Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri qondarma rejimin nümayəndəsinə cavab verib

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri qondarma rejimin nümayəndəsinə cavab verib backend

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev qondarma rejimin nümayəndəsinə cavab verib

”İşğal edilmiş Azərbaycan ərazilərində yaradılan qondarma rejimin "xarici işlər nazirliyi"nin “nümayəndəsi” ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına kölgə salmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aparılan danışıqlara xələl gətirmək və diqqəti danışıqların predmetindən yayındırmaq məqsədilə növbəti əsassız açıqlama verib. Belə ki, qondarma “nümayəndə” ATƏT-in Nazirlər Şurasının Helsinki və Budapeşt sammitlərində qəbul edilən sənədlərlə bağlı cəfəngdolu iddialar irəli sürməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərib”.

“Report” xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı ilə bağlı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin "xarici işlər nazirliyi”nin “nümayəndəsi”nin açıqlamasına münasibət bildirən T.Gəncəliyev vurğulayıb ki, qarşı tərəfin “nümayəndəsi” Helsinki sammitinin sənədlərinə əsasən münaqişənin tərəfləri (təcavüzkar Ermənistan və hərbi işğala məruz qalmış Azərbaycan) ilə yanaşı, maraqlı tərəflər qismində yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının mövcudluğundan danışıb, azərbaycanlı icmasını görməməzlikdən gəlirsə, onun sözügedən sənədin məğzini dərk etmək qabiliyyətinin olmadığı üzı çıxır: “Qondarma “rəsmi şəxs” əgər Budapeşt sammitinin sənədindən danışırsa və bu sənədin öhdəliklərinə sadiqdirsə, onda sənədə tam şəkildə əməl etməlidir. 1994-cü il Budapeşt sammitində iştirakçı ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: "Onlar (ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dair öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara, silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.

Xatırlatmaq istərdim ki, BMT TŞ-nin 1993-cü il tarixli 853 və 884 saylı qətnamələrində məhz "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri"nə istinad edilir və bu da öz növbəsində ATƏT-in müvafiq qərarlarında, o cümlədən MQ həmsədrlərinin sonuncu bəyanatında qeyd edilən "maraqlı tərəflər" ifadəsini özündə ehtiva edir.

Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci ilin 5 noyabr tarixli "Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək lazımdır. Bu sənəddə konkret şəkildə müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər nəzərdə tutulur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Sarqisyan-Köçəryan xuntasının davamı olan işğalçı rejimin əsarətində qalmaqda davam edir.

Bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır və bu məqsədlə dialoqa hazırdır”.
Diaspora