Məcburi köçkünlər Dağlıq Qarabağda təlim keçiblər

Məcburi köçkünlər Dağlıq Qarabağda təlim keçiblər backend

Aprelin 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.

Qaziler.az xəbər verir ki, Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Təlimçi həkimlər məcburi köçkünlərin çoxsaylı suallarını cavablandırıb, onlara ilk tibbi yardımın xüsusiyyətləti və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

General-mayor Hikmət Həsənovun şəxsi nəzarəti altında aparılan təlimə tibb xidməti polkovnik-leytenantı Hüseyn Əliyev rəhbərlik edib.

Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk tibbi yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır.

Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur.
Diaspora