Millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra televiziya kanalları CNN Türk, NTV, Kanal 24, TVNET və bir sıra digər kanalların canlı yayımında qonağı olub və onlara Xocalı Soyqırımı ilə bağlı geniş müsahibə verib.
Türkiyənin KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı, Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb və jurnalistlərin suallarını geniş cavablandırıb. Millət vəkili Q.Paşayeva eyni zamanda Türkiyənin bir sıra televiziya kanallarının rəhbər şəxsləri ilə də görüşüb, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılması istiqamətində müzakirələr aparıb və bu mövzulara daha geniş yer verilməsinin vacibliyindən danışıb, TV kanalların rəhbər şəxsləri öz növbəsində hər zaman Azərbaycanın yanındayıq deyiblər. Millət vəkili Q.Paşayeva eyni zamanda Türkiyənin bir sıra universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Türkiyənin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşüb, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində geniş müzakirələr aparılıb.Millət vəkili Q.Paşayeva Türkiyənin TV kanallarına verdiyi müsahibələrin videolarının linklərini burdan izləyə bilərsiniz.