Siyasi və hərbi ekspertlər iki ölkənin imkanlarını müqayisə etdilər
Azərbaycan Ordusunun 5 günlük genişmiqyaslı təlimləri başa çatdı. Təlimlər gözlənildiyi kimi, ən çox işğalçı Ermənistanda təlaş yaradıb. Bu mövzuda danışan rusiyalı ekspert Yevgeni Mixaylov deyib ki, Azərbaycan, sadəcə, bir neçə gün ərzində öz ərazilərini hərb yolla qaytarmağa qadirdir.Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusu həqiqətən çox güclənib: “Bunu sübut edən çoxsaylı faktorlar mövcuddur. Eyni zamanda, Ali Baş Komandan daim əminliklə bunu çıxışlarında vurğulayır. Azərbaycan ordusunun güclü olması beynəlxalq hesabatlarda da əksini tapıb. Ermənistan bu məsələdən xüsusi təşviş hissi keçirir. Məsələn, Amerika Erməni Milli Assambleyası və başqa diaspora təşkilatları dəfələrlə ABŞ Konqresinə, Ağ Evə müraciət edərək regionda hərbi paritetin Azərbaycanın xeyrinə pozulduğu barədə həyəcan təbili çalıblar və ABŞ-ı Ermənistana silah satışına təşviq etməyə çağırıblar. Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenalı, büdcəsi Ermənistan ordusunun bu imkanlarından dəfələrlə böyükdür. 2019-cu il üçün 3 milyard 37 milyon manat müəyyən edilib ki, bu da kifayət qədər sanballı göstəricidir. 2019-cu ildə Ermənistanın hərbi büdcəsi 625 milyon dollardır. 2019-cu ildə ”Global Firepower" Azərbaycan ordusunu hərbi qüdrətinə görə 137 ölkə arasında 64-cü yerə layiq görüb ki, bu da Cənubi Qafqaz orduları arasında ən güclü performansdır. Gürcüstan 85-ci, Ermənistan 96-cı yerdədir.
Azərbaycanın 30-dan çox ölkə ilə hərbi-texniki əməkdaşlıq barədə sazişi var ki, onların başında bildiyimiz kimi Rusiya, Türkiyə, İsrail, Çin gəlir. 2009-cu ilin dekabrında Azərbaycanla Türkiyə arasında hərbi yardım haqda müqavilə imzalanıb. Ümumiyyətlə, ölkələrimiz arasında 100-dən artıq hərbi əməkdaşlıq sazişi mövcuddur. Həmçinin İsrail, Belarus kimi ölkələr Ermənistan qarşısında hərbi qüdrətimizi artırmağa yardımçı olub. Məsələn, Ermənistan Rusiyadan “İsgəndər” kompleksləri aldıqdan sonra Azərbaycandan hava hücumundan müdafiə sahəsində üstün mövqeyə gəlmişdi. Lakin İsraildən “Lora”, Belarusdan “Polonez” sistemləri almağımız balansı bizim xeyrimizə dəyişdi. Nikolay Bardyuja İqor Korotçenko Ermənistan ordusunun postsovet məkanında güclü ordulardan biri olduğunu qeyd edirdilər. Lakin 2016-cı ilin aprelində bu mif darmadağın edildi".
