Putin əsas adamını Ermənistana göndərir; “mehriban düşmənlər”i doğmalaşmağa qoymayan səbəblər; ekspert: “Paşinyan həm NATO və ABŞ-ın, həm də Rusiyanın dostu olmaq istəyir...”
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Gümrüdə olub və orada 102 saylı Rusiya hərbi bazasına baş çəkib. Paşinyan müdafiə naziri David Tonoyanın, hökumətin digər üzvlərinin müşayiəti ilə sovet döyüşçülərinin heykəllərinə əklil və gül dəstələri qoyub.Erməni baş nazirin Gümrü səfərini, “gül-çiçək qoyma” mərasimini ən azı, iki səbəb zəruri edə bilərdi: 1. Azərbaycana növbəti dəfə “xox” gəlmək istəyi, 2. Rusiyaya jest, reverans edib Kremlin “spasibo”sunu qazanmaq məramı.
Yəni N. Paşinyan öz torpaqlarını hərb yolu ilə azad etməyi heç vaxt istisna etməyən Bakıya bununla mesaj vermək istəyir ki, ərazimizdə rus hərbi birləşmələri var və lazım gələrsə, onlar Ermənistanı Azərbaycandan qoruya bilər. Hərgah Azərbaycan Ermənistana hücum eləməyə hazırlaşmır. Yalnız öz ərazisində antiterror əməliyyatı aparıb sərhəd bütünlüyünü bərpa eləmək niyyətindədir.
Rusiya rəsmiləri də dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ yuridik olaraq, Azərbaycan ərazisidir və o səbəbdən KTMT yalnız Ermənistanın təhlükəsizliyinə cavabdehdir. İstənilən halda, heç də pis olmaz ki, çəkindirici amil qismində və ya balans naminə Azərbaycan da öz ərazisində 1-2 Türkiyə bazası yerləşdirsin.
*****
Maraqlıdır ki, Paşinyandan az sonra - aprelin 29-da Rusiya baş naziri Dmitri Medvedyev Ermənistana səfər edəcək və səfər çərçivəsində Gümrüdəki rus bazasına gedəcək. Bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.
Medvedyevdən az öncə onun erməni həmkarının bazaya baş çəkməsi isə təsadüfi olmaya bilər. Ümumiyyətlə, dekabr seçkilərindən sonra Paşinyanın özünü həm Rusiyaya, həm də Qərbə sevdirmək kursu götürdüyü müşahidə olunur. Ancaq bəlkə heç özü də bilmədən, Moskvaya yaxınlaşmış kimi görünür.
Məsələn, Nikol Paşinyan hökumətinin proqramında Rusiya Ermənistan üçün əsas təhlükəsizlik qarantı və prioritet ölkə elan edilib. Bundan əlavə, ABŞ-ın qəzəbinə səbəb olsa da, İrəvan Rusiyanın istəyinə uyğun şəkildə Bəşər Əsəd rejiminə dəstək olaraq, Suriyaya humanitar hərbi missiya göndərib. Ötən ay isə Ermənistan Kremlə xoş gəlməkdən ötrü Gürcüstanda NATO təlimlərinə qatılmaqdan imtina elədi (Azərbaycan iştirak eləmişdi).
Lakin bu qəbildən Rusiyayönlü gedişlərə baxmayaraq, Moskva Paşinyana hələ də şübhəli nəzərlərlə baxmaqda davam edir. Onu özününkü, doğma saya bilmir. Bir səbəb də odur ki, Putinin istəyinə rəğmən, onun dostu, eks-prezident Robert Köçəryan hələ də İrəvan həbsxanasında saxlanılır. Köçəryandan qabaq isə Ermənistanın baş naziri “Rus NATO-su” sayılan KTMT-nin imicinə zərbə vurmuş, onu nüfuzdan salan hərəkətə yol vermişdi. Söhbət Moskva ilə məsləhətləşmədən təşkilatın erməni baş katibi, general Yuri Xaçaturova qarşı cinayət işinin açılmasından gedir.
*****
Ancaq bütün bunlar N.Painyana özünü Putinə sədaqətli adam kimi göstərməyə, belə görünür, mane olmur. Şübhə yox ki, Kremlə reveranslar Paşinyan hökumətinə ən əvvəl daxili sabitliyi öz xeyrinə saxlamaq, Rusiyadan alınan təbii qazın qiyməti ilə bağlı güzəştə nail olmaq hədəfi güdür. Məlumdur ki, bu il yanvarın 1-dən Rusiya Ermənistana satdığı mavi yanacağın qiymətini sərhəddə hər min kubmetr üçün 150 dollardan 165 dollara qaldırıb. Lakin bu, yekun qiymət deyil. İkitərəfli danışıqlar davam edir.
