Kremlin Qarabağ gedişi

Kremlin Qarabağ gedişi backend

Problemi çözmək, yoxsa Qərbin təşəbbüskarlığını əngəlləmək istəyi...

Bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirinin daha bir görüşü planlaşdırılır. Bu dəfə iki ölkənin XİN rəhbərləri Almaniyanın Münhen şəhərində bir araya gələcəklər. Bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra reallaşacaq üçüncü yüksək səviyyəli təmas olacaq. Bundan əvvəl Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Fransanın paytaxtı Parisdə (yanvar) və İtaliyanın Milan şəhərində (dekabr, 2018) ATƏT-in Minsk Qrupunun iştirakı ilə bir araya gələrək, çoxsaatlı müzakirələr aparıblar. Sonuncu, 4 saatlıq Paris görüşündə isə tərəflər xalqları sülhə hazırlamağın zəruriliyi barədə razılığa gəliblər.

Maraqlıdır ki, Münhen görüşünə Rusiya XİN-in rəhbəri Sergey Lavrovun da qatılacağı məlum olub. Bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinqdə deyib. “Almaniyada keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür” - deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya xarici işlər naziri S.Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb və hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. “Görüşdən əvvəl sizə ətraflı məlumat verəcəyik” - bunu da o söyləyib.

*****

Rusiya tərəfinin Dağlıq Qarabağ məsələsində diplomatik fəallıq göstərməsi diqqət çəkməyə bilməz. Məsələ ondadır ki, son aylar Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli təmasların (prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında Davos görüşü və XİN başçıların son iki görüşünün) təşkilatçısı Qərbdir. İndi də Azərbaycan və Ermənistan rəhbərlərinin - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın növbəti, lakin rəsmi görüşü hazırlanır.

İstisna deyil ki, Qərbin Dağlıq Qarabağ məsələsində bu təşəbbüskarlığı Moskvada müəyyən qıcıq və qısqanclıq yaradıb və Kreml də nəsə eləmək qərarına gəlib. Hərçənd hamıya bəllidir ki, münaqişənin həlli üçün ən böyük imkan və rıçaqlar məhz Rusiyanın əlindədir - yetər ki, Moskva onları işə salsın. Bəs işə salacaqmı?

Azərbaycan üçün əlbəttə ki, fərqi yoxdur, Qarabağ məsələsinin həllində hansı dövlət fəallıq, moderatorluq edəcək. Əsas odur ki, 30 ildən çoxdur uzanan konflikt beynəlxalq hüquq normaları, BMT TŞ-nin Qarabağa dair 4 məlum qətnaməsi əsasında nizamlansın. Rusiya buna hazırdırmı?

Söyləmək çətindir. Hətta bir sıra analitiklər hesab edirlər ki, Moskvanın hazırkı fəallığı heç də xoş niyyətdən qaynaqlanmır, yəni konflikti həll eləmək istəyindən yox, Qərbin son təşəbbüslərini sıfırlamaq istəyindən irəli gəlir. Belə fikir də var ki, Rusiya və Ermənistanın bəzi KİV-lərində və ekspert dairələrində Azərbaycanla Ermənistan arasında son yüksək səviyyəli təmasların Nikol Paşinyanı “təslimçi sülhə” hazırlamaq məqsədi güddüyü haqda iddialar təsadüfən ortaya atılmayıb. Bununla Paşinyana qarşı süni etiraz dalğası başlatmaq və həm Putinin xoşlanmadığı Nikol Paşinyanın daxili dayaqlarını zəiflətmək, həm də Qarabağa dair Qərbin nail olduğu pozitiv dinamikanı gündəmdən çıxarmaq hədəfi güdülür. Yəni “bir güllə ilə iki dovşan vurmaq” məsələsi.

*****

Siyasi təhlilçilər bu ehtimalı istisna eləmirlər.

