Bu günlərdə Moskvada 30-dan çox ölkənin, o cümlədən Azərbaycan nümayəndələrinin iştirak etdiyi “Avrasiya gəncləri: Gələcəyi birlikdə quraq!” adlı beynəlxalq tələbə forumu keçirilir.
Axar.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti forumun elə ilk günündə siyasi həqiqətlərdən uzaq vəziyyətlə qarşılaşıb.Məsələ burasındadır ki, forum tərəfdaşlarından birinin saytında dərc olunan tədbirin press-relizində tədbirdə iştirak edən ölkələrin qeyd olunduğu xəritə yerləşdirilib. Bu xəritədə Dağlıq Qarabağ Azərbaycandan ayrı şəkildə göstərilib.
Nümayəndə heyətimizin üzvləri məsələyə dərhal reaksiya göstərərək tədbir təşkilatçılarına öz etirazını bildirib.
Azərbaycan nümayəndə heyətinin müraciətindən sonra bannerlər dəyişdirilib.
Sözügedən forumun təşkilatçısı kimi Rusiyanın “Şimal-Cənub” Politoloji Mərkəzi çıxış edib.
Tədbirin təşkilatçısı Anjelika Trapeznikova saytımıza bildirib ki, hadisə tədbirin rəsmi tərəfdaşlarından birinin saytının redaktorunun diqqətsizliyinin nəticəsidir. O, baş verən hadisədən məyus olduğunu qeyd edib:
“Lakin məsuliyyətlə bəyan edirəm ki, nə təşkilatçılar, nə də tərəfdaşlarımız azərbaycanlıların hisslərinə zərər vurmaq niyyətində olub. Baş verənlərlə bağlı “təxribat” termini tamamilə qəbuledilməzdir. Bu anlaşılmazlığın bizim azərbaycanlı dostlarımızın Moskvada maksimum faydalı və məmnun vaxt keçirməsinə mane olmayacağına ümid edirəm. 20 fevralda açılan forum tamamilə müsbət hədəflərə hesablanıb: MDB-nin hər tərəfindən olan gənclərə sosial əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi üçün qarşılıqlı fəaliyyət imkanları və meydanlarının yaradılması. Biz siyasətdən kənarıq”.
Forum fevralın 23-nə qədər davam edəcək.