Azərbaycan və Ermənistan rəhbərlərinin ilk rəsmi görüşünün anonsu verildi - gözlənti
2019-cu ilin üçüncü ayı, birinci rübü başa çatmaq üzrədir. Qarabağa dair dinc nizamlama prosesində isə hələ də gözlənilən müsbət dönüş qeydə alınmayıb. İşğalçı Ermənistanda hakimiyyətə gələn yeni qüvvə, baş nazir Nikol Paşinyan bir ilə yaxındır “problemlə yaxından tanış olmaq” xətti götürüb, heç vaxt reallaşmayacaq absurd təklif-tələblər irəli sürməklə məşğuldur. Əslində isə artıq aydındır ki, Paşinyan da sələfləri kimi vaxt status-kvonu süni şəkildə uzatmağa çalışır. İrəvan eyni zamanda bu taktikanın müharibə riskini artırdığının da fərqində olmamış deyil.Bir neçə gün öncə Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı iclas keçirib. İclasda müdafiə naziri David Tonoyan, həmçinin ordu rəhbərliyindəki yüksək çinli zabitlər iştirak ediblər. Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan medianı toplantı barədə məlumatlandırsa da, detalları açıqlamayıb. Lakin erməni KİV-ləri qapalı iclasın müəyyən detallarını öyrənə bilib İddialara görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Buna görə də indidən ordunu gələcək müharibəyə hazırlaşdırır. “Past” qəzetinin məlumatına görə, qapalı iclasda Paşinyan generallarla müharibə ssenarilərini müzakirə edib. Konkret hansı ssenarilər üzərində iş aparıldığı məlum olmasa da, Paşinyanın müdafiə naziri Tonoyana ordudakı neqativ halların aradan qaldırılması tapşırığını verdiyi deyilir.
*****
Qapalı toplantının Ermənistanda martın 17-də qiyam qaldıran hərbi hissənin əsgərlərinin bir qrupunun cəza olaraq Qarabağa “sürgün edilməsi”ndən bir gün sonraya təsadüf etməsi isə xüsusi diqqət çəkib. Bəllidir ki, “sürgü”nə etiraz olaraq əsgərlərin valideynləri və yaxınları İrəvanda hökumət binası qarşısında aksiya keçiriblər və Müdafiə Nazirliyinin hərbi hissədəki iğtişaşın iştirakçılarını bu cür cəzalandırmasından bərk hiddətləndiklərini bildiriblər.
Yeri gəlmişkən, bu faktın özü, habelə az öncə Xankəndində Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısının keçirilməsi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalının arxasında bilavasitə Ermənistanın dayandığını bariz şəkildə təsdiqləyir. Ermənistan vətəndaşlarını, o sırada öz doğma oğlunu qonşu ölkənin işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərən Paşinyanın Qarabağdakı marionet rejimi guya müstəqil və suveren qurum kimi birbaşa danışıqlara qoşmaq tələbinin absurdluğu bir daha ortaya çıxır. Odur ki, ənənəvi sual öz aktuallığını saxlayır: rəsmi Bakının Dağlıq Qarabağ məsələsində “dəvəquşu” siyasətinə üstünlük verən İrəvanla sülh danışıqları aparmasına dəyərmi?
Hərçənd ABŞ-da nəşr olunan nüfuzlu “Vaşinqton Post” qəzeti iddia edib ki, tezliklə Azərbaycan və Ermənistan sülhlə bağlı razılığa gələ bilər. “Bölgədə baş verən müsbət dəyişikliklər münaqişənin həlli ehtimalını artırır”, - deyə nəşr qeyd edib. “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması fürsəti yaranıb. Uzun illərdir davam edən nəticəsiz danışıqlardan sonra həllə yol aça biləcək dəyişikliklər diqqət çəkir” - qəzetinin analitik materialında bildirilir (Teleqraf.com).
Məqalədə bir il əvvəl Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə yol aça biləcəyinə toxunulub: “Bölgədə baş verən müsbət dəyişikliklər münaqişənin həlli ehtimalını artırır. Son zamanlarda cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının azalması da bundan xəbər verir. Üstəgəl, tərəflər bir-birinə qarşı azalan təhdidedici bəyanatları və münaqişənin həlli prosesinə dəyişən baxışları da müharibə ehtimalını zəiflədən, sülh sazişinin imzalanması ehtimalını yüksəldən faktorlar arasındadır. Görülən işlər, tərəflərin müzakirələri davam etdirmək istəyi də bura daxildir”.
