Rusiya Prezidenti Vladimir Putin bundan sonra Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyünə maneə yaradacaq.
Axar.az xəbər verir ki, bunu “Liga.net” saytına müsahibəsində Polşanın eks-prezidenti Aleksandr Kvasnevski deyib.“Mən 2005-ci ilə qədər Putinlə çox danışmışam. Onun iki strateji hədəfi var. Birincisi, o, Rusiyanı dünya arenasında böyük oyunçu etmək istəyir. Buna artıq nail olub. İkinci məqsəd isə Rusiyanın keçmiş SSRİ-nin toplayıcısı statusuna nail olmasıdır”, – deyə o bildirib.
O, Kremlin dondurulmuş konfliktlər üçün “yaxşı mütəxəssis” olduğunu deyib. Kvasnevski Rusiyanın bunu Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstan və Ukraynada sübut etdiyini bildirib:
“Rusiya öz siyasətini belə konfliktlər əsasında qurur. Putinə sizin ölkəniz lazımdır ki, Rusiyanı böyük ölkəyə çevirsin. O başa düşür ki, Baltikyanı ölkələri bir daha görməyəcək, amma Ukraynaya görə mübarizə aparacaq. Ona görə də Moskvanın Ukrayna siyasətində hansısa dəyişikliklər gözləməyə dəyməz”.