Qarabağ məsələsi ətrafında təhlükəli gəlişmə

Qarabağ məsələsi ətrafında təhlükəli gəlişmə backend

Müharibə riski sülh imkanlarını üstələyir; politoloq: “Ermənistanın son addımları Azərbaycana hərb seçimindən başqa bir yol saxlamır...”

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz yolla keçərək, orada Ermənistan və “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasını keçirən, bununla da ölkəsinin işğalçı olması ilə fəxr etdiyini dünyaya nümayiş etdirən Nikol Paşinyanın orada sülhdən dəm vurması gerçəkdən də ən böyük absurdlardan biridir. Heç onun sələfləri - Xocalı hərbi caniləri Serj Sərkisyan və Robert Köçəryan da belə qələti eləməmişdilər.

Bu azmış kimi, erməni baş nazir həmin iclasında çıxışı zamanı təkcə Azərbaycan prezidenti İlham Əliyevlə yox, Azərbaycan xalqı ilə də dialoqa hazır olduğunu bildirib. Sitat: “Azərbaycan cəmiyyətinin sülhə hazırlanması təkcə Azərbaycan hakimiyyəətinin deyil, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə aparılmalıdır. Mən təkcə Azərbaycan prezidenti ilə deyil, Azərbaycan xalqı ilə də dialoq aparmağa hazıram. Ona görə ki, Ermənistan xalqı və ”Dağlıq Qarabağ xalqı" kimi (dırnaqlar bizimdir - “YM”) Azərbaycan xalqının da sülhpərvər xalq olduğuna əminəm".

Nikol Paşinyanın belə həyasız davranışı yerli və xarici ekspert çevrələrində az qala, şok effekti yaradıb. Bu xüsusda daha bir mövqeni təqdim edirik.

“Paşinyanın "Azərbaycan xalqı ilə də dialoqa hazıram" həyasız müraciəti insanda istehzalı təbəssüm doğurur". “Yeni Müsavat” axar.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, siyasətçi siyasətçi ilə dialoq aparmalı, siyasətçilərin danışıqlarından sonra isə yaranan xoş atmosferdən istifadə edərək xalqların nümayəndələri bir-biri ilə dialoqa girməlidir.

“Buna bəzən sivilizasiyalararası və yaxud "xalq diplomatiyasının hərəkətə gətirilməsi ilə dialoq" deyirlər. Paşinyandan soruşmaq lazımdır ki, həm Azərbaycan prezidenti, həm də Azərbaycan xalqı ilə aparacağı danışıqların formatı necə olacaq? Maraqlıdır, Paşinyan Azərbaycan xalqına hansı arqumentlərlə müraciət edəcək?! Etnik təmizləməyə, soyqırımlara məruz qalmış Azərbaycan xalqı Paşinyanla müharibəyə hazırdır, nəinki dialoqa", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı yalnız o zaman Paşinyanla dialoqa girər ki, o, erməni ordusunu işğal altında olan Azərbaycan torpaqlarından çəkib çıxarar, sülhpərvər mövqe tutar, istilaçı siyasətdən əl çəkər: “Ancaq Paşinyanın bunları etməyəcəyi məlumdur. Hətta o öz addımları ilə danışıqlar prosesini təhlükəyə atır. Hazırda danışıqlar prosesinin konseptual istiqamətini ATƏT-in Minsk Qrupu həmsədrləri də müəyyənləşdirə bilmir”.

