Ermənistan hərblə sülh arasında: seçim uzaqda deyil

Ermənistan hərblə sülh arasında: seçim uzaqda deyil backend

Vaxt udmağa çalışan işğalçı ölkənin rəhbərliyi qəfil müharibəyə tuş gələ bilər; israilli şərhçi: “Azərbaycanla hərbi toqquşma Ermənistanın qəti iflasına gətirəcək...”

Son günlər Qarabağla bağlı müzakirə predmeti olan məsələlərdən biri Ermənistan rəsmilərinin müharibə ritorikasını gücləndirməsidir. Belə davakar bəyanatların xüsusən də Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən dərhal sonraya təsadüf eləməsi maraq doğurur.

Baş verənlər eyni zamanda işğalçı ölkənin sülh danışıqlarına həvəsli olmadığına, nizamlama ilə bağlı ən kövrək ümidləri belə, sabotaj etdiyinə şübhə yeri saxlamır. Bu radikal mövqeyin məhz baş nazir Nikol Paşinyandan qaynaqlandığının üzə çıxması qənaətimizi daha da möhkəmləndirir.

Siyasi və hərbi analitiklərin erməni yetkililərin bu qəbildən müharibə və hədə bəyanatlarına səbəbləri və mümkün nəticələri haqda özəl yanaşmaları var.

*****

“Ermənistan daxilindəki həssas ictimai-siyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanı müharibəyə təhrik etdiyini düşünmürəm. Ermənistanın siyasi və hərbi rəhbərliyinə aydındır ki, yeni hərbi əməliyyatlar başlayarsa, müharibə uzunmüddətli olmayacaq. İndi uzunmüddətli müharibələrə ehtiyac olmur. Günümüzdə ölkələr daha çox hava hücumlarına və zərbələrinə üstünlük verirlər. Artıq Ermənistanda da başa düşürlər ki, Azərbaycan ordusunun bununla bağlı geniş imkanları var. Buna görə də Paşinyanın Azərbaycanı müharibəyə təhrik etməsi məsələsi istisnadır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu politoloq Natiq Miri teleqraf.com-a deyib. Ekspertə görə, Paşinyan son bəyanatlarla iki hədəfinə çatmaq istəyir: “Birincisi, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə qatılması iddiasını irəli sürməklə zaman qazanmaq istəyir. Çünki bu gün Ermənistanın əli hərbi-siyasi cəhətdən güclü deyil. Paşinyan Ermənistanın iqtisadi cəhətdən də zəif olduğunu anlayır. Bu problemləri həll etmək üçün də ona zaman lazımdır. Çünki sınıq-salxaq, korrupsiyalaşmış ordunu yenidən təşkil etmək vaxt aparan məsələdir. İkincisi, ordunu müasir silahlarla təchiz etmək məsələsidir ki, Ermənistan burada da Azərbaycandan geridə qalır. Buna görə də zaman qazanmaq üçün Azərbaycanın qəbul etməyəcəyi açıqlamalar verir ki, bundan da prosesin uzanması üçün bəhanə kimi istifadə edir”.

Natiq Mirinin sözlərinə görə, bundan əlavə, Rusiyanın təzyiqi ilə üzləşmiş Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir: “Buna görə də onun bu islahatları yerinə yetirməyə ehtiyac var ki, daxildəki nüfuzunu gücləndirməklə Rusiyaya qarşı dayanıqlı olsun. Başqa tərəfdən Azərbaycana qarşı absurd çıxışlar etməklə Qarabağ məsələsinin məsuliyyətini bölüşmək istəyir. Ona görə ki, Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində cəsarətli addım atmaq imkanına malik olmayacaq. Uzun zamandır ki, Ermənistanda hakimiyyətlə ”Qarabağ kartı" üzərində dəyişir. Buna görə də indiki məqamda Ermənistanda bu baxımdan ciddi bir dəyişiklik yoxdur. Bugünkü Ermənistan cəmiyyəti də kompromisə getməyə hazır deyil. Üstəlik, Ermənistan müxalifəti Qarabağ məsələsindən istifadə edərək, Paşinyanın nüfuz dairəsini məhdudlaşdırmağa çalışır. Paşinyan da bunu başa düşdüyü üçün separatçı rejimin danışıqlar prosesinə qoşulmasını istəməklə üzərindəki məsuliyyəti azaltmağa cəhd edir".

Natiq Miri hesab edir ki, Azərbaycanla müharibə nəinki Ermənistan hakimiyyətinin, bütün Ermənistan dövlətinin məhv olmasına gətirib çıxara bilər: “Bu, adi bir müharibə olmayacaq. Nə qədər Paşinyan pozucu açıqlamalar versə də, Tonoyan Azərbaycana qarşı yeni ərazi iddiası irəli sürsə də, müharibə variantının Ermənistana baha başa gələcəyini də bilirlər. Bunu Ermənistan və Rusiyanın hərbi-siyasi dairələri də etiraf edirlər ki, qısamüddətli bir müharibə olacaq və bu, Ermənistan ordusunun tamamilə dağılması ilə nəticələnəcək. Yaxın onilliklərdə də, dağılmış erməni ordusunu bərpa etmək mümkün olmayacaq. Bunun Ermənistan üçün faciələrə yol açacağını bildiyi halda düşünmürəm ki, Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”.

