Son 200 il ərzində erməni millətçi-şovinistlərinin Azərbaycan xalqına qarşı apardığı təmizləmə, soyqırım siyasətinin ən dəhşətli nəticələrindən biri də Xocalı faciəsidir.
Xatırladaq ki,1992- ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etdilər. Xocalıya artileriya və ağır hərbi texnikadan atəş açıldı, şəhərdə güclü yanğınlar başladı, şəhər tamamilə alova büründü, yerlə yeksan edildi. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldılar.Təəssüf ki, 150 nəfərin taleyi hələ də məlum deyil.Ən qorxunc göstərici də odur ki, şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar olub, şikəst olanların 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlanlar və qızlardır. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini itiribdi. Bütün bunlarla yanaşı daha acınacaqlısı odur ki, Xocalı faciəsi nəinki xocalıların, bütöv qarabağlıların psixoloji durumuna ən ağır zərbə oldu və 27 il keçməsinə baxmayaraq, bu durum keçmədi, bu yara sağalmadı.Elə müsahibim, Xocalı şəhər sakini Ceyran Ələkbər qızı Əzizova ilə söhbətimizə də bu istiqamətdə başladıq. İlk sözü də bu oldu ki, aradan uzun illər keçməsinə baxmayaraq, dövlət bayramlarında, özəl günlərdə atəşfəşanlıq üçün atılan toplar, fişənglər onu 27 il əvvəlki kimi həyəcanlandırır, sarsıdır:” O an elə bil geriyə dönürəm, uçum-uçum uçalanıram, ürəyim şiddətlə döyünür, çox çətinliklə özümü ələ alıram”.
Tanıtım üçün bildirim ki, Ceyran xanım 1964-cü ildə anadan olub. Orta məktəbi doğma kəndində başa vurub. 1989-cu ildə qonşusu, Xocalı dəmir yolu tikintisində krançı işləyən Vasif Məmmədovla ailə həyatı qurub. 1990-cı ildə ilk övladı dünyaya gəlib.
Bura qədər sakit-sakit danışan həmsöhbətimin gözlərini sanki bir qatı duman aldı. Bəlkə də, danışdıqca elə o illərə qayıtmışdı:”Lap 1989-cu illərin sonundan başlayaraq ermənilərin hücumlarına tez-tez məruz qalırdıq. Təsərrüfatla, gündəlik işlərilə məşğul olan sadə sakinləri atəşə tutur, yaralayır, öldürürdülər. Otardığı sürüsünü oğurlayıb aparırdılar. Xüsusən ermənilər Naragux kəndindən Xocalıya tərəf atəşi dayandırmırdılar. Ona görə də rayonun kişiləri camaatı müdafiə etmək üçün postlar qurdular, hər gün axşam saatlarından səhərə qədər həmin postlarda növbə tutdular, el-obanı xain basqınlardan qorudular.
1991-ci ildə Xocalıda özünümüdafiə taboru yaradıldı. Azərbaycanın Milli Qəhrəmanı, "Mixaylo" kimi tanınan mayor Tofiq Hüseynov tabora komandir təyin edildi.Yeri gəlmişkən, Tofiq mənim bibim oğluydu.Onun sayəsində Naragux və Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılıb, ferma darmadağın edilib. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevralda oldu.O. neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bildi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv edib, son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin..
Tabor silah-sursatla təmin olunduqdan sonra həyat yoldaşım və eyni zamanda əli silah tuta bilən hər kəs həmin taborda ermənilərə qarşı döyüşə atıldılar.
Ermənilər də hər vəchlə çalışırdı ki, Xocalını ələ keçirsin. Cünki Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsiydi. Həm 1990 -cı ildə şəhər statusu almışdı, həm də burda əhalinin sayı 7 mini keçmişdi. 1988 -ci ilin sentyabrın 18-də Xankəndindən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlıların əksəriyyəti, 1989 - cu ildə Fərqanədən qovulmuş nə qədər məhsəti türkü vardısa, hamısı burada məskunlaşmqaışdılar. Maraqlıydı ki, o çətin
günlərdə camaat bir-biri ilə o qədər doğmalaşmış, o qədər mehribanlaşmışdı ki, sanki yaxın qohum-əqrabaydılar. Xəstələnən, yaralanan olanda qayğılarını əsirgəmirdilər.
-Dinc sakinlər kəndi tərk etmək, müharibə zolağından uzaqlaşmaq haqqında düşünürdülərmi?
-Bilirsiniz ki, Dağlıq Qarabağda yeganə təyyarə meydanı da Xocalıda yerləşirdi. Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları, keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi. Elektrik enerjisi yox idi. 1991- ci ilin noyabrından etibarən ancaq radio-telefonla və mülki vertolyotlarla idi. 1992 - ci ilin yanvarın 28-də ermənilər tərəfindən bizim Mİ-8 markalı mülki vertolyot vurulduqdan və 40-dan artıq azərbacanlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsildi. Bir yandan Xocalının erməni kəndlərinin əhatəsində olması, digər tərəfdən isə yaxınlıqdakı azərbaycanlılar yaşayan kəndlərin əhalisinin kütləvi qətli və kəndlərindən didərgin salınması camaatımızı narahat edirdisə də heç kim yerindən tərpənmir, müharibə zolağından uzaqlaşmağı düşünmürdülər.
