Qarabağ döyüşçülərindən ATƏT-in sülh bəyanatına kəskin reaksiya

Qarabağ döyüşçülərindən ATƏT-in sülh bəyanatına kəskin reaksiya backend

Rey Kərimoğlu: “Sərhədlərimiz bərpa olunmayınca sülhdən danışmaq olmaz”; Etibar Əmiraslanov: “Azərbaycanın təslimçi sülhə ehtiyacı yoxdur”

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanda xalqların sülhə hazırlanmasının vacibliyi vurğulanan bəyanat veriblər. Hər iki cəmiyyətdə geniş müzakirələrə səbəb olan bəyanata xalqların böyük kəsiminin münasibəti ziddiyyətlidir, bir çox hallarda kəskindir. Hər 2 ölkədə bu prosesə neqativ münasibətdə olanlar kifayət qədərdir.

Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin təmsilçiləri sülhə hazırlıq prosesindən danışarkən düşmən tərəflə barışın torpaqları azad etdikdən sonra mümkün ola biləcəyini vurğulayıblar. Bəs Qarabağ qaziləri bu haqda nə düşünür?

"Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu deyir ki, sülh təşəbbüsü ilə çıxış edən ATƏT-in Minsk Qrupunun ümumilikdə fəaliyyətini qeyri-qənaətbəxş hesab edir: “ATƏT yaranandan bu günə qədər erməni siyasətinə, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarının onların nəzarətində qalmasına, gələcəkdə problemin ermənilərin xeyrinə həllinə xidmət göstərib. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən həmişə narazı olmuşuq, bu gün də etiraz edirik. Ümumiyyətlə, həmin qrup ləğv olunmalıdır. Konfliktin həllinə yanaşma düzgün deyil. Bu problemin həllinin 2 yolu var ki, onlar sülhə çatdırır. Biri problemin danışıqlar yolu ilə həllidir. Digər yol isə müharibədir”.

Qarabağ qazisi deyir ki, bu gün Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan tərəfi şəhidlər verib, erməni girovluğunda vətəndaşlarımız qalmaqdadırlar: “Azərbaycan ordusu öz sərhədləri daxilində antiterror əməliyyatları keçirib torpaqları azad etməlidir. Sülhdən bundan sonra danışmaq olar. Sülh məsələsini indiki halda ortalığa ermənilər atıb. İllərlə biz tərəfdən bu problemdən siyasətdən, diplomatiyadan, idarəçilikdən anlayışı olmayan adamlar daha çox danışıb. Bu adamlar sülh nədir, danışıq nədir, bundan xəbərsizdirlər. Sülh danışığı problemin həllindən sonra ola bilər. İndiki halda Azərbaycan torpaqları işğal altındadır, vətəndaşlarımız əsirlikdə, köçkünlər el-obalarından didərgin salınıb, sərhədlərimiz bərpa olunmayınca sülhdən danışmaq olmaz. Sülh danışığı, sülhə gəlmək sonuncu mərhələdir”.



Qarabağ qazisi sülhə razılaşmanın əsas şərtlərini də sadalayıb: “Torpaqlarımız azad edilməli, əsir və girovlar geri qaytarılmalı, Azərbaycanının ərazi bütövlüyü təmin edilməli və bütün bunlardan sonra sülhdən danışmaq olar. İndiki halda erməni Azərbaycan torpaqlarını işğal edib, ərazidəki təbii sərvətlərimizin talanı ilə məşğuldur, hər gün bizə güllə atırlar və siyasət işlədib sülh məsələsini ortaya atırlar. Bizim tərəfdən də erməni hiyləsinə, tələsinə düşənlər var. Özləri də bilmədən təbliğata qoşulublar”.

Qarabağ qazisi Ermənistana səfər edib geri qayıdan jurnalistlərin də mövqeyinə toxunub: “Şahin adlı uzun illərin jurnalisti Ermənistana səfər edib və gəlib deyir ki, ermənilər güzəştə razı deyillər. Yəni erməni təbliğatının qulluqçusuna çevrilib. Bu adamları anlaya bilmirəm. Onlar üçün ya Azərbaycanın maraqları pul maraqlarından önə keçib, ya da bu adamların ermənilərlə əlaqələri var. Gəlib burada ”erməninin Azərbaycan torpaqlarını geri qaytarmaq fikri yoxdur" təbliğatını aparıb insanları ruhdan salmaq lazım deyil".

Rey Kərimoğlu qeyd edib ki, Azərbaycan ordusu bu gün çox güclüdür və torpaqların azad etmək gücündə, iqtidarındadır: “Heç kim narahat olmasın. Bugünkü Azərbaycan ordusu ermənilərə kimlərin dəstək verməsindən asılı olmayaraq torpaqları işğaldan azad etməyə qadırdir. Azərbaycan ordusu qısa vaxtda torpaqları düşməndən azad etmək gücündədir. Bunu hər kəs bilsin”.

“Bozqurd” batalyonunun əfsanəvi komandiri olmuş Etibar Əmiraslanov da sülh haqda torpaqlar azad ediləndən sonra danışmağın tərəfdarıdır: “Sülhdən o zaman danışa bilərik ki, torpaqlarımız azad olunar, bizə qarşı torədilən vəhşiliklərə görə cavab verilər. Girovları azad edərlər. 3-cü dəfədir ki, ermənilər bizim torpaqlara iddia edib üstümüzə hücuma keçirlər. Digər iki münaqişə zamanı torpaqlarımızı işğal edib nəzarətdə saxlaya bilməmişdilər. Ona görə də hazırda durum fərqlidir. Nə baş verib? Ermənilər rusların dəstəyi ilə Azərbaycanın beşdə birini zəbt ediblər. Orada bizim günahsız insanları - uşaq, qadın, ahıl bilmədən qırıblar. Bizə qarşı soyqırım törədiblər. İndi də sülh danışıqlarını ortaya atırlar. Biz belə sülhlə razı deyilik”.

Qarabağ qazisi deyir ki, torpaqlar azad edilməyincə sülhdən danışmaq yersizdir: “Həmin o ATƏT-in Minsk Qrupunda olanlar anlamalıdır ki, sülhü hər kəs istəyir, amma belə sülh kimə sərf edir? Erməni bizim elimizi, obamızı, ölkəmizin böyük bir ərazisini işğalda saxlayır. Əgər sülh istəyirlərsə, torpaqlarımızdan çıxsınlar, sərhədlərimiz bərpa olunsun və oturaq sülhdən danışaq. Bu gün sülh sazişi sırf ermənilərin mövqeyini ifadə edir, Azərbaycanın təslimçi sülhə ehtiyacı yoxdur”.



Etibar Əmiraslanov deyir ki, Azərbaycan torpaqları işğal olunan günə qədər ermənilərə Azərbaycan torpaqlarında yaşamalarına görə kimsə etiraz etməyib: “Bu problemin kökündə ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi dayanıb. Halbuki bu işğala qədər heç bir problem yox idi, bu gün işğal altında olan əzəli Azərbaycan torpaqlarında ermənilərlə yanaşı digər xalqlar da bizimlə sülh və əmin-amanlıq şəraitində yaşayırdılar. Ermənilər bizə qarşı müharibəyə başladı, torpaqlarımızı işğal etdi, bu gün də həmin torpaqları işğalda saxlayırlar. Bu faktı bütün dünya tanıyır. Danışıqlar 30 ildir gedir, nəticə də yoxdur, Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəndən sonra sülhdən danışmaq olar”.

“Yeni Müsavat”

Diaspora