Polkovnik-leytenant Eldəniz Hüseynov: “Həyətin ortasında 4 doğma insanın cəsədini görəndə...“

Polkovnik-leytenant Eldəniz Hüseynov: “Həyətin ortasında 4 doğma insanın cəsədini görəndə...“ backend

Kəndimiz-1994-cü il aprel ayının 26-da təcavüzkar Ermənistannın silahlı qüvvələri tərəfindən işğala məruz qalan Baş Qərvənd Ağdam rayonunda ən böyük kəndlərdən biri hesab olunurdu.

Kəndin sovetliyinə Baş Qərvənd, Şıxlar, Orta Qərvənd, Ayaq Qərvənd kəndləri daxil idi. O müharibə zamanında silaha sarılmayan, əsgər mundiri getinməyən az kişi tapılardı. Onlar da ya qocalar, ya da xəstəlikdən, əlillikdən əziyyət çəkənlər olardı. Təbii ki, bir də az yaşlı oğlan uşaqları. Amma onlarda müharibəyə etinasız qalmırdılar. Çiyni avtomatlı, xilaskar təbəssümlü o igidləri yamsılamağa çalışırdılar. Əllərinə keçən dəmirdən-taxtadan düzəldilmiş yalançı avtomatları ilə bir-birini hədəf ” alır, bir-birinə “atəş açır”, guya “düşmən" öldürürdülər.

Müharibə yenicə alovlanmağa başlayanda müsahibimin cəmi 14 yaşı vardı.Yalançı taxta “avtomat”ını bir tərəfə atıb, daha vacib işlərlə məşğul olmağın vacibliyini elə o vaxt anlayırdı. Özü demiş, uşaq vaxtından silahlara böyük həvəsi olub. Mümkün qədər silahlar haqqında məlumatlar toplayıb onları öyrənirdi. Amma nədənsə top, minaatan və raket sistemlərinə sevgisi həmin vaxtlar artmağa başladı.Elə ona görə də qarşısına məqsəd qoydu:”Mən artilleriyaçı olmalıyam!”

Deyəsən, müsahibimi tanıtmağı unutdum.Elə isə tanış olun: həmkəndlim, elimin qorxmaz oğlu, polkovnik-leytenant Eldəniz Hüseynov. Aprel döyüşləri iştirakçısı, "N" saylı hərbi hissənin keçmiş artilleriya rəisi, Eldəniz Zakir oğlu Hüseynov 1976-cı il martın 19-da Ağdam rayon Şıxlar kəndində anadan olub. Orta təhsilini doğma kəndində əla qiymətlərlə başa vurub. 1994-cü ildə Bakı Ali Birləşmiş Komandandirlər məktəbinə daxil olub. Orada yerüstü artilleriya ixtisası üzrə təhsil alıb. 1998-ci ildən 2017-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində qüsursuz xidmət aparıb. Hərbi hissənin artilleriya rəisi vəzifəsinə qədər yüksəlib. Silahlı Qüvvələrin ehtiyata buraxılmış polkovnik-leytenantıdır. Ailəlidir. 1 övladı var.

