Qarabağda sülh üçün açılan “imkanlar pəncərəsi”

Qarabağda sülh üçün açılan “imkanlar pəncərəsi” backend

Vyana görüşü konfliktin həll prosesinə müəyyənlik gətirəcəkmi? Rusiyalı politoloq: “Azərbaycan heç vaxt belə uduşlu vəziyyətdə olmayıb...”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş baş tutub. Dünən Avstriyanın paytaxtı Vyanada iki ölkənin rəhbərləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bir araya gəliblər.

Yüksək səviyyəli görüşdən öncə isə həmsədrlərin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Məlumata görə, görüş zamanı xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyan arasında görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

*****

Azərbaycan və Ermənistan rəhbərinin Vyana görüşü erməni tərəfinin, Nikol Paşinyan ziddiyyətli, qeyri-ciddi bəyanatlarından dərhal sonra reallaşması ilə ekspertlərin xüsusi diqqətində idi. Çünki bu, iki ölkə lideri arasında ilk rəsmi və yüksək səviyyəli görüşün mümkün pozitiv nəticəsi baxımından bədbinliyi artıran məqam sayılırdı.

Məsələn, erməni baş nazir Vyana danışıqları ərəfəsində demişdi ki, İlham Əliyevlə görüşdə konkret gündəm yoxdur. Yəni onun sözlərindən belə qənaət hasil olurdu ki, Vyanada da münaqişəyə dair yalnız ümumi məsələlər müzakirə olunacaq. Nikol Paşinyan habelə Minsk Qrupu həmsədrlərinin az öncə öz bəyanatlarında xatırlatdıqları “Madrid prinsipləri”ni “anlamadığını” söyləmişdi. Ayrı sözlə, bir növ Qarabağa dair danışıqlar prosesindən guya o, məlumatsız olduğu rəyini yaratmışdı.

*****

Bir sıra analitiklərə görə, Ermənistan rəhbərinin bu cür davranışı əslində Dağlıq Qarabağ məsələsində Bakının əlini gücləndirir. O sırada rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk hesab edir ki, rəsmi Bakı danışıqlar prosesində heç vaxt belə uduşlu vəziyyətdə olmayıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli minval.az portalına açıqlamasında iki ölkə liderinin Vyana görüşü ilə bağlı gözləntiləri şərh edərkən deyib.

“Bu dəfə Bakı söhbətin vektorunu dəyişmək üçün bütün şanslara malikdir. Çünki onun əlində təkcə Paşinyanın özünün deyil, həm də İrəvan tərəfindən danışıqlar formatının faktiki, dəyişdirilməsini fiksə eləməli olan nəzarətedici instansiyaların hamısının ünvanına mahiyyətə aid çoxlu suallar var. Mən Azərbaycan prezidentinə nəyisə məsləhət edə bilmərəm. Ancaq Bakı çoxdandır ki, danışıqlar prosesində belə uduşlu vəziyyətdə olmayıb - xüsusən də 2016-ci ilin aprelindən sonra, nə vaxt ki, çoxları əmin idi ki, məhz Azərbaycan Ordusu konflikt zonasında rəqibə zərbə vurub”, - deyə politoloq qeyd edib.

Lakin rusiyalı təhlilçi Vyana görüşündən ciddi nəticə gözləmir: “Heç bir sensasiyaya ümid eləməyə dəymir. Belə danışıqlar Ter-Petrosyan dönəmində də, Köçəryan və Sərkisyan hakimiyyətləri zamanında da aparılıb. Ancaq onların hamısı Azərbaycan üçün eyni nəticə ilə bitib. Yəni heç bir nəticəyə gətirməyib”.

“Əgər Azərbaycan müharibəyə cəlb olunmaq istəmirsə, - bu cəlb olunmanın elementlərini biz günü bu gün təmas xəttində müşahidə edirik, - o zaman Bakı Paşinyanın özünün onun əlinə verdiyi güclü arqumentlər hesabına belə yüksək səviyyəli görüşlərdən dünya çaplı, beynəlxalq əhəmiyyətli sensasiyalar etmək üçün faydalanmalıdır. Azərbaycan üçün qəfildən ”imkanlar pəncərəsi" açılıb, hansı ki, elə qəfildən də qapana bilər", - deyə o əlavə edib.

*****

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri David Şahnazaryan isə İlham Əliyevlə görüş ərəfəsi Nikol Paşinyanın Qarabağa dair mövqeyini, daha doğrusu, mövqesizliyini sərt tənqid edib (Virtualaz.org). “Eurasia Daily” portalına müsahibəsində Şahnazaryan deyib: “Mən onun Madrid prinsipləri haqda dediklərini ümumiyyətlə, başa düşmürəm. Erməni hakimiyyətinin öz bazası, öz traktovkası olmalıdır. Gedib ”böyük dayılardan" xahiş etməli deyil ki, bu sənəddə nə deyilir. Bakı nəyə görəsə dəqiq bildirir ki, “Madrid prinsipləri” dedikdə nəyi başa düşür. Erməni rəhbərliyi isə deyir: bax biz Vyanaya gedirik və qoy orada izah etsinlər görək, bu nə prinsiplərdir. Ondan əvvəl isə Paşinyan ümumiyyətlə demişdi ki, Əliyevlə görüşmək haqda razılıq var, amma gündəm yoxdur. Sual olunur-öz gündəmin yoxdursa sən hara gedirsən?" - Şahnazaryan sual edib.

