Həmsədrlər yenə gəldilər-getdilər, “Qarabağ yükü” isə yerindədir

Həmsədrlər yenə gəldilər-getdilər, “Qarabağ yükü” isə yerindədir backend

Sülh prosesi təzədən dalana girir; nizamlama ilə bağlı ümidlər niyə doğrulmur?

Politoloq: “Ermənilərin ölkədən qaçışı kritik hal alıb, Azərbaycan bu tendensiyanı gücləndirmək siyasəti aparmalıdır...”

ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin regiona daha bir nəticəsiz səfəri başa çatdı. Azərbaycanda və Ermənistanda olan vasitəçi-diplomatlar ənənəyə uyğun olaraq, iki ölkənin rəhbərləri və xarici işlər nazirləri ilə görüşdülər. Və ənənəyə uyğun olaraq da heç bir yaddaqalan, sülh prosesinə təkan verə biləcək açıqlama, bəyanat və ya təklif vermədilər.

Budəfəki səfər Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Münhendə nəzərdə tutulan görüşünün, bütün ciddi gözləntilərə rəğmən, reallaşmamasından az sonraya təsadüf edir. Halbuki həmin görüşədək nazirlər iki dəfə - Milanda və Parisdə bir araya gələrək çoxsaatlıq müzakirə aparmış, hətta “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə razılığa gəlmişdilər. Həmsədrlər isə bu anlaşmanı alqışlayan bəyanat yaymışdılar. Bundan əlavə, Azərbaycan və Ermənistan rəhbərlərinin ilk rəsmi görüşünə hazırlıq getdiyi də yayılan ehtimallar sırasında idi.

Lakin üstündən çox keçməmiş Ermənistanın baş naziri Nikol Paşinyan sülhə kövrək ümidləri dəfn edən açıqlama verdi. Paşinyan bildirdi ki, İrəvan sülh əvəzinə torpaq variantını nəzərdən keçirmir. Onun sözlərindən belə qənaət hasil oldu ki, işğalçı tərəf torpaq qaytarmağa hazırlaşmır. İstisna deyil ki, bunu o, daxildə özünə qarşı təzyiqləri səngitmək və Rusiyanın təhdidi altında edib. Çünki son vaxtlar Qərbin, daha dəqiqi, ABŞ-ın Qarabağ məsələsində fəallaşması Moskvanı qane eləmirdi. O da maraqlıdır ki, Münhendə Məmmədyarov-Mnatsakanyan görüşü məhz erməni XİN başçısının Rusiya xarici işlər naziri Sergey Lavrovla təkbətək görüşündən sonra təxirə salınmışdı.

*****

Bəs baş verənlər fonunda bölgə səfərindən sonra həmsədrlərdən hansısa konstruktiv təşəbbüs gözləmək mümkündürmü?

Politoloq Rasim Ağayevə görə, hazırda Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün elə də əlverişli şərait yoxdur, ona görə ki, Ermənistandakı siyasi qüvvələr situasiyanı real qiymətləndirməyə və məsələdə sıçrayış etməyə hazır deyil. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli minval.az saytına müsahibəsində deyib.

“İndi məhz erməni tərəfi ciddi danışıqlar üçün təkan verməlidir. Ancaq bu ölkədə baş verənlər, orada səslənən fikirlər sübut edir ki, ermənilər bu təkana hazır deyillər. Dağlıq Qarabağ məsələsi orada siyasi qüvvələr üçün faktiki surətdə siyasi olimpdə özünütəsdiq üçün ”bilet" rolunu oynayır", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, erməni tərəfi özünü elə aparır ki, guya ciddi danışıqlara məhz Azərbaycan hazır deyil, məhz Bakı anlaşmaya gəlmək istəmir: “Ümumiyyətlə, əvvəllər deyirdilər ki, heç bir danışıqdan söhbət gedə bilməz, Qarabağ bizimdir, vəssalam. Amma indi yenə hansısa mikroskopik hərəkətlilik var”.

Rasim Ağayev hesab edir ki, mövcud vəziyyətdə Ermənistandakı sosial vəziyyət həlledici önəm daşıyır: “Ermənistan vətəndaşlarının ölkədən qaçışı artıq kritik xarakter alıb. Azərbaycanın siyasəti də bu tendensiyanı gücləndirməyə yönəlməlidir... Danışıqlarda Azərbaycanın mövqeyi Ermənistanla müqayisədə qat-qat güclüdür. O ayrı məsələ ki, Moskva özünün ”ikili oyunu"nu davam etdirir. Əgər Rusiyanın dəstəyi olmasaydı, zamanında hər şey ayrı cür olardı. Ancaq bu, ayrı mövzudur. Bunu ona görə xatırlatdım ki, məsələdə Kremlin yanaşması xüsusi əhəmiyyət kəsb edir. Lakin əsas odur ki, aparıcı güclər ermənilərə təsir eləməlidir. Əfsus ki, bunu görmürük və yaxın zamanda belə bir şeyə ümidlənməyə dəymir. Rusiya və Qərbə bu problem vasitəsilə və ermənilərin yazıq durumu nəzərə alınaraq, burada öz siyasətini aparmaq və mövqelərini möhkəmləndirmək sərf edir".

