Ermənilərdən Qarabağla bağlı sərsəm iddia

Ermənilərdən Qarabağla bağlı sərsəm iddia backend

Qarabağ separatçıları işğal altındakı Azərbaycan ərazilərini “Rusiyanın mandatı altına verməyə” çağırır; ABŞ Dövlət Departamentinin sərt “şilləsi”ni dadan işğalçı üzünü yenidən Kremlə tutur; Qafar Çaxmaqlı: “Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi sayılır və Ermənistanın işğalı altında olduğu qəbul edilir...”

İşğalçı Ermənistan və Qarabağdakı separatçı-terrorçu qüvvələr danışıqların pozulması istiqamətində cəhdlərini israrla davam etdirirlər. Rəsmi İrəvan vaxtaşırı dinc tənzimlənməyə maraqlı olduğunu iddia etsə də, Ermənistan rəhbərliyinin və Xankəndindəki separatçıların iddiaları bunun əksini deyir.

Növbəti qalmaqallı iddia ilə “dqr”in keçmiş “müdafiə naziri”, Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, general Samvel Babayan çıxış edib. Babayan 24news internet televiziyasının efirində Ermənistanı Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərindən imtina etməyə və Qarabağı Rusiyanın mandatı altına verməyə çağırıb. “Beynəlxalq problemlərin həlli mexanizmləri var. Bu cür kəskin münaqişələr ərazi mandatının verilməsi yolu ilə həll olunur. Məsələn, Rusiya mandatı alır, xəritəni tətbiq edir və insanlar cızılmış sərhədlər daxilində yaşayırlar. Lakin demək ki, Ermənistan və Azərbaycan masa arxasına oturub razılaşsın... Bu məsələni həll etməyəcək, pozulmaya və müharibəyə gətirib çıxaracaq” - Babayan bildirib.

Dağlıq Qarabağ “prezidenti” olmağa iddia edən keçmiş səhra komandirinin bu açıqlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Virtualaz.org xəbər verir ki, politoloq Styopa Səfəryan facebook səhifəsində Babayanın dediklərini belə şərh edib: “Xatırlayırsınızmı, 2016-cı ildə Moskvadan qayıdan kimi Samvel Babayan 4 günlük aprel müharibəsini necə şərh etmişdi? Baş verənləri müharibə yox, diversiya adlandırmışdı. Bu da hücum edən tərəfdən ”məsuliyyətin götürülməsi" demək idi, çünki diversiyaya görə beynəlxalq məsuliyyət yoxdur, amma müharibəyə görə var. İndi Babayan deyir ki, Qarabağ Rusiyanın mandatı altına keçməlidir. Rusiyada 2008-ci ildə işlənib hazırlanan, 2012-2013-cü illərdə konseptual olaraq təqdim edilən proqram əsasında. Həmin proqramın mahiyyətinə görə Abxaziyada, Cənubi Osetiyada və Dnestryanı bölgədə olduğu kimi, Dağlıq Qarabağda da Rusiyanın hərbi iştirakı olmalıdır. Bu yeganə məqamdır ki, hətta Serj Sərkisyan da ona müqavimət göstərib, aprel müharibəsi və Belarus prezidenti Lukaşenko da buna şahiddir..."

İşğalçı tərəf vaxtaşırı Qarabağ məsələsinə KTMT-nin, xüsusilə də Rusiyanın açıq şəkildə müdaxilə etməsi üçün təxribatlara əl atır. Hətta Ermənistan-Azərbaycan sərhədində təxribatların törədilməsində əsas məqsəd “Rus NATO”sunu proseslərə qoşmaq olub. Ermənistan Rusiyanı Qarabağa “gətirmək” üçün ən müxtəlif təxribatlara əl atır. Ötən il Rusiya XİN başçısı Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” məzmunlu əcaib bəyanatı da uzun müddət erməniləri həvəsləndirdi. Eyni zamanda son həftələrdə Rusiya XİN-dən erməniləri müdafiə ilə bağlı verilən bəyanatlar işğalçıların əl-qolunu açıb.

Yeri gəlmişkən, ötən həftə ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında bildirilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”. Ermənistanı açıq-aşkar işğalçılıqda və separatçılığı dəstəkləməkdə ittiham edən bu hesabatı şərh edən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, ABŞ Dövlət Departamentinin son hesabatında yeni heç nə yoxdur və bu təsbit hər il təkrar olunur. Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi “hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, İrəvan “öz öhdəliklərini yerinə yetirir”.

