Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”

Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!” backend

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ötən həftə prezident İlham Əliyevin qarşısında çıxış edərkən deyib.

"Mən Qarabağı görmədən, atamın doğma eli Ağdamı görmədən böyüdüm. Amma həmişə vətənsizliyin, işğal altında olan torpaqlarımızın həsrətini kiçik ürəyimdə böyüdərək yaşadım. Atam hərbçi idi! Həm də adi hərbçi yox! Doğma elini itirmiş, anasını, yaxınlarını şəhid vermiş bir Qarabağ qazisi idi. Eyni zamanda səngər komandiri idi. Bizim ən xoş günlərimiz atamızla birgə əsgərlərin yanında keçən zamanlarımız oldu. Bu görüşlər bizim əyləncəmiz idi”.

Bu fikirləri şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ötən həftə prezident İlham Əliyevin qarşısında çıxış edərkən deyib.

Aqşin Oruclu ADA Universitetinin Biznesin təşkili və idarəedilməsi fakultəsində təhsil alır. Atası Raquf Orucov şəhid olanda Aqşin hələ məktəbli idi.

Modern.az saytı qəhrəman atanın oğlu ilə söhbət edib. Onun gənclik və vətənpərvərliklə bağlı təəssüratlarını öyrəndik:

“Şəhid övladı kimi Prezident İlham Əliyevin qarşısında çıxış edərkən həm həyəcanlı, həm də qürurlu idim. Cənab prezidentin və gənclərin qarşısında çıxış etmək məsuliyyətlidir. Şəhid ailələrinə, Qarabağ qazilərinə prezidentimizin göstərdiyi nəvaziş, diqqət, qayğı insanlarımıza olan ehtiramın nəticəsidir. Hər zaman şəhidlərimizin anılması qürurverici hissdir. Bu onu göstərir ki xalq öz şəhid övladlarını heç zaman unutmur və daim onların ailəsinin, övladlarının yanındadır”.

Aqşin Oruclunun sözlərinə görə, bu gün Azərbaycan gəncləri arasında milli ruhun yüksəldilməsinə səy göstərilir:

“Bu, dövlətimiz üçün də çox önəmlidir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqını öz torpaqları uğrunda ayağa qaldırdı. Xalq olaraq birləşə bildik. Bu çox önəmli faktordur. Xalq olaraq bir daha göstərdik ki, torpaqlarımızın azadlığı və suverenliyi bizim üçün vacib amillərdən biridir. Ona görə də bugünkü gəncliyimizin sabaha inamla addımlayacağına ümidlə baxıram. Prezidentin və gənclərin qarşısında çıxış edərkən bir daha Azərbaycan gəncliyinin mübarizliyinə əmin oldum. Boşuna deyilmir ki, Şəhidlər ölmür. Bir gənc olaraq demək istəyirəm ki, nə atam, nə də digər şəhidlərimiz ölüb. Onların hər biri bizik. Təbii ki, bir vətəndaş olaraq vətənə borcum var. Hər zaman sadiq olmaq və layiqli gənc kimi yetişmək! Vətən sağ olsun!”.
Diaspora