Niyə məhz hərbçi olmaq istədiniz?- sualımıza xeyli sükutdan sonra cavab verir:”Müharibə çox arzuları gözdə qoydu, çox istəklərin üstündən xətt çəkdi. Bəlkədə o dövrü yaşamasaydım, o müharibənin acılarını dadmasaydım daha sakit bir peşədə çalışardım. Amma müharibə izn vermədi. Hər gün kəndimizə tabutda gələn igidlərin, erməni mərmisindən parça-parça olan günahsız qadınların, qocaların, uşaqların qisasını almaq , sonra isə düşmən ordusunun talan etdiyi yurdumu həmkəndlilərimə qaytarmaq arzusu ilə hərbiçi olmağı seçdim..Bir haşiyə çıxım. Kəndimizdə bir polis vardı. Cəbhənin ən qızğın mövqelərində döyüşürdü, nə ermənidən , nə onların atdığı mərmilərdən qorxmazdı, çəkinməzdi. Döyüş yoldaşları deyirdi ki, səngərdə yeriyəndə də əyilməzdi. Amma bir gün ona təcili xəbər verdilər ki, evə getməlisən. Gəldi. Bütün kənd onların həyətinə yığılmışdı. Həyətin ortasında 4 cəsəd:polisin 3 yaşlı oğlu, xanımı, anası və bacısı, birdə erməni mərmisindən darmadağın olmuş evi...
O polisin həmin mənzərənin qarşısında necə çökdüyünü, necə feryad etdiyini görəndən sonra hərbçi olmaya bilməzdim. Qonşuluğumuzda Çingiz Mikayılov adında sakit-dinməz bir oğlan vardı. Elə boy-buxunu, iri cüssəsi də yox idi. Amma müharibəyə birinci gedənlərdən olmuşdu. Şəhid olanda onun tabutunu gətirən əsgərlərin hönkürtü ilə ağladıqlarının, ağlaya-ağlaya Çingizin qəhrəmanlıqlarından danışmasını hələ də unuda bilməmişəm. Çingiz silahdaşlarını erməni tankından xilas etmək üçün irəli atılır və şəhid olur. Həm Cingizin, Soltanın, Muradın, Elmanın, Nərimanın, Ələkbərin, həm də digər şəhidlərimizin qisasını almalıydım. Bu artıq mənim missiyam idı.”

Əslində Eldənizdən söz “qoparmaq” elədə asan deyil. Jurnalistlərdən qaçır, müsahibə verməyə çətinlik çəkir. Çunki ona elə gəlir ki, hələ də deyəcəyi söz var, hələ də edəcəyi əməllər zamanını gözləyir. Ona görə də, onun haqqında topladığımız məlumatları biz deyək. E. Hüseynov ilk hərbi rütbə- leytenant rütbəsini alan kimi öz ixtisası üzrə xidmətə başladı. Leytenant olmağına baxmayaraq, qarşısına qoyulan bütün öhtəlikləri layiqincə bacardığıma görə üç ay sonra bölük (batareya) komandiri təyin edildi. Bütün öyrəndiklərini həmişə tabeliyində olan şəxsi heyyətə öyrətməyə çalışıb.. Bax elə bu fərqliliyinə görə yüksək komandanlığın diqqət mərkəzində olurdu. Göstərdiyi qüsursuz xidmətə, hərbi hissənin ictimai-siyasi məsələlərində fəal iştirak etdiyi və birlik daxili yarışlarda qalib olduğu ücün dəfələrlə üst komandanlıq tərəfindən orden, fəxri fərmanlarla təltif edilirdi. Yadınızdadırmı, 2015-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin xaincəsinə növbəti dəfə basqını? Düşmən Ağdam istiqamətində yerləşən taboru toplardan və 120 mm-lik minaatanlardan atəşə tutmuşdu. Həmin atəş nəticəsində Ağdam rayonundan olan müddətdən artıq hərbi qulluqçu həlak olmuşdu. Bax onda cavab atəşini -bölmələrimiz arasında topdan ilk atəşi şəxsən komandir Eldəniz Hüseynov atmışdı. Atışmanın detallarından danışan artilleriyaçı bildirdi ki, heç zaman düşmənin başıboş artilleriyaçıları kimi nagümana atəş açmayıb:” Minaatan bölmələrimin atdığı bütün mərmilər demək olar ki, konkret hədəfə atılıb və ürəkaçan nəticələri ortaya çıxıb. Dəfələrlə düşmənin atəş mövqelərinə atdığım mərmilər düşmənin canlı qüvvəsini, hərbi texnikasını və artilleriya silahlarını məhv edib. Bu əməliyyatda Madagiz istiqamətində düşmənin cəmləşməsinin müşahidə olunduğu deyildi. Ərazinin koordinatlarını çıxarıb toplara atəş əmri verdim. Sərrast atış nəticəsində düşmən darmadağın oldu. Sonra məlum oldu ki, düşmənin Xüsusi Təyinatlı Qüvvələrinin taborları sertifikat alma mərasimi keçirirmiş. Top atəşimiz nəticəsində beşdən çox yüksək rütbəli zabitləri, iyirmidən artıq hərbi qulluqçuları (xüsusi təyinatlıları) məhv edildi, xeyli sayda yaralıları var. Düşmən bunu öz ictimaiyyətindən gizli tutmağa çalışsa da, əldə etdiyimiz kəşfiyyat məlumatlarında, həmçinin atışdan öncə ərazidə çəkiliş aparmağa göndərilən PUA-ların qeydlərindən düşmənin ağır itkiləri təsdiqlənirdi. Həmin hadisədən sonra isə top atışları mütamadi hal aldı. Bu, aprel döyüşlərinə qədər davam elədi... “