“Zaman-zaman bir dövlət sülh prosesini fəallaşdırır, bir başqa dövlət isə öz strateji maraqları naminə bunu əngəlləyir”. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli teleqraf.com-a bildirib. Politoloq Qarabağ münaqişəsi ilə bağlı təsadüfi prosesin ortaya çıxdığına inanmır: “Burada təsadüf yox, zərurət daha çox səciyyəvidir. Azərbaycan ərazilərinə təcavüz edilib, həmin bölgələrdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insanın haqları pozulub. İndi bu haqların bərpa edilməsi tarixi zərurətdir. Buna görə də münaqişənin həlli prosesinin gah səngiməsi, gah da fəallaşması müəyyən qanunauyğunluqlar üzrə baş verir”.

Konflikt ətrafındakı durumu şərh edən ekspert daha sonra deyib: “Ermənistan müstəqil dövlət deyil, həmişə özünə ağa axtarıb. Artıq axtardığı ağanı tapıb. İndi isə Ermənistanın bir yox, bir neçə ağası var. Bu ağalardan bir qismi də dünyada yeni düzənin formalaşmasını istəyir və buna görə də prosesə aktiv formada müdaxilə edir. ABŞ və Avropa dövlətlərinin bir qismini bura aid edirəm. Amma elə dövlətlər də var ki, həmişə imperiya ədaları ilə yaşayır. Onlar kiçik dövlətləri öz əsarətləri altına almağa çalışır”.

Söhbət təbii ki, Rusiyadan gedir. Politoloqa görə, işğalçı ölkədə hakimiyyət dəyişikliyi baş versə də, bu, oradakı ab-havaya müsbət təsir etməyib: “Köçəryan və Sərkisyan da işğalçılıqdan və qaniçənlikdən həzz alan rejimlər idi, demokrat pərdəsinə bürünmüş Paşinyan da elədir. Hətta Paşinyan millətçi baxışlarına görə sələflərindən daha irəlidədir. Paşinyan demək olar ki, Ermənistanın işğalçı olmasını qəbul etmir. O, Dağlıq Qarabağın vur-tut 2000-2500 silahlısı olan separatçı rejimin nəzarəti altında olduğunu iddia edir və qeyd edir ki, Ermənistan həmin separatçıların adından danışmaq hüququna malik deyil. Separatçı rejim yox, Ermənistan ordusu olsun, Rusiyanın dəstəyi olmadan Azərbaycanın bir rayonunu da işğal edə bilməzdi”.

Qabil Hüseynli Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olmasından qürur duyması və bunu media vasitəsilə gündəmdə saxlamasın da diqqət yönəldib: “Başqa vaxt bu avantürist adam Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul etmək istəmir. Bəs onda oğlunu bura göndərib hansı çirkin niyyətini göstərirsən? Bir müddət əvvəl başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri münaqişənin həlli prosesində aktivlik yaratmağa çalışdılar. Əlbəttə, onların da bu məsələdə strateji maraqları var. Bu baxımdan da Rusiyaya qarşı müəyyən tədbirlərin görülməsinin tərəfdarıdırlar. Çünki Rusiyanın xəstə ambisiyası onları da təhdid edir. Bu səbəbdən Qərb postsovet məkanındakı münaqişələri həll etmək, bununla da Rusiyanın ambisiyasını səngitmək istəyir. Amma Rusiya həmişə olduğu kimi, bu dəfə də müsbət prosesə dərhal müdaxilə etdi. Buna görə də bu prosesin tələsik ortaya çıxdığını, konkret nəticəyə hesablanmadığını və özünün münaqişənin həlli ilə ciddi-cəhdlə məşğul olacağını bildirdi. Bunları İrəvanda xarici işlər nazirinin müavini Karasin də dedi. Paşinyan isə indiyədək dediklərinə zidd olan davranışlar sərgiləyir. Bütün bunlar da danışıqlar prosesinə əngəl olmaq üçün sifariş edilib”.

İstənilən halda yaxın aylarda yeni reallıqlar fonunda Rusiyanın da, Qərbin də Dağlıq Qarabağ məsələsində gerçək hədəfləri üzə çıxacaq. Eləcə də rəsmi Bakının Paşinyan iqtidarı ilə danışıqlar aparmasına lüzum olub-olmadığı dəqiqləşəcək...
musavat.com
Diaspora