Azərbaycanın Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anma mərasimi keçiriblər.
Qaziler.az bildirir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və hökumət nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, tələbələr, jurnalistlər iştirak ediblər.Əvvəl iştirakçılar foyedə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına həsr olunmuş kitab və fotosərgi tanışlıq olub.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu soyqırımın ağır nəticələri haqqında danışıb. Səfir deyib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini yer üzündən silib.
Səfir erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, ahıllara xüsusi amansızlıqla işgəncələr verildiyini, faciə nəticəsində yüzlərlə azərbaycanlının məhv edildiyini bildirib. Diplomat son zamanlar Azərbaycan dövləti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin haqq işinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Hüseyn Quliyev bu günə qədər dünyanın 16 dövlətinin, ABŞ-ın 24 ştatının, o cümlədən 53 islam dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıdığını vurğulayıb.
Sonra Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rekviyem keçirilib.
Bədii rəhbəri professor Firuzə Abduraximova olan rekviyemdə klassik Azərbaycan bəstəkarlarının əsərləri - Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, Vasif Adıgözəlovun, Asəf Zeynallının, özbək bəstəkarları Muxtar Əşrəfinin, Dani Zakirovun və digərlərinin əsərləri ifa olunub.
Beynəlxalq festivallar laureatı Səncər Kadirov “Ayrılıq”, “Darıxıram sənin üçün, Şuşam” əsərlərini ifa edib, soyqırım qurbanlarının əziz xatirəsi anılıb.