Nəşrin iddiasına görə, münaqişə tərəflərinin qısa müddətli anlaşmalar yerinə, həll prosesinin sürətləndirilməsinə yönəlik işbirliyi qurmaq səyləri məsələnin dinc yolla həllinə kömək edəcək. “Digər yandan, münaqişənin həllinə təkan verə biləcək vasitəçilərin də prosesə cəlb edilməsi, Ermənistan və Azərbaycan arasında düşmənçiliyi azalda bilər”, - deyə məqalədə vurğulanır.
*****
Bu arada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşəcəyi haqda məlumat yayılıb. Görüş zamanı tərəflərin Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəkləri bildirilir. Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutacağı deyilir.
Yazı hazırlanarkən Azərbaycan XİN görüşlə bağlı yayılan xəbəri təsdiqlədi. Ermənistan baş nazirinin mətbuat xidməti isə martın 28-29-da Nikol Paşinyanın başçılığı ilə nümayəndə heyətinin Vyanaya gedəcəyi haqda məlumat yayıb. N.Paşinyanın mətbuat katibi Vladimir Karapetyan armenpres-lə söhbətdə Vyanada liderlərin mümkün görüşü barədə yalnız bunu deyib ki, tərəflər görüşlə bağlı “uzlaşdırılmış bəyanat” verəcəklər.
Öz növbəsində Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Paşinyanla Əliyev arasında baş tutacaq görüşün vaxtı və yeri barədə danışarkən deyib ki, görüş məqamı çox yaxındır, ancaq bu barədə tərəflər rəsmi açıqlamanı eyni vaxtda verəcəklər.
Xatırladaq ki, martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu söyləmişdi.
Azərbaycan və Ermənistan rəhbərləri indiyədək 3 dəfə (Moskva, Bişkek, Davos) bir araya gəliblər. Ancaq bu görüşlər qeyri-formal atmosferdə baş tutub. Qarşıdakı görüş isə ilk rəsmi təmas olacaq. Bu görüşdən mümkün gözləntilərə gəlincə, öncə onu qeyd edək ki, Vyana təmasına sayılı günlər qalmış Dağlıq Qarabağdakı təmas xəttində işğalçı tərəfin təxribatı nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub. Bu, qarşıdakı görüşə neqativ atmosfer qata bilər. Çünki erməni tərəfi bununla Qarabağ danışıqlarında konstruktivliyə hazır olmadığını, görüşə radikal mövqe ilə getdiyini bir daha nümayiş etdirmiş olur...
*****
“Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Vyana görüşü baş tutacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada gözlənilən görüşü ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, görüşün təşkil edilməsində Avropa Birliyi, Avropa Şurası və ATƏT-in Minsk Qrupunun səylərini qiymətləndirmək lazımdır.
“Çünki Paşinyanın danışıqların formatını dəyişdirməklə bağlı sayıqlamaları məhz Bakının siyasəti və onların sayəsində gündəmdən çıxarıldı. Buna baxmayaraq, Paşinyan görüş ərəfəsində sayıqlamalarını davam etdirir. Onun əsas fikri hələ ki, İlham Əliyevlə danışıqların formatını bir daha müzakirə etmək və bundan sonra danışıqların mahiyyəti üzrə davam etdirilməsinə keçməkdir. Ancaq Azərbaycan prezidenti qəti şəkildə bildirib ki, danışıqlar mövcud formatda da davam etdiriləcək. Bu fonda Vyana görüşü baş tutacaq və Paşinyan reallıqdan qaça bilməyəcək”, - deyə o qeyd edib.
Politoloq bu məqamda Paşinyanın oyunbazlığının bir sıra səbəblərdən qaynaqlandığını vurğulayıb: “Əvvəla, Paşinyan Ermənistandakı elektoral baza sarıdan bərk narahatdır. Ona görə ki, indiyədək o, elektoral bazanın emosiyaları ilə oynayaraq reytinqini qoruyub saxlamağa çalışıb. İkincisi, bu gün danışıqları bəlli bir çərçivəyə salan və bu çərçivədən kənara çıxmağa imkan verməyən qüvvələr var. Hətta danışıqların birbaşa Rusiyanın təlimatları çərçivəsində aparıldığı da istisna edilmir. Rusiya yenə danışıqlar prosesində inhisarçı mövqeyini qoruyub saxlamaqdadır. Bu nöqteyi-nəzərdən indiki dövrdə Paşinyanın şıltaqlığının digər bir səbəbi Lavrovun ona verdiyi təlimatlardır. Əgər bu təlimatlar davam edərsə, danışıqlar prosesi hələ ki nəticəsiz “irəliləyəcək””.
Bu ehtimalın ciddilik yükü yəqin ki, Vyana görüşündən sonra Paşinyanın özünü necə aparacağından bilinəcək.