Ekspertə görə, həmsədrlər Azərbaycanın mövqeyinə zidd heç bir şey təklif edə bilməzlər. “Qoy onlar torpaqlarımızı işğal edən ermənilərə təzyiq eləsinlər. Qoy ermənilər bəyan eləsinlər ki, torpaqları azad eləməyə hazırdırlar və prosesi ölü nöqtədən çıxarmaq üçün addımlar atsınlar. Ancaq onlar bunu etmirlər, o səbəbə ki, öz mövqelərini saxlamaq istəyirlər. Qərbdə də yeni heç bir şey baş verməyib ki, vasitəçilərin mövqeyində dəyişiklikdən danışaq. Ermənilər öz ərazi iddialarında təkid edirlər, Qərb isə özünü elə aparır ki, sanki hər şey normaldır. Bu məntiqə söykənsək, onda erməniləri yol gətirmək üçün yeganə yolun hərbi güc olduğunu söyləyənlər haqlıdırlar”, - deyə politoloq sonda əlavə edib.

*****

Yaranmış durumda Azərbaycan və Ermənistan rəhbərləri arasında ilk rəsmi görüşün tezliklə reallaşacağından söz açmağa dəymir. Konfliktin həllində mühüm rıçaqlara malik Kremldən də bu yöndə hələ ki hərəkətlilik görünmür. Başqa yandan, görüş xətrinə görüş Bakıya lazım deyil. İndiyədək onlarla belə yüksək səviyyəli görüşlər keçirilib - özü də müstəsna olaraq, Rusiyanın vasitəçiliyi ilə. “Qarabağ yükü” isə hələ də köhnə yerindədir...

“İndiki vəziyyətdə Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində görüşə hazırlığın getdiyini iddia etmək çətindir. Çünki Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əvvəldən elan edilmiş görüşü baş tutmadı”. Bunu teleqraf.com-a politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, adətən, dövlət başçıları səviyyəsində görüşə hazırlığı tamamlamaq üçün xarici işlər nazirlərinin görüşləri təşkil edilir.

“Bundan başqa, dövlət başçılarının görüşməsi üçün konkret anlaşmaların əldə edilməsinə ehtiyac var. Amma mediada yayılan məlumatlara görə, ayaqüstü olsa da istər nazirlər, istərsə də dövlət rəhbərləri səviyyəsində baş tutan görüşlərdə konkret məsələlər üzrə danışıqların aparılması ilə bağlı anlaşmaların əldə edilməsi təsdiqlənməyib. Buna görə də Azərbaycan tərəfinin görüş xatirinə görüşə razılıq verəcəyinə inanmıram. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsi üzrə protokol xatirinə görüşlərə getmək niyyətində deyil”, - deyə o qeyd edib.

Dövlət rəhbərləri arasında növbəti görüşün ABŞ-da keçirilməsi ilə bağlı yayılmış iddiaya gəlincə, politoloq düşünür ki, bu, sırf informasiya olaraq dövriyyəyə buraxılıb. “Ancaq bu məlumatların ciddi əsaslara dayandığını düşünmürəm. Düzdür, ABŞ son zamanlarda Qarabağ məsələsinin həlli ilə bağlı fəallaşıb. Zaman-zaman ABŞ-dan Azərbaycan və Ermənistan rəhbərlərinə telefon zəngləri edilib. Əlbəttə, ABŞ-ın bu fəallığı Rusiya rəhbərliyini narahat etməyə bilməz” - ekspert bildirib.

Natiq Miri vurğulayıb ki, Rusiya heç bir halda Qarabağ prosesinin moderatorluğunun digər dövlətlərə keçməsini istəmir: “Buna görə də bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumat dövriyyəyə buraxıldı. Amma bu görüş baş tutmadı. Lavrov Münhendə təkcə Ermənistanın xarici işlər naziri Mnatsakanyanla görüşdü. Məsələ bununla bağlandı. Görüşün hansı səbəbdən baş tutmamasına da açıqlama verilmədi. Düşünürəm ki, bu, ortada hansısa anlaşılmazlığın olduğunu göstərdi. Ola bilsin, Azərbaycan tərəfi yaranmış vəziyyətdən razı deyil. Ümumiyyətlə, son proseslərlə bağlı məlumatlar gizli saxlanıldığı üçün proqnoz vermək çox çətindir. Buna görə də dövlət başçıları səviyyəsində ABŞ-da görüşün keçiriləcəyini iddia etmək çətindir”.

Beləcə, Qarabağ danışıqlarında növbəti qeyri-müəyyənlik mərhələsinin başladığını söyləmək olar. Bu isə müharibə riskinin artması deməkdir...
Diaspora