Belə bir vaxtda ikinci övladım dünyaya gəldi. Bizim evimiz Xankəndi-Şuşa şosse yolunun düz üstündəydi.Yaxınlığımızda başqa ev-ailə də yox idi. Vasif də postdan gec-gec gəlirdi və mən 2 körpə ilə o tənha yerdə həyəcan keçirməyə başladım. Xüsusən, ən çox qorxduğum məqam kəşfiyyata gələn ermənilərin əlinə keçmək idi. Böyüklərin məsləhəti ilə faciədən 13 gün əvvəl 13 fevralda məni və uşaqlarımı vertolyotla Ağdama göndərdilər. Kaş ki, getməyəydim... 26 fevralda isə Ağdam məscidinin qarşısında meyidlərin arasında Vasifi axtarırdım və...Ay Allah!!Mənə doğma-əziz olan insanların başına nələr gətirmişdi bu xain ermənilər..Soyulmuş ... dəriləri, kəsilmiş əzaları, yandırılmış cəsədləri görəndə huşumu itirdim. Qadınların ah-naləsi bəlkə də, Allahın yanına gedib çıxırdı. Elə orda eşitdim ki, qohumum Firəngül Kərimovanın əvvəl döşünü, sonra qulaqlarını kəsiblər. Sonra gözlərini çıxarıblar, daha sonra da bədənini doğrayıblar. Sinif yoldaşım, milli ordunun əsgəri Hidayət Eyvazovun da başını kəsibilər. Cəbrayıl Rəcəbovu əsir alıb əl-ayağını məftillə bağlayıb, sonrada üstünə benzin töküb yandırmışdılar. Həyat yoldaşımın silahdaşları Təvəkgül, Yelmar milli orduda döyüşürdü. Həmin gün ermənilər onları da yandırıblar. 1988-ci ildə Göyçə mahalından ermənilər tərəfindən didərgin salınmış, Xocalıya pənah gətirmiş Narxanım xalanın həyat yoldaşı 45 yaşlı Məmməd Məmmədovu, oğlu Söhbəti vəhşicəsinə qətlə yetiriblər. Qonşumuz Şuxaddin Abışovanın 3 övladının hər üçünü də- Etibar, Habil, Mobil işgəncələrlə öldürmüşdülər. Şuxəddin xala o hadisədən sonra özünü bir otağa həbs etdi və 20 ildən sonra elə o otaqda da öldü. Amma Telmanla qardaşı Fazilinin işgəncəylə öldürüldüyü, başlarının kəsildiyi deyilsə də,yaxınları indiyə kimi onların meyitini ala bilməyiblər. Camaatın çıxarılmasında xüsusi fəalıq göstərmiş Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun nəşini gördüm. İlahi o məscidin həyətində nələrə şahid olduq....
Nəhayət, Vasifin cəsədini 3 martda tapa bildik və Ağdam rayonunun Tərneft kəndində torpağa tapşırdıq.
-Köckünlüyün acıları ilə harda tanış oldunuz?-sualımı dərindən köks ötürəndən sonra cavabladı:” Əvvəl Naftalana, sonra Sabribada üz tutduq. Öhdəmdə iki azyaşlı körpə ilə cox cətin günlərdən, ağır imtahanlardan ecdim. Buna baxmayaraq, övladlarımın xatirinə mübarizə etmək, ayaqda qalmağa borclu idim. İl öncə ali təhsil almaq ücün 1996-cı ildə Bakı Dövlət Universitetinin qiyabi hüquq fakültəsinə daxil oldum.ondan iki il sonra Azərbaycan Respublikası Ədliyyə naziri Südabə Həsənovanın tapşırığı ilə Sabirabad rayon Notariat kontorunda məsləhətci vəzifəsinə təyin edildim. Elə orada yerləşən Güdəcühür köçkünlər qəsəbəsində evlə təmin olundum.Yenə də deyirəm , bütün əzab-əziyyətlərə baxmayaraq Vasifin yadigarlarını böyütməli idim və böyütdüm”.
- Bəs, Bakıya hansı səbəbdən gəldiniz?
-Böyük oğlum Bakıda, kiçik oğlum Mingəcevirdə ali məktəbə daxil oldular. Məcbur qalıb, mən də Bakıya köçməli oldum. 2007-ci ildə çox axtarıb arayandan sonra Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı Evtikmə Kombinatına məxsus İstirahət mərkəzindəki təkadamlıq evlərin birində yerləşdik. Elə indiyənə qədər də burda yaşayırıq. Oğlanlarımın əli çörəyə çatandan, maaş alandan sonra əlavə otaqlarda tikib onları evləndirdim. Hazırda 3 nəvəm var.
-Ürəyinizdə hansısa arzunuz qalıb?
- Bir ana kimi övladlarımdan çox razıyam, onları bütün çətinliklərə rəğmən ev-eşik sahibi etmişəm. Amma ən böyük arzum hələ ki ürəyimdədi. Vasifin və minlərlə şəhidimizin qanı töküldüyü o torpaqları murdar ermənilərin tapdağından xilas olduğu günü görmək nəini arzumdu, həmdə amalımdı, yaşamaq səbəbimdi.O torpaqlar azad olunan gün şəhidlərimizin qisası alınan gündür. Ailəlikcə ən böyük arzumuz ordumuzun qələbə bayrağını Şuşada, Laçında , Xocalıda dalğalanması- dır. Məncə, bütün Azərbaycan xalqı o günü ümidlə gözləyir.
- Ceyran xanım, kolletivimiz adından sizin və eyni zamanda xalqımızın Qələbə arzularının tezliklə reallaşmasınıi diləyirik!Müsahibəyə görə sağ olun!
Əntiqə Rəşid
Qaziler.az