Xatırladaq ki, ötən ilin payızında ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills açıqlaması ilə Ermənistanda şok yaratmışdı. İşğal edilmiş ərazilərin bir hissəsini Azərbaycana qaytarmadan, Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq, deyən diplomatın Vaşinqtonun mövqeyini ifadə etmədiyi barədə iddialar da var idi. “Demək olar ki, tərəfləri razı salan variantların heç biri Ermənistanda müzakirə edilmir. Bu, məni təəccübləndirir”, - deyə səfir demişdi. Üstündən aylar keçəndən sonra Ermənistanın kompromislərə hazır olmadığı bir daha təsdiqləndi. ABŞ Dövlət Departamentinin İrəvana sərt bəyanatının ardınca ermənilərin Rusiyaya meyllənməsi də təsadüfə oxşamır.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ermənilər bir az sıxışan kimi Rusiyaya qarmaq atırlar, bu ölkə üçün də cəzbedici iddialarda bulunurlar: “Dağlıq Qarabağın Rusiyanın mandatlı bir bölgəyə çevrilməsi düşüncəsi yeni deyil. Bir neçə il bundan əvvəl separatçı ideoloq Zori Balayan Rusiya prezidenti Putinə bir məktub yazmışdı və həmin məktubunda o, guya 1828-ci ildə Qarabağın könüllü olaraq Rusiyanın tərkibinə keçdiyini və bu ərazilərin Rusiyaya məxsus olduğunu bildirmişdi. Balayan Rusiyadan xahiş etmişdi ki, bu torpaqlara sahib çıxsın. Dolayısı ilə Qarabağın Rusiyaya birləşdirilməsini istəmişdi. O zaman Ermənistanın özündə Balayana çox ciddi müqavimət göstərilmiş və bu ərazilərin Ermənistana ”məxsusluğu" qeyd edilmiş və Balayan erməni davasına xəyanətdə suçlanmışdı. İndi bu köhnə bayatını Samvel Babayan oxuyur. Ermənilər anlamağa başlayırlar ki, de-yure heç zaman Dağlıq Qarabağı özlərininki edə bilməyəcəklər. Danışıqlardan bir şey çıxmasa ərazilərini hərbi yolla özünə qaytarmaq Azərbaycanın təbii haqqı olaraq hər zaman real olacaq. Bu səbəbdən yollar fikirləşirlər. Amma bunların heç biri həyata keçə bilməz. 4 günlük müharibənin də Rusiya tərəfindən törədilməsi və buraya ordu yeritmək fikri də ermənilərə məxsusdur. Onlar Rusiyanın Qarabağda əsgəri varlığını istəyirlər".

Q.Çaxmaqlı onu da əlavə etdi ki, S.Babayan kimilər törətdikləri cinayətlərə görə özlərini sığortalamaq niyyətindədir: “Amma baxaq, görək Rusiya bu təxribata gedərmi? Əlbəttə yox. Qarabağ məsələsini də digər münaqişələrlə eyniləşdirmək mümkün deyil. Dağlıq Qarabağ beynəlxalq birlik, o cümlədən Rusiya tərəfindən Azərbaycan əraziləri olaraq tanınır və Ermənistanın işğalı altında olduğu qəbul edilir. Əraziləri işğaldan azad etməyin isə iki yolu var. Danışıqlar və hərbi müdaxilə. Bunlardan ikisindən biri olacaq. Ehtimal ki, ikinci yol baş verəcək. Balayanın, Babayanın təklif və cəhdləri təxribatdır”.

Ekspertin sözlərinə görə, Madrid prinsiplərində münaqişə bölgəsində sülhü təmin etmək üçün buraya sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulur: “Amma digər həmsədr ölkələrin bunu Rusiyanın öhdəsinə buraxmaq fikirləri yoxdur. Olsa da, Minsk Qrupuna daxil olan ölkələrin hərbi birləşmələri ola bilər. KTMT da belə bir xidmət təklif edirdi. Azərbaycan qəti etiraz bildirəndən sonra bu məslə qapandı. Rusiyanın mandat məsələsi heç zaman gündəmdə olmayıb. Babayanın təklifi həm də danışıqlar prosesini pozmaq və məsələnin həllini daha da uzatmaq cəhdindən başqa bir şey deyildir. O, həm də publikaya oynayır. Separatçıların lideri olmaq üçün mənasız cəhdlər edir. Ermənistanın özündə belə, bu mənasız təklifi bəyənən yoxdur”.

****

Rəsmi Bakıdan işğalçı tərəfin son davranışlarına növbəti dəfə tutarlı cavab verilib. “Ermənistanın dediyi sülhlə beynəlxalq hüququn dediyi sülh arasında fərq var”. “Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, Azərbaycanın xoşməramlı olmasının göstəricisi kimi prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyala üç dəfə görüşdüyünü söyləyib: “Azərbaycanın səbrinin də sərhədi var. BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan hər bir dövlət kimi BMT-nin nizamnaməsində göstərilən bütün hüquqlarından istifadə etmək məcburiyyətində qalacaq”.

PA rəsmisi danışıqlar prosesinin irəliləməsi üçün Ermənistanın da lazımi addımlar atmasının vacibliyini vurğulayıb: “Sanki Ermənistan hakimiyyəti əvvəlki Sərkisyan-Köçəryan rejiminin səhvlərini təkrarlayır və danışıqlar prosesini bloklayacaq bəyanatlar verir. Ermənistan tərəfindən daha doğru addımlar atılmasına ehtiyac var. Beynəlxalq ictimaiyyət bu məsələdə israrlı olmalı, Ermənistana qəti siyasi və diplomatik mesajlar verməlidir. İşğalın 25 ildən artıq davam etməsi təcavüzkarı cəsarətləndirir, Ermənistanın işğalçı siyasətini gücləndirir”.

H.Hacıyev əminliklə Azərbaycan xalqının barışa hazır olduğunu qeyd edərək sülhün də ədalətli olmasının vacibliyini deyib: “Ermənistan mövcud vəziyyəti, yəni işğalı davam etdirməyi sülh kimi qələmə verməyə çalışır. Buna sülh deyə bilmərik. Dolayısı yolla Ermənistan xalqının sülhə hazırlanmasına ciddi ehtiyac var. Ermənistan ona aid olmayan, işğal etdiyi torpaqlardan çıxmalı, Azərbaycan və başqa qonşu dövlətlərlə sülh şəraitində yaşamalıdır”. Şöbə müdiri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin səylərinin yetərsiz olduğunu da söyləyib: “Müzakirələr 25 ildən artıqdır davam edir. Bu müddət ərzində Azərbaycan torpaqları işğaldan xilas oldumu? Xeyr! Məcburi köçkünlər torpaqlarına qayıtdımı? Xeyr. Artıq işğalçı və təcavüzkarı adı ilə çağırmağın zamanıdır”.

"Yeni Müsavat"
Diaspora