Politoloq vurğulayıb ki, Paşinyanın bu bəyanatında Azərbaycan xalqını ələ salmaq, oyunla oynamaq elementləri var: “Belə görünür ki, Paşinyan artıq bütün ciddiyyətini itirib. İki ölkə arasında baş verən müharibə və onun doğurduğu ağır nəticələrə də o, tam ciddiyyətlə yanaşa bilmir və danışıqlar prosesini gözdən salan addımlar atmaqda davam edir. Ola bilsin, o, kimlərinsə təlqini ilə Azərbaycan tərəfə istehzalı münasibət nümayiş etdirməyə başlayıb. Ermənistan tərəfinin bu addımları istiqamətində Azərbaycana hərb seçimindən başqa bir yol qalmır. Azərbaycan bu cür yekəbaşlığın, özünü tanımazlığın cavabını vermək üçün ən azından 2016-cı ilin aprel döyüşlərinə bərabər, hətta ondan da geniş miqyaslı hərbi əməliyyatlara başlamalıdır. Bu gün buna ciddi ehtiyac duyulur. Çünki 2016-cı il aprel döyüşlərindən sonra nəinki Ermənistan və onun qəyyumları, eyni zamanda beynəlxalq təşkilatlar da dərhal hərəkətə keçdi və sülhyaratma prosesinə dinamizm verməyə çalışdı”.

Politoloqa görə, Azərbaycan ya axıradək hərb yolla hərəkət edib torpaqlarını azad etməli, ya da Paşinyana bölgədə baş verən reallıqları dərk etməsi üçün dərs verməlidir. “Əgər ikinci variant təsir etməsə, ölkəmiz Ermənistanla münasibətlərində müharibə xəttini birdəfəlik seçməlidir”, - deyə o əlavə edib.

*****

Danışıqların formatını həm də işğalçı tərəfin xeyrinə dəyişməyə çalışan erməni baş nazirin cavabını rəsmi Bakı artıq verib. Azərbaycan dövləti də, ATƏT, Avropa Birliyi və Minsk Qrupu həmsədrləri də eyni mövqe sərgiləyərək, bəyan edib ki, format dəyişikliyi qəbuledilməzdir.

Bakıda keçirilən VII Qlobal Bakı Forumunda isə prezident İlham Əliyev İrəvana daha sərt ismarışlar göndərdi. Format dəyişikliyinin, status-kvonun qəbuledilməz olduğunu bəyan elədi, Ermənistanı danışıq xətrinə danışıqlara deyil, nəticəyönümlü, torpaqların işğaldan azad olunmasına gətirəcək real danışıqlara çağırdı, bir daha Dağlıq Qarabağ münaqişəsinin yeganə ədalətli həll yolunu göstərdi: konflikt beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tamınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində nizamlana bilər.

Bakıdan verilən belə aydın ismarışların başqa bir anlamı odur ki, həmin prinsiplərdən kənarda sülh anlaşması mümkün olmayacaq və müharibə qaçılmaza çevriləcək. Odur ki, Nikol Paşinyan və komandası Qarabağa dair sərsəm, ekzotik bəyanatlar verməkdənsə, reallığı dərk edib konstruktiv mövqeyə nə qədər tez köklənsə, bir o qədər elə erməni xalqının özü üçün yaxşı olar. Çünki budəfəki müharibədən Ermənistan adlı kasıb, iqtisadi-sosial böhran yaşayan dövlət, sadəcə, çıxmaya bilər.

Paşinyan gərək öz xalqına verdiyi vədləri də unutmasın - hansıları ki, cəmi ay yarım sonra - “məxməri inqilab”ın ildönümündə bütün ciddiliyi ilə kütlə ona xatırlatmağa başlayacaq. Əgər o, unutqandırsa, yada sala bilərik: inqilabçı baş nazir ermənilərə yaxşı güzəran, iqtisadi sıçrayış, ölkədən kütləvi köçü dayandırmaq, çoxlu iş yerləri vəd edib.

Sadalanan istiqamətlərdə isə hələ ki heç bir mühüm dönüş, irəliləyiş qeydə alınmayıb. Əksinə, bir çox sahələrdə geriləmə və böhran davam edir. Emiqrasiya da öz yerində. Bunun tək səbəbi Paşinyan və komandasının səbəbi qoyub nəticələrlə mübarizə aparmasıdır. Səbəb isə məlum - həll olunmamış Dağlıq Qarabağ ixtilafı və ondan dolayı, davam edən ağır blokada rejimi və sərhədlərin, kommunikasiyaların bağlı qalması. Seçim Paşinyanın və komandasınındır...
musavat.com
Diaspora