Xocalı soyqırımı yaxın keçmişimizdə - 1992-ci ildə törədilib. Üzərindən 27 il keçsə də, Xocalı hadisələrinin canlı şahidləri erməni terrorçuları tərəfindən törədilən həmin dəhşətlərin qarabasmaları ilə yaşayırlar.
Soyqırımın qəlblərində açdığı dərin yaralar hələ də qan verir... O məşum gecənin şahidlərindən biri olan Zənurə Səlimovanın danışarkən gözlərində yaranan o ifadədən də bunu aydınca anlamaq olur. Qeyd edək ki, Zənurə xanım 1993-cü ildən ailəsi ilə birlikdə (həyat yoldaşı Fərhad, üc oğlu, hazırda gəlini və nəvələri ilə) Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı Evtikmə Kombinatına məxsus İstirahət mərkəzindəki təkadamlıq evlərin birində yerləşiblər. Həmsöhbətim həmin gecəni xatırlayarkən göz yaşlarını saxlaya bilmədi:” Gecə saatları idi. Həmişəki kimi atəş səsləri kəsilmirdi. Fərhad postdan elə o vaxt gəldi, qadınların , uşaqların, qocaların şəhərdən çıxarılmasının vacibliyini söylədi və yenidən səngərə qayıtdı. Qaynanamla mən həyətdən çıxanda nigaran əhalinin tələsik addımlarla yollara töküldüyünü gördük. Hava da elə işıqlı idi ki, gecə yarısı olduğuna inanmaq çətin idi. Biz əvvəl beş mərtəbəli evin zirzəmisinə sığındıq. 20 dəqiqədən sonra bizə meşəyə getmək lazım olduğunu bildirdilər. Qayınanam ağır xəstə idi və onu aparmaq çətin idi. Mən hamilə olduğum üçün Adilə anaya yardım edə bilmirdim.Ən pisi də odur ki, çayı keçməli idik. Ayaqqabılarla çayı keçmək mümkün deyildi, ona görə, ayaqqabılarımızı soyunub Qarqarın içi ilə o biri sahilə -Kətik meşəsinə çıxdıq. Ağacların bizi atəşdən qoruyacaq yarpaqları da yox idi. Bələdçimiz Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev irəlidə gedirdi. Arxasınca isə kürəyində ağlayan uşaq olan bir qadın və təxminən on nəfərdən ibarət olan dəstəni aparırdı. Bizdən arxada isə xeyli adam gəlirdi. Bu zaman bir maşın gördük; Əlif bizə aşağı əyilməyimizi söylədi. Arxada qalanlar onu eşitmədi və maşından atılan atəşlərdən öldürüldülər. Erməni əsgərləri arxadakı dəstənin hamısının qırıldığına əmin olandan sonra çıxıb getdilər. Mən hamilə idim və öndəki qrupun tərkibində hərəkət edirdim. Buna görə sağ qaldım. Arxaya dönüb baxanda vahimədən özümü itirdim..Sanki qarın üzərində qırmızı örtük var idi.Təəssüf ki, oradakı yaralılara heç kəs kömək edə bilmədi.. və elə o an yadıma Adilə ana düşdü. Dəstələrin arasında görünmürdü. Aramağın faydasız olduğu bəlliydi. İrəlilədikcə qarşımıza cəsədlər çıxırdı. Onların üzərindən keçərək bütün gecəni hərəkət etdik. Şelli kəndinə birinci çatanlar sırasında idik. Orada təcili tibbi yardım maşınları hazır idilər və onlar yaralıları müxtəlif hospitallara aparırdılar. Əlif Hacıyev bizi Şelliyə çatdırdıqdan sonra digərlərinə kömək etmək üçün geriyə qayıtdı. Bu onun son gedişi oldu...
Qayınanam Adilə Səlimovanın “öldü-qaldı” xəbəri bu günə qədər bilinməyib. Dayım Hüseyn Əzizov da əsir götürülmüşdü. O, beş gün saxlanıldı, cəsədi sonra
təhvil verildi; onun dişləri çıxarılmışdı, beyni parcalanmışdı. Şahidlərin dediyinə görə, əynində milli ordumuzun geyimi olduğu ücün onu daha amansız şəkildə qətlə yetirmişdilər. Kamaz maşının arxasına bağlanaraq sürümüşdülər. Cəsədin baş ve kürək hissəsinə pambıq doldurulmuşdu ki qanı və dağılmış icalatı dayansın. Gördüyüm, yaşadığım bu dəhşətlər nəticəsində ilk övladım doğulduqdan sonra cəmi üç ay yaşadı.