Nə yaxşı ki söhbətimiz hərlənib-fırlanıb Aprel Döyüşlərinə gəlib catdı. ! Söhbətləşdiyimiz müddətdə ilk dəfə polkovnik-leytenantın üzündə-gözlərində təbəssüm gördüm. Aprel döyüşləri deyəndə elə biz dünyanı komandirə bağışladın.Hiss olunurdu ki, bayaqdan cümllələri az qala birini bir saata söyləyən komandir vəchlə ordumuzun döyüş əzmindən və peşəkarlığından danışmağa başladı:” Aprel döyüşləri mənim qürur yerimdir. Erməni mifini sındıran, ordumuzu xalqımıza tanıdan qısamüddətli döyüş idi. Məlumat əldə etdik ki, düşmən mövqelərdə cəmləşmə aparır. Daha sonra təxribata əl atdılar. Biz də üst komandanlığın müvafiq tapşırığına uyğun olaraq cavab tədbirləri gördük. Döyüşlər zamanı cəbhənin Talış istiqamətində böyük bir qüvvəni idarə edirdik. Bir zabitə döyüş o zaman asan olur ki, onun tabeliyində olan şəxsi heyyət öz silahını yaxşı bilsin. Mən buna nail olmuşdum. Mənim canavarlarım silahlardan çox böyük ustalıqla istifadə edirdilər. Ona görə də biz döyüş tapşırığını layiqincə yerinə yetirdik. Düşməni ağır itkilərə məruz qoymağı bacardıq. Artilleriyada xidmət edən əsgərlərin heç biri beş gün istirahət eləmədən döyüşdülər. Mən döyüşlərdən sonra hər bir əsgərimlə şəxsən görüşüb onlara təşəkkür elədim. Axı, biz düşmənin Xüsusi Təyinatlı taborunun Talış kəndində cəmləşdiyi binanı vurduq. Digər düşmən xüsusi təyinatlılarının hücumunun qarşısın aldıq, onları ağır itkilərə məruz qoyduq və bir qərargahlarını dağıtdıq. Ümumilikdə o döyüşlərin özü nailiyyət idi...”

Polkovnik leytenant susur və yenə gözləri uzaqlara zillənib qalıb. Təbii ki, Aprel döyüşlərindən danışıb şəhidləri anmamaq imkansızdır. Bəlkə də o igidləri düşünərək söhbəti yarıda saxlamışdı.Amma gözlərindəki ümid işığı “Biz qalib gələcəyik, biz şəhidlərimizin qisasını alacağıq, biz işğal olunmuş torpaqlarımızda qələbə tonqalları yandıracağıq”- deyirdi.

Yolun acıq olsun, Eldəniz Hüseynov! Silahın güclü, düşmənin çarəsiz olsun cənab polkovnik-leytenant!

Əntiqə Rəşid
Qaziler.az
Diaspora