Paşinyanın “iki stul” siyasəti fiasko oldu; inqilabçı baş nazir İrana Amerikanın sərt xəbərdarlığı ilə gedir; erməni portalı: “Nikol Paşinyan özünün qurduğu tələyə düşdü...”
Vaşinqtonun Ermənistana qəzəbli olması haqda ötən sayımızda yazmışıq. Bu qəzəbin təzahürləri kimi qeyd eləmişik ki, bu günlərdə ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsi Suriyada fəaliyyət göstərən iki iranlı hüquqi şəxsə bu ölkəyə silah daşıdığı üçün sanksiya tətbiq edib və məlum olub ki, bunlar İran İslam Keşikçiləri korpusuna bağlı “Mahan Air” aviaşirkəti və həmin şirkətin Ermənistandakı satış üzrə baş agentliyi - “Flight Travel LLC” şirkətidir.Ardınca Vaşinqton Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Bildirilir ki, İrəvan bu səfərin üzərində çoxdandır işləyirmiş və xeyli səy göstəribmiş. Lakin Ermənistanın Rusiyaya sədaqət və mütilik göstəricisi kimi Suriyaya hərbi missiya göndərməsi işləri korlayıb. Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışsa da, bütün səylər boşa çıxıb.
Ötən həftə isə ABŞ Dövlət Departamenti Paşinyan hökumətinin Rusiyanın xahişi və himayəsi altında Suriyaya sapyorlar da daxil olmaqla, 83 nəfərlik erməni humanitar missiya göndərməsinə olduqca sərt reaksiya vermiş, rəsmi İrəvanı Moskva ilə birgə “zalım Əsəd rejiminə dəstəkdə” ittiham eləmişdi...
*****
ABŞ-ın bu xəbərdarlıqları və sanksiyaları xüsusilə də baş nazir Nikol Paşinyanın ABŞ-ın üç düşmənindən biri olan İrana səfərinə sayılı günlər qalmış işğalçı ölkədə narahatlıq yaradıb.
“Mnatsakanyanın ABŞ səfərinin təxirə salınması açıq səmada şimşək effekti yaratdı və Paşinyan hökumətinin xarici siyasətinin uğursuzluğunu ortaya qoydu”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport.com-un dünənki baş məqaləsində deyilir.
“Yeri gəlmişkən, Suriyaya ”erməni humanitar missiyası" göndərmək avantürası lap əvvəldən Ermənistanın həm siyasi dairələrində, həm də erməni cəmiyyətində diskussiya doğurmuşdu. Buna görə Paşinyanı təkcə Respublikaçılar Partiyası timsalında siyasi opponentlər yox, həm də mötədil müxalifət tənqid edirdi. Və haqqına. Çünki aydın idi ki, Rusiyanı “rahatlamağa” hesablanmış bu addım Qərbin, ilk növbədə də ABŞ-ın ürəyincə olmayacaq - hansı ki, Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir. Xüsusən də bizim indiki hökumət bilməmiş deyildi ki, bütün demokratik dünya Bəşər Əsədin getməsini tələb edir, onu qalmasına isə Rusiya və İran kimi avtoritar dövlətlər çalışır", - deyə məqalədə qeyd olunur.
Erməni portalı daha sonra yazır: “Aydın idi ki, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Rusiya təzyiqi qarşısında geri çəkilib ki, Rusiya siyasi elitasında anti-erməni ovqatını azaltsın. Bununla da o, Moskvaya göstərmək istəyib ki, İrəvan özünün əsas xarici siyasət vektorunu dəyişmək fikrində deyil. Hərçənd gəlin insaflı olaq: Suriya məsələsində Paşinyanın seçim imkanı var idi və o, Rusiya yönlü Sərksiyan rejimi kimi neytrallığı saxlaya bilərdi. Bu neytrallıq da qarşı duran iki tərəfi - Qərblə Rusiya və İranı qane edərdi. Həqiqətən də Suriyaya ”humanitar missiya" göndərmək bizim nəyimizə lazımdır əgər: birincisi, Suriyada faktiki, erməni icması qalmayıbsa, ikincisi, Suriya cəmiyyətinin böyük hissəsi Əsədə nifrət edir və ondan qurtulmaq istəyirsə. Üstəlik, bizim diplomatlar Ermənistanın yaxınlaşmaq istədiyi Qərb ölkələrinin Bəşərə qarşı olduqca neqativ münasibəti haqda yaxşı məlumatlıdırlar. Əfsus ki, Moskvanın şantajından və onun Qarabağ məsələsində Azərbaycanın xeyrinə mümkün mövqe dəyişikliyindən qorxan Paşinyan səksəndi və bütün Ermənistanda ağrılı şəkildə əks-səda verəcək strateji səhvə yol verdi".
Bu yerdə məqalədə Nikolun inqilab öncəsi verdiyi vədlər və müxalifətdə ikən səsləndirdiyi bəyanat və şüarlar yada salınıb: “Məgər Paşinyan deyildi hamıdan bərk qışqırıb deyən ki, daha müstəqil və ləyaqətli siyasət yürüdəcək? Yaxud məgər Paşinyan deyildi vəd verən ki, Avrasiya Birliyi və KTMT üzrə müttəfiqləri Ermənistana hörmət etməyə məcbur edəcək? Yenə o deyildimi bəyan edən ki, Sərkisyan rejimi Ermənistanı Rusiyanın forpostuna çevirib? O idi! Paşinyan isə əksər erməni politoloqların qeyd elədiyi kimi, özünün qurduğu tələyə düşdü. Öz şəxsi hədəfləri naminə öncə KTMT-nin baş katibi postunu itirdi və eyni səbəbdən hazırda qurumun bütün digər üzvləri ilə konfliktli durumdadır. Rusiyanın xoşuna gəlmək üçün amerikalıların rəğbətini itirdi. Yəni Suriyaya hərbçilər göndərməklə bir yandan Moskvanın yanında onsuz da ”məxməri inqilabla" sıfırlanmış etimadını bərpa edə bilmədisə, o biri yandan Vaşinqtonda ciddi narazılıq yaratdı. Halbuki Serj Sərkisyana hər cür neqativ münasibətdən asılı olmayaraq, o, həm Rusiyanın, həm də Qərbin inamını saxlaya bilmişdi. Paşinyana isə “iki stul”da oturmaq müyəssər olmadı".
Məqalə Nikol Paşinyana ünvanlı daha sərt sözlərlə bitir: “Əslinə qalsa, işi populizmi təbliğ eləmək olanlardan nə gözləyirik ki? Məgər Ermənistanda güzəran yaxşılaşıb ki, ondan adekvat xarici siyasət də gözləyək? Nə barədə ki, Paşinyan mitinqlərdə ağız dolusu vədlər verirdi. Əfsus ki, yox. Ancaq hətta sıravi insana da aydındır ki, Vaşinqtonun İrəvana ”qırmızı vərəqə"si - qırmızı xətdir, hansı xətti ki, bizim hakimiyyət düşünmədən adlayıb. ABŞ-ın belə bir aydın ismarışı qəmli nəticələr doğurmaya bilməz - nəyin qarşılığını ki, hamımız ödəməli olacağıq".
*****
Təhlili məqalədən də göründüyü kimi, Nikol Paşinyanın “iki stul” siyasəti artıq tam iflas olmuş sayıla bilər. Üstəlik, indi o, İrana Ağ Evin sərt xəbərdarlığı və “qırmızı vərəqə”si ilə gedir. Ola bilsin, Ermənistan XİN-in başçısı Z.Mnatsakanyan kimi, onun da Vaşinqtona yolu bağlansın...
“Yeni Müsavat”