Erməni siyasətçiyə görə, həm Paşinyan, həm onun xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağ məsələsində tam siyasi və diplomatik təcrübəsizlik nümayiş etdirirlər: “Onlar sadəcə, mövzudan, problemdən xəbərsizdirlər”. Şahnazaryan qeyd edib ki, bu səhvlərin nəticəsində həmsədrlər və beynəlxalq ictimaiyyət indi Bakı ilə eyni mövqedən çıxış edir. “Ermənistan hakimiyyətinin məsuliyyətsiz hərəkətləri üzündən indi İrəvan destruktiv tərəfə, Bakı isə konstruktiv tərəfə çevrilib” - Şahnazaryan deyib.

*****

“Azərbaycan tərəfi Vyana danışıqlarına bir çox üstünlüklə gedir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Vyana görüşü ərəfəsi politoloq Elçin Mirzəbəyli teleqraf.com-a bildirib.

Onun fikrincə, hazırkı şəraitdə beynəlxalq vəziyyət Azərbaycanın xeyrinədir: “Ermənistanın bu günədək Qarabağdakı separatçı rejimi danışıqlara ”subyekt" kimi cəlb etmək cəhdləri tamamilə iflasa uğradı. Bu həm Minsk Qrupunun həmsədrləri tərəfindən elan edildi, həm də Nikol Paşinyanın Avropaya səfəri zamanı, Avropa İttifaqının yüksək rəsmiləri tərəfindən mövcud formatın dəyişməz olduğu xüsusi olaraq vurğulandı. Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Mogerininin açıqlamasında ərazi bütövlüyünün mühüm amil olduğu Paşinyana xatırladıldı. Məlumdur ki, həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktının prinsipləri önə çəkildi. Bu prinsiplər də ərazi bütövlüyünün əsas faktor olduğunu önə çəkir. Digər tərəfdən, ölkəmizin iqtisadi gücünün artması, ordu quruculuğu istiqamətində görülən işlər - Azərbaycan ordusunun müasir silah-sursat əldə edərək öz arsenalını gücləndirməsi ölkəmizin mövqelərini daha da möhkəmlədir".

Elçin Mirzəbəyli hesab edir ki, Paşinyanın kənardan Ermənistana investisiya cəlb etmək cəhdlərinin iflasa uğraması rəsmi İrəvanın mövqeyini bir qədər də zəiflədir: “Beləliklə, bir daha məlum oldu ki, Azərbaycana qarşı işğala son qoyulmadan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən kənardan Ermənistana investisiya yatırmaq mümkün olmayacaq. Yəni Ermənistan bu danışıqlara kifayət qədər zəifləmiş durumda gedir. Paşinyanın ”demokratiya müstəvisi"ndə üstünlük əldə etmək cəhdləri effektli nəticə vermədi. Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin nə daxili, nə də regional situasiyaya təsir etməyəcəyi ortaya çıxdı. Bu, bir daha Paşinyan rejiminin iç üzünü açdı.

Danışıqlarda əldə edilə biləcək nəticələrə gəlincə, Ermənistandan bir sıra məsələlərlə bağlı müzakirələrin aparılacağı bildirilir. Amma Azərbaycan və Minsk Qrupundan verilən son açıqlamalarda danışıqların predmet üzrə aparılacağı bildirilib. Substantiv danışıqların davam etdirilməsi şərt kimi ortaya qoyulub. Eyni zamanda o da vurğulanıb ki, indiki şəraitdə mövcud status-kvonun saxlanılması yolverilməzdir. Bu da Paşinyanın səsləndirdiyi fikirlərin Ermənistanın daxili auditoriyasına hesablanmış addım olduğunu sübut edir".

Politoloqun sözlərinə görə, danışıqlar bu günədək masa üzərində olan həll variantları üzərində olacaq: “Əslində başqa bir predmet də yoxdur və Ermənistan tərəfinin iddiaları da indiki şəraitdə iflasa uğrayıb. Nəticəyə gəlincə, bu haqda danışmaq hələ tezdir. Ermənistan konkret addımlar atmayacaqsa, beynəlxalq ictimaiyyətin, Minsk Qrupunun, Avropa İttifaqı rəsmilərinin Ermənistanla bağlı səsləndirdikləri fikirlər reallaşdırılmalı və bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması istiqamətində addımlar atılmalıdır. Ermənistan yenə də beynəlxalq güc mərkəzlərinin açıqladığı mövqeyindən sonra özünün ənənəvi siyasətini davam etdirəcəksə, münaqişənin həll edilməsi üçün iki yol qalacaq. Birincisi, Ermənistanın beynəlxalq təcridinin baş verməsi, ikincisi isə Azərbaycanın hərbi əməliyyatlara başlamasıdır”.
Diaspora