Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər

Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər backend

Fevralın 14-ü Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.

Hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprel ayında ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar.

Şəhid pilotlarımızın xatirəsini xalqımız əziz tutur. Ermənistanın təcavüzü nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən vaxtilə didərgin düşmüş məcburi köçkünlər məhz onların və silahdaşlarının hünəri sayəsində doğma yurda qayıtmaq, burada dinc yaşamaq və işləmək imkanı qazanıblar.

Hərbi Hava Qüvvələri Günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin şanlı qəhrəmanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Hər üç pilotun ailələrinə məcburi köçkünlər adından minnətdarlıq bildirən əməkdaşlar onlara rəmzi xatirə hədiyyələri təqdim ediblər. Görüşlərdə belə bir fikir vurğulanıb ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad ediləcəyi, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdacağı gün uzaqda deyildir.

Hərbi Hava Qüvvələrinin vətənpərvər şəxsi heyətini əlamətdar bayram münasibətilə təbrik edirik!
Diaspora