Təbii qaz isə əsas enerji daşıyıcılarındandan biridir və onun qiymətinin kəskin qalxması Ermənistanda zəruri ərzaq məhsullarını, gündəlik tələbat malları və xidmətləri dərhal bahalaşdıracaq. Bu isə ölkədə islahatlar ümidi ilə yaşayan Nikol Paşinyana öldürücü zərbə demək olardı. Düz 1 ay sonra - mayın 8-də onun hakimiyyətə gəlişinin 1 ili tamamlanacaq. İslahatlar, vədlərin gerçəkləşməsi isə gözə dəymir.
Onsuz da həll olunmamış Qarabağ məsələsi, davam edən ağır blokada rejimi köklü islahatları mümkünsüz edir. Qarabağ ixtilafı əslində Paşinyan hökuməti də daxil, bütün Ermənistan iqtidarları üçün ən zəif yer, bir növ “Axilles dabanı” olaraq qalır. Üstəgəl, təbii qazın qiymətinin də qalxması daxildə sosial-ictimai vəziyyəti kəskin şəkildə pisləşdirə, erməni baş nazirin reytinqini və daxili ictimai dayaqlarını sarsıdardı.
*****
Beləliklə, Ermənistanın “Axilles dabanı” - həll olunmayan Qarabağ problemi Paşinyana uğurlu reformalara başlamağa mane olan əsas faktor olaraq qalır. Buna paralel, N.Paşinyan 1 ilə yaxın hakimiyyəti dönəmində xaricdəki varlı erməniləri və oliqarxları, bütövlükdə erməni diasporunu özünün dost-müttəfiqinə çevirə bilməyib. Rusiyadakı imkanlı erməni iş adamları da Paşinyanın islahatları üçün maliyyə dəstəyi vermirlər - ya Putinin qorxusundan, ya da sadəcə, Nikola antipatiya üzündən.
Daha bir səbəb erməni baş nazirin xarici siyasətdə “ikili oyun” oynaması, “nala-mıxa” vurması və strateji seçimi etməməsidir. Əslində isə onun hamıdan çox Rusiyanın ətəyindən yapışmaq istəməsidir. Paşinyan yaxşı bilir ki, imkanlı Azərbaycanla müqayisədə olduqca kasad maliyyə resurslarına malik Ermənistan yalnız Rusiyanın silah kreditlərinə ümid bəsləyə bilər. Necə ki, ötən ilin sonlarında Moskva ona 5-6 SU-30SM qırıcısı verməyi vəd eləməklə Paşinyanı şirnikləndirib. Lakin qırıcıların tədarükü 2020-ci ilə planlaşdırılır - o da əgər alınsa. Çox şey yəqin ki, indiki İrəvan hökumətinin özünü necə “aparması”dan asılı olacaq...
*****
“Nəzərə almaq lazımdır ki, Ermənistan məhdud maliyyə imkanı olan ölkədir. Silah-sursatı ilə birgə 12 ədəd SU -30SM almaq, üstəgəl, onlara xidmət - bu, təxminən bir milyard dollar edir. Düşünmürəm ki, Rusiya Ermənistana bu məbləğdə kredit versin - xüsusən də indi, Moskvanın beynəlxalq arenada Paşinyanın ikili mövqeyi səbəbindən İrəvan üçün qazın qiymətini azaltmaq istəmədiyi vaxtda”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş katibi İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində deyib.
“Erməni baş nazir isə həm NATO və ABŞ-la, həm də Rusiya ilə dostluq eləməyə cəhd edir. Əgər biz qazın qiymətini aşağı salmırıqsa, düşünmürəm ki, hansısa altruist kimi (özünü başqası yolunda fəda edən - ”YM") qəfildən Paşinyana SU-30 SM-lər üçün bir milyard dollar ayıra bilərik. Bəs Ermənistan pulu haradan tapacaq? Sual da budur", - deyə o qeyd edib.
Oliqarxların və xaricdəki zəngin ermənilərin köməyinə gəlincə, Korotçenko bildirib: “İş ondadır ki, erməni oliqarxlarının pulu Ermənistan banklarında saxlanılmır. Hansısa erməni oliqarxın qəfildən Ermənistan silahlı qüvvələrinin fonduna 50 və ya 100 milyon peşkəş edə biləcəyini fikirləşmirəm. İndiyədək belə hal olmayıb. Erməni diasporu - Ermənistandan xaricdə yaşayan varlı adamlardır və onlar hələ ki Ermənistanın özünə belə, sərmayə qoymağa tələsmirlər. Paşinyan hələ ki onlarla görüşür və onları yola gətirməyə çalışır”.
*****
Rusiyalı analitikin də sözlərindən hasil olan qənaət budur ki, Putinin Paşinyana qəzəbi soyumayıb. Ümumiyyətlə, iki “mehriban düşmən” çətin ki, dosta çevrilsin. Əksinə, Nikol şimaldan sürprizlər gözləməlidir. Qaz şantajı ilə təhdidin davam eləməsi bunun təzahürlərindən yalnız biridir...
“Yeni Müsavat”