Borcumuzun xəcalət yükü

Borcumuzun xəcalət yükü backend

Şəhidlərimiz bizim güman, güc, qürur, fəxr yerimiz, bir sözlə, ən müqəddəs anlayışımızdı.

Hegemon rus ordusuna və erməni quldur dəstələrinə qarşı igidliklə döyüşmüş, torpağının qisasını almaq iqtidarında olan, lazım gələndə bu amal uğrunda canını qurban verən igidlərimizdi Şəhidlər! Şəhidlər... onlar haqqında daha gözəl sözlər, daha bəlağətli cümlələr ömrümün sonuna qədər yazsam da bitməz! Amma yazmıram!

Biz doğrudanmı şəhidlərimizi ən müqəddəs varlıq hesab edirik, sualı beynimi yorur! Razıyam, şəhidi təntənə ilə qarşıladıq, təmtəraqla dəfn etdik, bayraqlar dalğalandırdıq, məzarı üstünə güllər-çiçəklər düzdük, əklillərlə bəzədik, pafoslu çıxışların ardı-arası kəsilmədi... bəs sonra? Sonra nə oldu? O zaman ətrafınıza baxın..
Son günlər müzakirə mövzusuna cevrilmiş bir hadisə hər kəsi hiddətləndirdi və təəssüf ki, münasibətimiz “hiddət”dən o tərəfə kecmədi.Ali Məhkməyə kassasiya şikayəti verən aprel şəhidimiz, polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarıldı. Qanunsuz qərarın çıxarılmasına isə iş adamı "Şərurlu İsfəndiyar" sifariş verib. Belə ki, Sənan Axundov bir neçə il bundan əvvəl -sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran” MMC-nin işçiləri fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini “Şərurlu İsfəndiyar” alıb. Və əlavə 5 mərtəbə də tikib. Sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. “Şərurlu İsfəndiyar” isə dayanmayıb... Sənan şəhid olandan sonra “Şərurlu İsfəndiyar” onun ailəsini məhkəməyə verdi və məhkəmə prosesini qazandı. Uzun sözün qısası, aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən "Şərurlu İsfəndiyar”ın xətri inciməsin deyə, onun xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetirlik yeri əllərindən aldı. İndi sual edirəm, bəs biz neynədik? Kənardan izlədik və sosial şəbəkələrdə bir az da “əsdik-coşduq”, bununla da boynumuza düşən “borcu” bitmiş hesab etdik. Nə o ailənin yanında olduq, nə də gedib məhkəmənin qərarına ellikcə etiraz etdik. Yenə də sağ olsun Mehriban xanımı! Vaxtında özünü catdırdı. Şəhidin haqqını müdafiə etdi, onların yanında oldu.
Bəlkə əksini iddia edən olsa, o zaman soruşuram, hansımız hələ də gözü qapıda qalan, nə olub-bitdiyini anlamayan o körpələrin hansısa birinin sonrakı taleyi ilə maraqlandıq? Ata itkisi ilə titrəyən o ailədən, odu sönmüş o ocaqdan kimsə heç olmasa bir dəfə yolunu saldımı? Kimsə bir dəfə təsəlliyə getdimi ora? Hər dəfə qapının zəngi çalınanda toppuş ayaqları bir-birinə dolaşan o körpə qızcığazın ata ümidiylə qapıya yüyürdüyünü təsəvvürümüzə gətirdikmi? Ya da, nə ilə dolandığını, hansı problemlərlə üz-üzə qaldığı ilə heç maraqlandıqmı? Nə oldu bizə, vətənpərvərliyimiz, şəhidə hörmətimiz o məzarlığa qədər idimi?

Aprel döyüşlərində şəhid olan hərbi qulluqçu Adil Adilzadənin atası ödəyə bilmədiyi kredit borcuna görə çətin durumla üzləşdi, yenə də Aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi “Bank Of Baku” tərəfindən təzyiqlərə məruz qaldı. Cox sayda Aprel şəhidinin ailəsi krediti ödəyə bilmədiyi üçün məhkəmələrə düşdü, polis idarələrinin qapılarında qaldı. Biz neynədik? Hansı dəstək nümayişi göstərdik? Problemləri başından aşan onlarla-yüzlərlə şəhid ailələri, şəhid balaları var, hələ də kömək gözləyirlər! Biz isə susaraq, ancaq əlimizdən gələn yeganə işi sosial şəbəkələrdə ”Allah rəhmət eləsin” kəlməsini deməklə vəzifəmizi bitmiş hesab edirik. Hələ illər öncə, gözlərimiz qarşısında I Qarabağ müharibəsi şəhidlərinin xanımı xanımlığını itirdi, döndü oldu evin kişisi, evin çörək gətirəni... Yataqxanalarda, şəraitsiz inzibati binalarda minbir əziyyətlərə qatlaşdı, yol süpürdü, tum satdı, kiminsə evində xidmətçılık elədi. Bir qarın ac, bir qarın tox, bala böyütdü, övlad tərbiyə elədi, oxutdu. O şəhid övladları ödənişi vaxtında verə bilmədiyi üçün ali məktəbdən atıldı, arzuları, gələcəyə olan inamı, “atasına layiq övlad” olmaq amalı yıxıldı, yerlə bir oldu. Neçə nəfərimiz belə ailələrə ya maddi, yaxud da mənəvi dəstək olduğunu söyləyə bilər?Bilmədik qanımıza laqeydlik azarını kim, nə vaxt saldı. Bir zaman anladıqki, artıq epidemiya kimi yoluxmuşuq. Belə olmasaydı, 23 ildə sağalardıq. Sağalmadıq!

Məndə yetiməm! Atam şəhid olmayıb! Dünyasını dəyişib!Elə o gündən atalı övladların xöşbəxtliyinin şahidi olanda, əmidən-dayıdan, atamı tanıyan-xətrini istəyənlərdən laqeydlik görəndə, çox üzülürəm, dərd alır içimi.. Yuxularımda laqeyd insanlardan atama şikayət edirəm. Amma bütün varlığımla hiss edirəm ki, mənim görmədiyim, duymadığım hansısa bir tərəfdən atam məni izləyir. Oda üzülür, onun susqun simasına kədər çökür, məni tənha qoyduğu üçün bəlkədə özünü qınayır. Bilirəm.. atasını itirənlərə tanış hisslərdir...

Hələ gec deyil! Hələ günahlarımızı yuya bilərik! Hələ də hansısa bir körpənin saçına tumar çəkə, göz yaşını silə bilərik! Hələ də bir bayram axşamını bir şəhid ailəsində keçirməklə onların tək olmadığını sətiraltı vurğulaya bilərik!

Şəhidin iki əmanəti var: biri torpaq , bizdən asılı olan və olmayan səbəblərdən hələ də düşmən tapdağındadır. Biri isə şəhidin övladlarıdır. Millətin, torpağın, şərəfin yolunda qurban gedən İgidlərin övladlarını unutmayaq! Onlar bizə əmanətdi!Onların atalarına giley etməsinə, yuxularında atalarına bizlərdən incidiyini deməsinə izn verməyək! Onsuzda , şəhidlərin ruhu qarşısında xəcalətliyik! Laqeydliyimizə son versək... O körpələri unutmasaq ... Bəlkə Şəhidlərimizin ruhuda bizi bağışlayar. Elə Allah da!

Diaspora