İşğalçıya 3 il öncəki Lələtəpə dərsi - böyük zəfərin anonsu

İşğalçıya 3 il öncəki Lələtəpə dərsi - böyük zəfərin anonsu backend

“4 günlük” aprel müharibəsindən 3 il ötür; düşmən hələ də ondan nəticə çıxarmayıbsa, davamı mütləq gələcək; politoloq: “Ermənistan müharibə aparmaq iqtidarında deyil, çünki...”

2016-cı ilin “4 günlük” aprel müharibəsinin (2-5 aprel) üçüncü ildönümünü yaşayırıq. Həmin qısamüddətli və uğurlu blits-müharibə işğalçı Ermənistan ordusunun məğlubedilməzlik mifini darmadağın edərək, düşmənə heç vaxt unutmayacağı qulaqburması verdi, erməni cəmiyyətində və düşmən ölkənin siyasi isteblişmentində hələ də özünü göstərən xaos, məyusluq və ziddiyyətlər yaratdı.

Xatırladaq ki, “4 günlük” müharibə zamanı 2000 hektardan artıq ərazimiz azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

*****

Əfsus ki, 3 il öncə Rusiya Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsinə və daha geniş əraziləri işğaldan azad eləməsinə mane oldu. Moskva öz satellitini xilas eləmək üçün Bakıdan hücum kampaniyasını dayandırmaq xahişində bulundu. Azərbaycan geosiyasi səbəblərin diktəsi ilə bu xahişi nəzərə almalı oldu. Yəni obrazlı desək, Moskva işğalçının “qanının arasına” girdi.

Gözləmək olardı ki, Ermənistan həmin hərbi fiaskodan- Azərbaycan ordusunun real gücünü öz üzərində əyani görəndən sonra Qarabağa dair sülh danışıqlarında nəhayət, konstruktiv mövqeyə köklənəcək. Əfsus, bu, baş vermədi. Ötən 3 ildə İrəvan dinc anlaşma yönündə heç nə eləmədi, addım atmadı. Əksinə, hakimiyyətdəki köhnə və təzə qüvvələr bir az da radikal və həyasız mövqe tutdular.

Bu günlərdə isə Ermənistanın yeni müdafiə naziri David Tonoyan müharibə təzədən qızışarsa, Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələdi. Absurda bax ki, David Tonoyan 2016-cı ilin “4 günlük” müharibəsi zamanı Ermənistan müdafiə nazirinin müavini olub. Belə çıxır ki, verdiyimiz qulaqburma yetərli olmayıb. 3 il öncəki hərbi məğlubiyyətdən ciddi nəticə çıxarmayıblarsa davamı mütləq gələcək. Ancaq bu dəfə Azərbaycan ordusu işğalçı qüvvələrə elə zərbə endirməlidir ki, müharibə yox, yalnız sülh bəyanatları versinlər, barışa can atsınlar.

*****



“David Tonoyan hərbçi deyil və o, erməni ordusunun vəziyyətini qiymətləndirə bilməz, hərçənd bir müddətdir müdafiə nazirliyinə rəhbərlik edir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “Vestnik Kavkaza” portalına müsahibəsində Baku Netowrk Ekspertlər Şurasının rəhbəri, politoloq Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunda hücum dəstələri yoxdur: “Erməni ordusu ön postlarda işğal olunmuş ərazilərin müdafiəsi rejimindədir. Bütövlükdə dünya praktikasında belə bir şey yoxdur ki, müdafiə naziri durub açıq şəkildə hücum dəstələrin hazırlanması və hücuma keçərək artıq işğal edilmiş ərazilərdən əlavə yeni torpaqlar işğal edilməsi haqda bəyanat versin. Bu bəyanat, sadəcə olaraq, dünya hərbi nəzəriyyəsinin məntiqinə uyğun gəlmir. Bundan əlavə, qoşunların təmas xəttində Ermənistan bircə məntəqədə belə üstün gücə malik deyil ki, erməni ordusu real olaraq hücuma keçə bilsin. Ermənistan müharibə aparmaq iqtidarında deyil, ona görə ki, iqtisadi baxımdan iflas vəziyyətdədir: onun maliyyəsi, gələcək perspektivi yoxdur. Tonoyan yekun etibarilə yersiz bəyanat verib. Bu bəyanat nizamlama prosesinə yalnız xaos qatır və ən yaxşı halda Paşinyan komandasına erməni toplumunun radikal ovqatlı kəsiminin gözündə hansısa xallar qazandıra bilər”.

İşğalçı ölkəni gözləyən real perspektivlə bağlı isə politoloq bunları deyib: “Nəzəriyyə və təcrübə göstərir ki, Ermənistan Azərbaycanla dinc münasibətlərdən böyük ölçüdə asılıdır. Ona görə ki, Dağlıq Qarabağ Kiçik Qafqaz dağlarının qərbində yerləşir, Ermənistanın özü isə iqtisadi böhran içindədir. O üzdən ondan ötrü həm özünü, həm də Azərbaycanın Ermənistana münasibətdə əlverişsiz vəziyyətdə yerləşən işğal altındakı ərazilərini saxlamaq olduqca çətindir. Son 20 ildəki tendensiyalar göstərir ki, Ermənistan artıq bir dövlət kimi sönür. İnsanlar, sadəcə, ölkəni tərk edirlər. Və bu zaman İrəvana Ermənistanın şimal və qərb sərhədlərindən yarımsəhra, yandırılmış Ağdam rayonuna hərbçilərin lazımsız daşınması üçün resurslar cəlb eləmək zorundadır. Orada erməni əsgərlərini, üstəlik, o, təmin eləməli, yedizdirməlidir”.

Ekspert hesab edir ki, erməni siyasətçiləri ölkəni öz əlləri ilə perspektivsiz regiona çevirməkdədir. “Bu isə ölkəni çıxışı olmayan dalana aparır. Ermənistandan hətta ən yaxın qonşuları da üz çevirməkdədir. Bunu Gürcüstan prezidentinin Azərbaycana və Ermənistana az öncə elədiyi səfər göstərdı: Salome Zurabişvili rəsmən bəyan elədi ki, Ermənistan Dağlıq Qarabağı işğal edib. Əvvəllər Gürcüstan belə bəyanatlardan qaçırdı. Ondan bir az qabaq İran analoji bəyanat verdi. Yəni Ermənistan bir dövlət olaraq yararsız varlığa çevrilir, iqtisadi planda ona heç kim güvənmir, siyasi baxımdan isə heç kim ona oriyentasiya eləmir”, - deyə analitik sonda əlavə edib.

Bu qənaətlərlə razılaşmamaq çətindir. Qalır, işğalçı ölkə rəhbərliyinin də sərt gerçəklikləri, nəhayət, ciddiyə alıb “daşı ətəyindın tökməsini” gözləmək. Bir şey dəqiqdir ki, zaman artıq Ermənistanın xeyrinə işləmir. Odur ki, atəşkəsin böyük sülhlə bitməsində indi ən çox işğalçı tərəf maraqlı olmalıdır...

musavat.com
Diaspora