Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində "Srebrenitsa Anaları" İctimai Birliyinin rəhbəri və üzvləri ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə "Srebrenitsa anaları" ilə yanaşı, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocalı soyqırımında hər iki valideynini itirən "25-lər", ictimaiyyət nümayəndələri, jurnalistlər və digər qonaqlar iştirak edir.Srebrenitsa anaları Xocalı soyqırımının tanıdılmasında xalqımıza dəstəyini ifadə ediblər və bu facinənin dünya miqyasında tanıdılması üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
"Ötən il Bosniyada təqdimatı keçirilən Xocalı soyqırımına həsr edilmiş "Böyüməyən uşaqlar" kitabı "Srebranitsa anaları"nın diqqətini çəkib".
Bunu Qaçqın və məcburi köçkünlərin işi üzrə dövlət komitəsində keçirilən "Srebranitsa anaları" ilə görüşdə fikirlərini səsləndirərkən, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı söyləyib.
O qeyd edib ki, müəllifi olduğu kitabla tanış olan "Srebrenitsa anaları" "böyüməyən uşaqlar"ın arxasınca Azərbaycana gəliblər: "Mən Xocalı soyqırımının tanıdılmasında Azərbaycan xalqına dəstək olduqları üçün minnatdarlığımı bildirirəm. Xüsusilə, təşəkkür edirəm ki, "Srebranitsa anaları"nın bir gecədə hər iki valideynini itirən "25-lər"lə görüşməsinə şərait yaratdınız. Analar ahıl yaşlarında yorulmadan Azərbaycana gəlib, bizə dəstək oldular. Əminəm, onların Xocalı soyqırımı ilə bağlı çıxışları soyqırımın dünyaya tanıdılmasına dəstək olacaq".
Qeyd edək ki, "Srebrenitsa anaları" Srebrenitsa qətliamını bütün dünyaya qəbul etdiriblər.