1992-ci ilin 26 fevralı... gecə saat 2-3 radələri. Ağdama 17 və 59 şifrə ilə Xocalıdan imdad və kömək xəbəri gəlir.
Canpolad Bakıya xəbər verir, lakin onun yerində qalması əmri verilir. Ancaq o, dərhal ətrafında olan kiçik dəstə ilə Xocalıya gedir. Qaraqaya deyilən ərazidə ermənilərin üzərinə hücuma keçir.Döyüş zamanı Canpolad polis postunu atəşə tutur. Bu zaman xəbər gəlir ki, əsirləri Naxçıvanikdəki fermaya doldurublar və qapını da bağlayaraq od vurmaq istəyirlər. Canpolad dərhal ora gedir və məhz onun sayəsində onlarla xocalı sakini fermada diri-diri yandırılmaqdan xilas olur.
Soyuq qış gününün şaxtalı gecəsində müdafiə olunmaq üçün köməksiz əhali dağlara, dərələrə səpələnmişdi. Bir tərəfdən düşmən hücum edirdi, o biri tərəfdən də soyuqdan, sazaqdan donmaq təhlükəsi yaranmışdı. Onda adamların köməyə ehtiyacı vardı. O dəhşətli gecədə Canpolad yüzlərlə adama həyan oldu. İtkilərlə heç cür barışa bilmirdi. Böyük bir mahalın köməksiz, arxasız qalmasına görə çoxlarını qınayırdı. Dəfələrlə Bakıdan - paytaxtdan kömək istəsələr də, fəryadlarına çatan olmadı.
Xocalıdan çıxan 72 uşaq və qadını Canpolad xilas etmişdi. O, tankı ilə Əsgərana girərək, onları oradan götürmüşdü.
Həmin vaxt əsir götürülən Xocalı camaatının yanına BRDM və BTR gəlir. Ermənilər gənc oğlan və qızları BRDM-ə yığmağa başlayırlar. Canpolad tankla erməniləri atəşə tutur. 100-ə yaxın insanı xilas edən Canpolad görür ki, ermənilər qaçmağa başlayır. O, əsirlərin olduğu erməni BTR-nin ardınca sürür. İstəyir ki, erməni zirehli texnikasının qarşısını kəssin, əsirləri xilas etsin. Çünki atəş açsa, əsirləri də məhv edəcəkdi. Erməni BTR-i aradan çıxa bilməyəcəyini görüb Naxçıvanik tərəfə qayıdır. Canpolad yenə də ondan əl çəkmir. Ancaq qəfildən erməni texnikası atəş açır və Canpoladın BTR-i vurulur. Canpolad elə oradaca şəhid olur.
Xocalı sakinlərinin xilaskarı Ağdamda “Ala Yaqub” və “Qatır Məmməd” kimi tanınan komandir Yaqub Rzayevin övladı Canbulaq Rzayevdir. Ona Canpolad deyirdilər...
O Canpolad ki, Albert Aqarunov kimi canını Vətən uğrunda verib.
Ermənilər onun ölü ələ keçirilməsi üçün 50 min, sağ tutulması üçün isə 100 min dollar pul ayırmışdılar. Canpolad bütün bunlardan xəbərdar idi. Elə ona görə də bir qayda olaraq döyüşə yollananda sonuncu gülləni özünə saxlayırdı. Heyf bu cür oğuldan. Haqqında nə veriliş hazırlanır, nə də yada salınır...
Ruhun şad olsun, qardaş!
axar.az