*****

Öz növbəsində beynəlxalq münasibətlər üzrə ekspert, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qutun fikrincə, belə vəziyyətdə bu cür bəyanatlar ona gətirib çıxaracaq ki, müharibə Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olacaq: “İki ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin etibarsız, amanabənd olmasını real surətdə hiss etdim. Təəssüf ki, Nikol Paşinyan və onun müdafiə naziri kimi küçədən gəlmiş, ”silahla meydan oxuyan" populistlər, əslində başa düşmürlər ki, indiki güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı çox gözəl başa düşür ki, dilənçi vəziyyətində olan yoxsul Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənməkdədir. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, o, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları göstərir ki, onlar narahatdırlar, qorxuya və vahiməyə düşüblər".

Ekspert vurğulayıb ki, Azərbaycan ordusu cəbhə xəttində hadisələrin istənilən şəkildə inkişafına hazırdır: “İndi Azərbaycan ordusu ən güclü, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, nizam-intizam və şəxsi heyətin mübariz ruhu deməkdir. Azərbaycanın və Ermənistanın maliyyə imkanlarındakı fərqlər onların müdafiə və hücum potensialındakı fərqlərdə əks olunur. Globalpower.org rəsmi hərbi statistika saytının hesablamalarına görə, həm hərbi, həm də siyasi və iqtisadi amillər, o cümlədən rəsmi Bakının daimi dövlət gəlirləri mənbələrinin olması, Ermənistanın isə bu cür mənbələrinin olmaması nəzərə alınmaqla Azərbaycanın hərbi qüdrəti Ermənistanın müdafiə qabiliyyətindən 1,5 dəfə yüksəkdir. Bu gün müstəqil Azərbaycan ölkənin müdafiə sektoruna Ermənistanın bütün dövlət büdcəsinə uyğun məbləğdə sərmayə qoymağı özünə rəva görə bilər. Təcrübə göstərir ki, müasir müharibədə döyüş əməliyyatları aparılması üçün kimin daha çox inkişaf etmiş, yüksək texnoloji vəsaitləri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin aprel döyüşləri zamanı erməni işğalçılarına qarşı İsrailin pilotsuz zərbə aparatlarının səmərəli şəkildə tətbiq edilməsini xatırlamaq kifayətdir. Heç kəs unutmayıb ki, 2016-cı il aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı hərbi zərbə endirdi. Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Ermənistanın baş naziri və müdafiə naziri çox gözəl bilirlər ki, Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın qəti iflasına və fiaskosuna gətirib çıxaracaq. Mən Azərbaycanın hərbi potensialını Ermənistanla heç müqayisə etmək istəmirəm, çünki bunlar tamamilə müqayisəolunmaz şeylərdir. Zənnimcə, Paşinyan çalışacaq ki, vəziyyət son həddə çatmasın, çünki bundan sonra onun üçün və Ermənistan üçün qarşısıalınmaz nəticələr baş verə bilər”.

*****

Azərbaycanın üstün hərbi gücü düşmən ölkədə də etiraf edilir. Məsələn, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan separatçı rejimin keçmiş “müdafiə naziri” Levon Mnasakyan deyib ki, “Qarabağ münaqişəsinin həlli yolu yeni müharibədir və bu, gec-tez başlanacaq”.

Ermənistanın “Verelq” informasiya-analitik portalı yazır ki, Vyanada görüş keçirilsə də, münaqişənin nizama salınması dərin böhrandadır. “Azərbaycan Dağlıq Qarabağı bütövlükdə qaytarmaq istəyir, Ermənistan isə ”Madrid prinsipləri"ni həyata keçirməyə hazırlaşmır. Bunun fonunda Azərbaycan fəal silahlanır. Proqnozlara görə, müharibə Qarabağ və Naxçıvan cəbhəsində eyni vaxtda başlanacaq. Azərbaycan ordusu Ağdam üzərindən dəhliz açacaq və Xankəndini mühasirəyə alacaq. 2016-cı il “aprel müharibəsi”ndə Azərbaycan ordusu Talışda mövqelərini gücləndirdi və bunun vasitəsilə Ağdərə, Sərsəng su anbarı, həmçinin Ermənistan və Qarabağı bağlayan Ağdərə yoluna nəzarəti ələ aldı. “Aprel müharibəsi” bu baxımdan yeni müharibədə Azərbaycanın önə keçməsini təmin etdi", - deyə saytın analitikləri bildiriblər.

Beləliklə, işğalçı ölkə hərblə sülh arasında qalmaqda və riskli oyun oynamaqda davam edir. Atəşkəs rejimini, Qarabağ konfliktinin dinc həllini süni surətdə uzadan Ermənistan rəhbərliyi istənilən an qəfil müharibəyə tuş gələ bilər. Hər halda, Azərbaycan sonsuzadək işğal rejiminə dözmək niyyətində deyil...
Diaspora