmunlu mesaj göndərdi. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşacaq” deməklə ermənilərin narahatlığını daha da artırdı. Bundan sonra həm D.Tonoyan, həm də baş nazir Nikol Paşinyanın Qarabağla bağlı mövqelərində yumşalma müşahidə olundu. Belə ki, onlar sülh danışıqlarına üstünlük verdiklərini iddia etdilər. Ancaq bəzi müşahidəçilər hesab edir ki, təmas xəttindəki vəziyyət tufanqabağı sakitliyi xatırladır və böyük savaş hər an başlaya bilər. Xüsusilə də Tonoyanın Azərbaycan ordusuna sülh çağırışı etməsinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin “Biz müharibəyə hazırıq” bəyanatı ilə qarşılıq verməsi İrəvanda həyəcanı artırıb.

Erməni nazir bunun ardınca Azərbaycanı növbəti dəfə təhdid etməyə cəhd göstərdi və cavabını aldı. “Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi İrəvanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - Dərgahlı deyib.

Bütün bunların fonunda ermənilərin Kasprşiki haraya çağırdığı da istisna deyil. Eyni gündə təmas xəttində monitorinq keçirilməsi də maraqlı təsadüfdür. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 10-da Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Bosşard, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko keçiriblər. Ancaq bu arada işğalçı ölkənin Qarabağdakı bölmələrinin yeni mühəndis istehkam işlərini həyata keçirdiyi barədə məlumatlar yayılıb. Hətta ordumuzun düşmənin bu hərəkətlərini cavabsız qoymadığı da bildirilir. Bu mənada vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini istisna etmək olmaz.

Politoloq Qafar Çaxmalı da “Yeni Müsavat”a açıqlamasında A.Kasprşikin Xankəndi səfərini təsadüfi saymadığını vurğuladı: “Daha öncə də söyləmişdik ki, Anjey Kasprşik ermənilər üçün çalışdığından əlində olan bilgiləri onlara ötürmə ehtimalı çoxdur. Bu adam zatən oralardadır. Şuşada dəbdəbəli ofisi var. Onun Xankəndinə gəlməsi və separatçı lider Bako Saakyanla görüşməsi xəbərinin yayılması özü qəribədir. Məgər o, separatçılarla bir araya gəlmirdi ki? Bu xəbərin yayılmasında bir başqa məqsəd də o ola bilər ki, son zamanlar müharibənin başlayacağı ilə bağlı yayılan informasiyalar məhz Baoyanla paylaşılır. Təmas xətlərinə yaxşı bələd olan Kasprşik ermənilərə bilgilər verir! Bunun başqa adı yoxdur!”

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri bu yaxınlarda rusiyalı həmkarları ilə bir araya gəlmişdilər. Hətta yaxın günlərdə nazirlər arasında Qarabağ müzakirələrinin məhz Rusiyada keçiriləcəyi bildirilir. Q.Çaxmaqlı hesba edir ki, Rusiya məsələni öz nəzarətində saxlamaq istəyir: “Rusiya münaqişənin davam etməsini həmişə istəyib və indi də özünün diqtəsini edəcək. Ancaq biz buna nə dərəcədə qulaq asacağıq? Məncə, Rusiya yenə də Azərbaycana təsir eyməyə çalışacaq ki, buradakı durum dəyişməsin. Rusiyaya münaqişənin həlli deyil, onun davam etməsi sərfəlidir”.

****

Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim Addımım” Blokunun deputatları ilə keçirdiyi qapalı görüşün detalları bəlli olub. Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, görüş zamanı kifayət qədər ciddi danışıqlar aparılıb: “Paşinyan görüş zamanı öz komandasının deputatlarından narazılığını dilə gətirib. O, çox sərt və kobud şəkildə bunun onun arzu etdiyi parlament olmadığını deyib və deputatların vaxtlarını yalnız boş yerə xərclədiyini bildirib. Paşinyanın daha bir narazılığı komandasının üzvlərinin onun siyasi xəttinə əməl etməmələri ilə bağlı olub. Bəzi deputatlar iclas zamanı Paşinyanın Əliyevlə görüşü barədə maraqlanmağa cəhd ediblər. Bu da Paşinyanı əsəbləşdirib. Baş nazir deputatları Qarabağ konflikti barədə təsəvvürlərinin səthi olmasında ittiham edib və onların elementar mövzular barədə danışa bilmədiklərini söyləyib. Paşinyanın qəzəbi o həddə çatıb ki, o, deputatlara, ”Sizin susmağınızın, yoxsa danışmağınızın daha yaxşı olduğunu bilmirəm" sözlərini söyləyib.

“Silahlanma, hərbi texnika baxımından Ermənistan Müdafiə Nazirliyinin diqqəti buna yönəlib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan səsləndirib. Parlamentində müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitənin iclasından sonra jurnalistlərin suallarını cavablandıra Balayan bildirib ki, Ermənistan hücum bölmələrinin artırılması mərhələsindədir. “Silahlanma, hərbi texnika baxımından Ermənistan Müdafiə Nazirliyinin diqqəti buna yönəlib. Bütün cəmiyyət başa düşməlidir ki, heç kim Ermənistana sülh hədiyyə etməyəcək. Nisbi sükunət var, düşmən buna məcburdur və əgər düşmən yenidən aktivləşməyə cəhd göstərsə, biz yenidən onu sülhə məcbur edəcəyik” - deyə Balayan eyforiyaya qapılıb.

Balayan onu da əlavə edib ki, sülhə məcbur etmə yolları müxtəlifdir: “Bu, hərbi, diplomatik, şəxsi əlaqələr vasitəsilə və s. formada ola bilər”.

Mövzu ilə əlaqədar Publika.az saytı da maraqlı məlumat yayıb. Bildirilir ki, Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırıb. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaradıb. Qeyd olunur ki, Vyana görüşündən sonra prezident İlham Əliyevin “Müharibə hələ bitməyib” bəyanatını verməsinin ardınca müdafiə naziri Zakir Həsənovun “Əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm” söyləməsi erməniləri ciddi şəkildə təşvişə salıb. Belə ki, Ermənistan mediası artıq bir neçə gündür “Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, “Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur. Erməni şərhçi Aram Sərkisyan yazıb ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır. “Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqqında düşünməlidir”, - deyə o bildirib.

Bütün bunlara nəzər saldıqda A.Kasprşikin özünü Qarabağ separatçılarının yanına yetirməsinin məqsədi ortaya çıxır. Ancaq 2016-cı ilin aprel döyüşləri də sübut edib ki, Kasprşikin olması erməniləri xilas edən amil deyil.

musavat.com
Diaspora