Ekspert vurğuladı ki, Ermənistan və Azərbaycan müharibə edərsə şübhəsiz Azərbaycanın qalib gəlmək şansları çoxdur: “Bir ölkənin hərbi qüdrətini onun əhalisinin sayı, ərazi, ordunun döyüş hazırlığı, xüsusilə mənəvi-psixoloji hazırlığı, maddi-texniki təchizatı və başqa amillər şərtləndirir. Azərbaycan bu sahədə üstün mövqedədir. İndiyədək bizi tərəddüd etməyə vadar edən Ermənistanın KTMT üzvü olaraq hərbi qarşıdurma yaranacağı təqdirdə onun təşkilatın yardımından yararlanması ehtimalı idi. Ermənistan öz suverenliyini Rusiyanın hərbi dəstəyinə qurban verib. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən sonra KTMT ilə yaranmış ziddiyyətlər Ermənistanın vəziyyətini xeyli çətinləşdirir. Paşinyanın Brüsseldəki bir neçə səfəri zamanı göstərdiyi cəhdlərinə baxmayaraq, NATO Ermənistanı potensial üzv kimi görmür. NATO-nun regionda favorit namizədi Gürcüstandır. Ermənistanda Rusiya bazasının olması, onun İranla həmsərhəd olması, Azərbaycanla münaqişə, KTMT üzvlüyü NATO-nun Ermənistana marağını azaldır. Digər tərəfdən, Azərbaycanı müharibə başlayarsa, Mingəçevir SES-lə təhdid edən Ermənistan unudur ki, onun daha çox zəif yeri var ki, onlardan biri Metsamor AES-dir. Ərazisində nüvə obyekti olan dövlət hər zaman zəifdir. Beynəlxalq müdaxilələr olmazsa, Azərbaycan təkbaşına Ermənistanı 3-5 günə buterbrod kimi sıxıb əzər”.
Hərbi ekspert Ramil Məmmədli isə qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırkı mərhələsini ordunun modernləşdirilməsi-müasirləşdirilməsi prosesi kimi dəyərləndirmək olar: “Bu mərhələdə ordunun maddi-texniki bazası, hərbi qulluqçuların cari problemləri, döyüş bacarığının təkmilləşdirilməsi işlərinə xüsusi diqqət yetirildi. Ordu ənənəvi silahlanmadan imtina edərək, müasir texnologiyaların əsasında hazırlanmış texnikaları öz arsenalına daxil etdi. Bu, Azərbaycan Ordusu üçün yeni mərhələ idi. İndi ordumuzun arsenalında irimiqyaslı döyüş əməliyyatlarını həyata keçirəcək silah-texnika bazası tam formalaşıb. Bu, imkan verir ki, Azərbaycan ordusu Qarabağda döyüş əməliyyatları başlayarsa Ermənistan ordusunun dərinlikdə yerləşən dayaq məntəqələrini, qərargahlarını, əməliyyat idarəetmə mərkəzlərini qısa zamanda məhv etsin. Diqqət yetirin, burada söhbət təmas xəttindəki Ermənistan ordusunun müdafiə xəttindən yox, daha uzaq məsafədə düşmən hədəflərinin məhv edilməsindən gedir. Yəni bu, o deməkdir ki, ordumuzun imkanları düşmən bölmələrini qoşunlarımızla üz-üzə döyüşə girmədən məhv edə bilər. Bundan başqa, Azərbaycan ordusunun Naxçıvandakı bölmələri Ermənistana daha ağır zərbə vurmaq imkanına malikdir. Ermənistan isə hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla iki cəbhədə müharibə aparmaq imkanına malik deyil”.
Ordunun texniki imkanlarına gəldikdə isə hərbi ekspert bildirdi ki, Azərbaycan ordusunun müasir hücum həyata keçirə biləcək, modernləşdirilmiş aviasiya parkı mövcuddur: “Ordumuzun quru qoşunları bütün şəraitlərdə yerüstü döyüş əməliyyatını həyata keçirə biləcək yeni texnika parkına, düşmən hədəflərini uzaq məsafədən məhv etmək imkanına malik taktiki raket və artilleriya sistemlərinə malikdir. Ordumuzun silahlanmasında düşmənin bütün növ zirehli texnikalarını uzaq məsafədən məhv edə biləcək TƏİR sistemləri ilə silahlanıb. Azərbaycan ordusunun arsenalında müasir döyüş apara bilən tam yeni PUA-lar (Pilotsuz Uçuş Aparat) mövcuddur. Azərbaycanın hava hücumundan müdafiə sistemi isə dünyanın inkişaf etmiş ölkələrinin istehsalı olan texnologiyalarla təchiz olunaraq, hava məkanının təhlükəsizliyini təmin edir. Sadaladığım bu və ya digər amillər isə Ermənistanda ya yoxdur, ya da 1980-ci illərin texnologiyalarıdır. Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanın bu dəfə Azərbaycan üzərində döyüş meydanında uğur əldə etmək şansı sıfıra bərabərdir”.
“Yeni Müsavat”