26 fevral gecəsi evdən çıxıb meşəyə üz tutanda ümid edirdik ki, gecəni meşədə keçirib, səhər evimizə qayıda bilərdik. Xocalını əbədi olaraq tərk edəcəyimizi təsəvvür edə bilməzdik. Elə bilirəm o günlərdən bizi 27 il yox , 270 il ayırır.. Qəriblikdə hər günüm bir il kimi kecir...”
Reyhan Muradova söyləyir ki, həyatında faciəni iki dəfə yaşayıb:”Xocalı faciəsi mənim ömrümün ilk qara zolağıdır. Ailə qurduğum 2 ay 24 gün tamam olmamış o taleyin həmin qara zolağı bu günə qədər məni tərk etməyib. Mənim həyat hekayəmlə tanış olmamışdan əvvəl həyat yoldaşım Zahid Muradovu tanıyın:
Zahid 1965-ci ildə Xocalıda sadə əməkçi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Qazaxıstanın Selinoqrad vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Xocalıda fəhlə işləyirdi. Sonra o, Başqırdıstanın Yonoul şəhərində işləməyə və yaşamağa getdi. Məlum Qarabağ hadisəsi başlananda Zahid orada qala bilmədi, vətəninin müdafiəsinə gəldi. 23 №li Səyyar Mexanikləşdirilmiş idarədə ambardar işləməklə yanaşı gecələr Xocalının keşiyini çəkirdi. 1991-ci il sentyabr ayının 11-də gecə keşik çəkməyə gedərkən ermənilərin atdığı “Alazan” tipli raket onun yaxınlığında partlayıb Zahidin həyatına son qoydu. Məzarı Xocalı qəbiristanlığındadır. O zaman bətnimdə Zahidin övladı ilə o meşələrdən , sıldırım qayalardan , coşğun sulardan necə keçdiyimi, hansı əzabları çəkdiyimi mənim yol yoldaşlarım da gördü. Ard-arda mərmi atılırdı.Hamı yerə uzanırdı, qaçıb ağacın ya daşın arxasında gizlənirdi. Hamilə olduğum üçün nə cəld tərpənə, nə əyilə, nə də uzana bilirdim. Eləcə, yerimdəcə qalırdım. Bircə istəyim vardı ki, Zahidin son yadigarını salamat saxlayım, onun kökünün kəsilməyinə imkan verməyim. Nəhayət, gəlib Ağdama çatdıq. Bir neçə aydan sonra oğlum dünyaya gəldi. Hamımız sevindik, Zahidin yadigarının varlığına şükür etdik. Adını da Zahid qoyduq. Ömrümü Zahid balama həsr elədim. Onu böyütdüm, boya-başa çatdırdım. Şəhidimizin adına layiq bir oğul oldu.
2014-cü il aprelin 2- si ad günü- 22 yaşının tamamı idi. Nişanlandığından cəmi 6 gün kecmişdi ki, avtomobil qəzasında faciəli şəkildə həlak oldu. Beləcə, ikinci Zahid də məni tənha qoyub getdi. Baxmayaraq ki, oğlum avtomobil qəzasında həyatını itirdi, amma anlayıram ki, bu ölümün kökündə də erməni dayanır. Axı mənfurlar, nankorlar mənim yurdumu zəbt eməsəydilər, mənim-balamın Goranboyda- Ağcakənddə nə işi vardı?”
Günlərlə, aylarla, həftələrlə Xocalı faciəsinin ən qanlı səhifələrindən yazmaq olar, hec bitməzdə. Amma yazmaq, faciələri hər il bir daha qabartmaqdansa, bir dəfə qisas almaq lazımdı. Azərbaycanda igidlər, düşmənə nifrəti, döyüşmək istəyi olan oğullar çoxdu. Şahid- Xocalı sakini Dürdanə Ağayevanın dediyinə görə, o vaxt –Xocalı faciəsi zamanı Karo adlı erməni varmış, Faiq Əliməmmədov adlı igidimizə deyi ki, “de ki, Qarabağ Ermənistanındır”. Faiq də erməninin üzünə tüpürüb “Qarabağ bizimdir” deyib. Karo onu yerindəcə güllələyib. Gördüyünüz kimi qisas üçün ölümün gözlərinə dik baxmağa bacaran oğullar olub, olacaq da. Xocalı faciəsi illər kecməsinə baxmayaraq qanı qurumaq, yaddan cıxmaq əvəzinə qisası alınmadıqca qanı daha gurlaşan, beyinlərə daha dərin qazılan bir yara olaraq qalacaq. Bu an ürəyimizdən bir cümlə keçdi; “ Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”
Əntiqə Rəşid
Qaziler.az